“Azərkosmos”un teleportu “TIER 4” uyğunluq sertifikatını yeniləyib

azerkosmosun-teleportu-tier-4-uygunluq-sertifikatini-yenileyib
Oxunma sayı: 717

“Azərkosmos”un teleportu “Dünya Teleport Assosiasiyası”nın (World Teleport Association - WTA) “Tier 4” uyğunluq sertifikatını yeniləyib.

“Qafqazinfo” xəbər verir ki, Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində yerləşən Bakı teleportu peyklərdən alınan siqnalların izlənməsi və nəzarəti xidmətlərini təqdim edir. Bununla yanaşı, teleport həm də hostinq, yəni qlobal şirkətlərə məxsus yerüstü stansiyanın quraşdırılması, istismarı, saxlanması kimi xidmətləri də həyata keçirir. Geniş əraziyə malik, hazırda 20-yə yaxın anten ilə fəaliyyət göstərən Bakı teleportunun unikal və əlverişli mövqeyi qlobal şirkətlərin biznes məqsədli infrastrukturlarını Azərbaycanda quraşdırmağa əsas verir.

Qeyd edək ki, WTA-nın “Teleport Sertifikatlaşdırma Proqramı” teleport operatorlarına öz əməliyyat və xidmətlərinin keyfiyyətini sənədləşdirmək üçün obyektiv, şəffaf və beynəlxalq səviyyədə qəbul edilmiş metod təqdim edir. Eyni zamanda müştərilərə mümkün olan ən yaxşı teleportları, xidmət təminatçılarını və strateji tərəfdaşları seçmək üçün bir vasitədir. Hazırda dünyanın 75-dən çox teleport operatoru “Tier 4” sertifikatına malikdir.

Xatırladaq ki, Azərkosmosun teleportu ilk dəfə 2020-ci ildə beynəlxalq “Tier 4” sertifikatına layiq görülüb. Bu o deməkdir ki, bu üç il ərzində Azərkosmosun teleport xidmətləri yüksək keyfiyyət və texnoloji baxımdan müasir tələblərə tam cavab verib. Bakı teleportunun “Tier 4” sertifikatını yeniləməsi müştərilərə göstərilən xidmətin keyfiyyət zəmanətidir. Sertifikatın yenilənməsi, həmçinin infrastruktur, avadanlıq və prosedurların beynəlxalq təşkilat tərəfindən audit olunması baxımından da dəyərli imkandır.