BAAU-da “Zamansız lider: Heydər Əliyev irsi” adlı tədbir keçirilib - Fotolar

baau-da-zamansiz-lider-heyder-eliyev-irsi-adli-tedbir-kecirilib
Oxunma sayı: 161

Bakı Avrasiya Universitetində (BAAU) Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Zamansız lider: Heydər Əliyev irsi” adlı tədbir təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdən əvvəl universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək önünə gül dəstələri düzüblər. Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad olunub.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, həmçinin ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən BAAU-nun rektoru, dosent Səyavuş Qasımov Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və müasir dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində həyata keçirdiyi mühüm və tarixi xidmətlərdən bəhs edib. Rektor bildirib ki, Ulu Öndərin siyasi fəaliyyəti Azərbaycanın müstəqilliyinin qorunması, ölkədə ictimai-siyasi sabitliyin təmin olunması və davamlı inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır.

Dosent Səyavuş Qasımov qeyd edib ki, Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf konsepsiyası nəticəsində Azərbaycan beynəlxalq müstəvidə etibarlı tərəfdaş və regionun aparıcı dövlətlərindən birinə çevrilib. Onun sözlərinə görə, Ümummilli Liderin elm və təhsil sahəsinə göstərdiyi xüsusi diqqət ölkənin intellektual potensialının formalaşmasında mühüm rol oynayıb, milli təhsil sisteminin inkişafına geniş imkanlar yaradıb.

Rektor çıxışında, həmçinin, Heydər Əliyev irsinin gənc nəslin vətənpərvərlik, milli-mənəvi dəyərlərə bağlılıq və dövlətçilik ənənələrinə sədaqət ruhunda formalaşdırılmasında mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Bildirilib ki, ali təhsil müəssisələrində keçirilən bu cür tədbirlər gənclərin tarixi yaddaşının möhkəmləndirilməsinə, milli ideologiyanın təbliğinə və dövlətçilik dəyərlərinin aşılanmasına mühüm töhfə verir.

Çıxışının sonunda Rektor vurğulayıb ki, Ümummilli Lideri Heydər Əliyevin zəngin siyasi irsi və dövlətçilik fəlsəfəsi Azərbaycanın gələcək inkişaf yolunda da əsas ideoloji dayaqlardan biri olaraq qalacaq.

Daha sonra BAAU-nun Elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova çıxış edərək Heydər Əliyev irsinin elmi və ideoloji aspektlərinə toxunub, gənc nəslin milli dəyərlər ruhunda yetişdirilməsində bu irsin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Tədbir çərçivəsində müxtəlif mövzularda məruzələr dinlənilib. AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Əliyеvşünaslıq şöbəsinin müdiri, professor Ədalət Qasımov “Heydər Əliyev: Xalqa sədaqətlə xidmət edən lider” mövzusunda çıxış edərək Ulu Öndərin dövlət idarəçiliyi sahəsində həyata keçirdiyi mühüm islahatlardan danışıb.

Universitetin Ümumi fənlər kafedrasının müdiri, dosent Sevil Bəhrəmova “Strateji liderlik və təhsil islahatları: Heydər Əliyev modeli” mövzusunda təqdimatla çıxış edib. O, çıxışında Heydər Əliyevin təhsil siyasətinin müasir Azərbaycan təhsil sisteminin inkişafında oynadığı rol haqqında ətraflı məlumat verib.

AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Əliyеvşünaslıq şöbəsinin aparıcı mütəxəssisi, dosent Leyla Hüseynova “Heydər Əliyev: Milli məfkurə fonunda Azərbaycan tarixi məsələləri” mövzusunda çıxış edib. O, çıxışında milli ideologiyanın formalaşması və tariximizin qorunub saxlanılması istiqamətində Ulu Öndərin fəaliyyəti diqqətə çatdırılıb.

Sosial və siyasi fənlər kafedrasının dosenti Sübhan Talıblı isə “Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan Respublikasının Yaxın və Orta Şərq diplomatiyası (1993–2003-cü illər)” mövzusunda çıxış edərək həmin dövrdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin gücləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib.

Sonda tədbirin iştirakçıları tərəfindən Ümummilli Lideri Heydər Əliyevin siyasi irsinin Azərbaycan dövlətçiliyinin inkişafında müstəsna rol oynadığı bir daha vurğulanıb və bu kimi tədbirlərin gənclərin vətənpərvərlik ruhunda formalaşmasına mühüm töhfə verdiyi qeyd olunub.