Adnan Süer: “O qədər də çətin deyil” – Müsahibə

adnan-suer-o-qeder-de-cetin-deyil-musahibe
Oxunma sayı: 792

Son günlər Azərbaycanda Kütləvi İnformasiya Vasitələrinin gündəmində ortaq türk televiziyası, ortaq türk dili ilə bağlı diskussiyalar aparılır. Ölkədə fəaliyyət göstərən bir neçə saytın da ortaq türk əlifbasına keçməsi bu məsələyə Türkiyə tərəfinin münasibətini öyrənməyi zəruri etdi. Bu səbəbdən də, TRT AVAZ telekanalının rəhbəri Adnan Süerlə ortaq türk televiziyası, ortaq türk dili və əlifbası mövzusunda bir müsahibə gerçəkləşdirdik. Adnan Süer 1986-cı ildən TRT televizyalar qrupunda çalışır. Həm radioda, həm televiziyada bir sıra populyar proqramlara müəlliflik edib. 2004 cü ildə TRT –nin musiqi və əyləncəli proqramlar müdiri olub. 2005-ci ildən Ankara televiziyası müdir müavini, sonra isə Ankara televizyasının müdiri vəzifələrində çalışıb. Uzun illər TRT-də göstərdiyi fəaliyyəti nəticəsində 2008-ci ildə TRT televizyalar qrupunun baş direktoru İbrahim Şahin onu TRT AVAZ qurmaq üçün təlimat və səlahiyyət verib. O gündən də Adnan bəy bu vəzifəni yerinə yetirir.

- Bu gün türk dünyasında ortaq türk əlifbası məsələsi ciddi müzakirə mövzusudur. Siz nə düşünürsünüz bu barədə?

- Hər şeydən öncə bunun bir ehtiyac olduğunu fikirləşirəm. Bu mövzu həm Türk Dünyası Qurultayında, həm də Türk Dilli Ölkələr Zirvələrində gündəmə gətirilmiş və gərəkli çalışmaların başladılması istənilib. Bu mövzuda elm adamları da zaman zaman müxtəlif çalışmalar həyata keçirib. Ümid edirəm ki, önümüzdəki günlərdə daha konkret addımlar atılar və ortaq bir əlifba formalaşar. Bu gerçəkləşdiyi halda Türk Dünyası bir-birini daha rahat anlayacaq. Ortaq mirasımızı və mədəniyyətimizi daha rahat oxumaq və tanımaq fürsəti əldə edəcəyik. Ləhcələrimizi daha sadə yolla öyrənəcəyik. Sevincimizi və kədərimizi başqa vasitələrə ehtiyac duymadan bir-birimizlə paylaşa biləcəyik.

- Ən qısa zamanda türk dövlətlərinin ortaq əlifba üçün qərar qəbul etməsi üçün nə etmək lazımdır?

- İlk növbədə ictimai liderlər bu işin öncüsü olmalıdır. Elm, mədəniyyət və sənət adamlarımız bu mövzuya daha çox həssasiyyət göstərməlidir. Əlbəttə ki, Kütləvi İnformasiya Vasitələri də bu mövzuda üzərlərinə düşən fəaliyyəti aparmalı, bu gündəmin yaranmasına öncülük etməlidirlər.

- Ortaq türkcənin süni yolla formalaşması, yoxsa mövcud türk dillərindən birinin əsas götürülməsi: hansı daha uyqun olardı?

- Bu gün dünyanın müxtəlif bölgələrində təxminən 300 milyon Türk yaşayır. Təəssüf ki, həm coğrafiya olaraq dağınıq bölgələrdə yaşamaqdan, həm də yüzillər boyu müxtəlif səbəblərlə əlaqələrinin qopması, olmaması, bir çox bölgədə soydaşlarımızın başqa dövlətlərin itaətində yaşamasından dolayı qopmalar yaşanmışdır. Eyni dildə danışmağımıza baxmayaraq zaman içərisində konuşulan dil, hər toplum üçün təsir altında qalması səbəbi ilə ləhcələr arasında fərq çoxalıb. Nəticədə bir-birimizi çətinliklə anlayan, hətta bəzi bölgələrlə tamamilə anlayamaz halə gəlmişik. Ortaq dilin ehtiyac yarandıqca formalaşacağını düşünürəm. Hər hansı bir bölgənin dili ortaq dilimiz olsun yerinə hər ləhcədən ortaq kəlmələrdən istifadə edərək, dilimizin köklərindən faydalanaraq ortaq bir dil formalaşdırmaq lazımdır. Bu məsələ dil alimlərinin ortaq razılığa gəldiyi və insanların da rahatca öyrənib, qəbul edəcəyi bir format olmalıdır. Mənim fikrim belədir.

- Türkiyədə çoxları belə düşünür ki, Türkiyə türkcəsi ortaq dil olsun. Bu zaman digər türk xalqlarının fikirləri diqqətə alınmır. Sizcə bu, nə qədər doğru yanaşmadır?

- Öncəki cavabımda söylədiyim kimi bu ortaq bir dil olacaqsa hər kəsin ortaq qəbulu ilə olmalıdır. Bir daha deyirəm bu mövzuda elm adamlarının ortaq baxışı və qərarı önəmlidir. Amma öncəliklə arzumuz hər kəsin ana dilini ən yüksək səviyyədə anlaması. Bundan sonrası asandır, biz zatən bir-birimizi başa düşərik. Bunun üçün göstəriləcək kiçik bir çalışma yetərlidir. Mən bütün qardaşlarımızın dilini çox rahat anlayıram və danışıram. Deməli o qədər də çətin deyil.

- TRT Avaz bu gün üzərinə götürdüyü missiyanı necə həyata keçirir?

- Biz kanal olaraq öncəliklə bir-birindən uzaq qalmış, həsrət çəkmiş və üzülərək deyirəm bir az da bir-birindən qoparılmış Böyük Türk Dünyasının qaynaşmasına, uzaq qalmış kütlələr arasında ünsiyyətin qurulmasına çalışırıq. Heç birini önə çəkmədən, hamısına eyni gözlə baxaraq və eyni həssasiyəti göstərərək hər bölgəni tanıtmağa cəhd edirik. Hazırladığımız proqramlarla tarixi və mədəni dəyərləri, günlük həyatı, musiqini, xalq oyunlarını, turizmi və sair bu kimi sahələri işıqlandırır və Türk Dünyasının ortaq mədəniyyətinə bir qatqımız olsun istəyirik. Sevincliyik, çünki bütün ölkələrdəki məsləkdaşlarımızla birlikdə bu işin öncüllüyünü reallaşdırırıq. Apardığımız araşdırmalar və gördüyümüz münasibətlər baxanda kanalımızın Türk Dünyasında çox qəbul olunduğunu, mənimsənildiyini görürük. Təbii ki, bunu söylərkən hər şeyi elədik, bununla da bitdi demirik. Əlbəttə əksiklərimiz var, amma zaman içərisində qarşılıqlı dəstəklə daha yüksək səviyyəli işlər həyata keçirməyə çalışacağıq.

- Başqa bir ortaq türk televiziyasına ehtiyac varmı?

- Hər çalışma bu işə bir kömək deməkdir. Ancaq qurulmuş mövcud bir kanal var və biz istərik ki, öncəlikə əməyimizi və imkanlarımızı bölməyək. Bütün Türk Dünyası AVAZ kanalında özünə yer versin, məqsədimiz də zatən budur. TRT televiziyalar qrupunun baş direktoru İbrahim Şahin başda olmaqla hamımız AVAZ kanalını sadəcə TRT nin bir kanalı olaraq deyil, bütün Türk Dünyasının ortaq kanalı və ortaq səsi olaraq görürük. Və bu kanalda söyləyəcək sözü olan hər kəsə qapımız açıqdır. Biz Azərbaycan, Qırğızıstan və Türkmənistanla ortaq canlı proqramlar hazırlayırıq. Ayrıca Qazaxıstan və Özbəkistan TV-ləri ilə də ortaq proqramlarımız var. Biz deyirik ki, TRT AVAZ-da yayınlanacaq proqramları biz deyil, hər ölkənin TV-ləri özləri hazırlasın, biz də yayınlayaq.

- Ortaq türk dili və ortaq türk televiziyaları bu gün türk dünyasına nələri qazandıra bilər?

- Ortaq dil və ortaq televiziya hər şeydən öncə Türk Dünyasının ortaq ictimaiyyətini formalaşdıracaq. Bir-birimizi daha yaxşı tanımamızı və anlamamıza səbəb olacaq. Türk Dünyasının hər mövzuda birlikdə hərəkət etməsinə, dayanışmasına öz töhfəsini verəcək. Hər bir bölgədə bir çox dərdlərimizdən çox zaman xəbərimiz belə olmur. Ortaq televiziya xəbərləşməni də bir anlmada təmin edəcək. Qısaca söyləmək gərəkirsə bir-birimizin dərdi ilə dərdlənib, sevinci ilə sevinməmizə səbəb olacaq.

Söhbətləşdi: Aynur İmranova