“Bahalaşmaya qlobal iqtisadiyyatdakı proseslərin nəticəsi kimi baxmaq lazımdır”

bahalasmaya-qlobal-iqtisadiyyatdaki-proseslerin-neticesi-kimi-baxmaq-lazimdir
Oxunma sayı: 1101

“Azərbaycanda ərzaq məhsullarının bahalaşması prosesinə qlobal iqtisadiyyatda gedən proseslərin məntiqi nəticəsi kimi baxmaq lazımdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Report”a açıqlamasında iqtisadçı-ekspert Amal Həsənli deyib.

Onun sözlərinə görə, ötən il hökümət tərəfindən makroiqtisadi sabtiliyin təmin olunması istiqamətində görülən kompleks tədbirlərə baxmayaraq dünya iqtisadiyyatında cərəyan edən təlatümlərin təsirlərindən tam şəkildə qorunmaq mümkün olmadı.

“Ötən ilin nəticələrinə görə, ölkəmizdə orta illik inflyasiya 6,7 % həddində qərarlaşıb. İnflyasiyanın illik səviyyəsi isə 12 % olub. Xüsusilə ərzaq məhsulları 8,1 % bahalaşıb. Dünyanın aparıcı iqtisadiyyatlarında ən yaxşı halda oxşar proseslər gedib. Bəzi ölkələrdə inflyasiya səviyyəsi 30-40 ilin maksimumlarını təzələyib. Ölkəmizdə vəziyyətin nisbətən yaxşı olması ilk növbədə hökümətin milli iqtisadiyyata qlobal təsirlərin minimuma endirilməsi istiqamətində atdığı addımların nəticəsi oldu. Belə ki, daxili bazarda satılan un və un məmulatlarının hər tonu üçün subsidiya məbləği artırıldı. Buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi 2024-cü ilə kimi ilədək uzadıldı.

Nəhayət iri taxıl istehsalçılarının maliyyə vəsaitlərinə əlçatanlığını artırmaq üçün onlara Mərkəzi Bankın vəsaitləri hesabına çox aşağı faizlərlə kreditlərin ayrılması təmin olundu. Nəzərə almaq lazımdır ki, hər zaman yaranmış situasiyadan öz möhtəkir məqsədləri üçün istifadə etmək istəyənlər olub və olacaqdır. Bu tip hallardan maksimal dərəcədə sığortalanmaq üçün dövlət inzibatı alətlərini işə salmalı oldu. Ölkə üzrə unun satışı, çörəyin çəkisinin və qiymətinin gündəlik rejimdə monitorinqinə başlanıb, nəzarət tədbirləri daha da gücləndirib”, - deyə A. Həsənli bildirib.

Ekspert diqqətə çatdırıb ki, ərzaq məsullarının qlobal miqyasda bahalaşmasının fundamental səbəbləri aradan qaldırılmayıb. “Bu, bahalaşma prosesinin hələ bir müddət qalıcı olacağını deməyə əsas verir. Belə ki, 2022-ci ildə buğda, qarğıdalı, düyü, soya və digər kənd təsərrüfatı məhsullarının qiymətinin necə olacağına təsir edəcək bir sıra səbəblər var. Bunlardan ilk olanı və ən az proqnozlaşdırıla biləni havadır. O, aqrar sektor üçün ən az təxmin edilən olub. Son illərdə isə iqlim dəyişiklikləri ilə əlaqədar olaraq ekstremal hava şəraitinin intensivliyi və gücü xeyli artıb. Ötən ildə bu mənada istisna təşkil etməyib. 2021-ci ildə dünyanın bir çox regionunda quraqlıq, şaxta, leysan kimi ekstremal hava şəraiti müşahidə edilib. Bütün bunlar məhsuldarlığa ciddi şəkildə təsir etdi. Ona görə bu faktor hər zaman bazara volatillik gətirəcək. Taxıl bazarında qiymətlər ilk növbədə əsas-ixracatçı ölkələrdə hansı həcmdə məhsul yığılacağından asılı olaraq formalaşacaq.

İkinci mühüm faktor inflyasiyadır. Pandemiya başlayandan bu yana bütün ölkələr onun fəsadları ilə mübarizə aparırlar, o cümlədən iqtisadiyyata əlavə yatırımlar edirlər. Uçot dərəcələrinin düşməsi, əlavə emissiyalar bütün bu faktorlar inflyasiyanın artmasına gətirib çıxarıb. Son aylarda yanacaq, elektrik enerjisi və gübrələr kəskin bahalaşıb. Bu aqrar məhsulların qiymətlərinin sonrakı artımını stimullaşdıracaq.

Nəhayət pandemiya müxtəlif yüklərin vaxtında çatdırılmasında çoxsaylı problemlər yaratdı. Əksər ölkə sərhədlərini bağladı. Bundan başqa bir çox ölkə ərzaq ehtiyatı yaratmağa başladı ki, bu da bazarda çatışmazlığın yaranmasına gətirib çıxardı. İxacatçı ölkələr daxili bazarı qorumaq üçün ərzaq ixracını məhdudlaşdırdılar. Bu da qiymət artımına səbəb oldu. Məsələn 2021-ci ildə qarğıdalı və buğda 20 % bahalaşıb. Yəni sadalanan səbəblər aktuallığını saxlayır, bu da ən azı yaxın perspektivdə bahalaşmanın davam edəcəyini deməyə imkan verir”.