Mayın 29-da Bakıda baş tutacaq Avropa Liqası finalına artıq sayılı günlər qalıb.
“Qafqazinfo” xəbər verir ki, paytaxtımızda keçirilən qitənin ən nüfuzlu 2-ci klub turnirinin həlledici oyunu böyük yarışlar sırasında ön yerlərdən birini tutur.
Artıq Bakıda oyuna hazırlıqlar son mərhələyə gəlib. İstər Bakı Olimpiya Stadionu ilə bağlı işlər, istərsə də texniki məsələlər tamamlanmaq üzərədir.
Ən böyük məsuliyyət isə məhz matçın baş tutacağı stadionla bağlıdır. Biz də bunu nəzərə alıb BOS-a üz tutduq.
İlk gördüyümüz mənzərə isə müasir texnologiyalarla bağlı idi. Ot örtüyünün yanmaması üçün ultrabənövşəyi şüalar yaradan qurğular artıq meydançada qurulub. Həm AL finalı, həm AÇ-2020-nin 4 oyununa hazırlaşan ölkəmizin ən böyük arenası istifadəyə tamamilə hazırdır.
UEFA nümayəndələri artıq meydançalara baxış da keçirib. Yəni bütün məsələlərin öz həllini tapdığını demək olar.
Media üçün nəzərdə tutulan tribunaların sayının çoxaldılması xüsusilə diqqət çəkir. Müxtəlif ölkələrdən jurnalistlərin gələcəyini nəzərə alsaq, burada xeyli sayda yeni masaların quraşdırılacağını da deyə bilərik. Bütün masalar isə xüsusi olaraq BOS üçün Almaniyada hazırlanıb.
Digər maraqlı məqam ehtiyat oyunçular skamyasının aşağı endirilməsi ilə bağlıdır. Təxminən 1 metr endirilən skamyanın bu vəziyyətə gətirilməsinə səbəb tribunalarda ilk sıralarda oturanlara mane olmamaqdır.
Finalda nə dronlarla, nə də ki, helikopterlə çəkiliş olmayacaq. Buna səbəb isə UEFA-nın dronlardan istifadəyə qadağa qoyması və helikopterin əvvəlcədən nəzərdə tutulmamasıdır.
Stadion ətrafında Tofiq Bəhramovun anım guşəsi yaradılacaq. Təşkilatçılar bunu ingilis fanatların mərhum hakimimizə sevgisindən dolayı edəcəklərini deyirlər. Əgər hər iki klub London təmsilçisi olsa, böyük ehtimalla ziyarətçilərin sayına görə həmin hissə guşələrdən ən diqqətçəkəni olacaq. (Tofiq Bəhramov 1966-cı il dünya çempionatının finalında İngiltərə - Almaniya oyununda birincilərin xeyrinə qərar verərək mübahisəli anda hər şeyi öz üzərinə götürüb. Nəticədə britaniyalılar mundiallar tarixində ilk dəfə qızıl medallara sahib çıxıblar).
Oyundan bir gün öncəki mətbuat konfransı və komandaların məşqində də yenilik gözlənilir. Belə ki, komandaların məşqlərinin təkcə ilk 15 dəqiqəsi deyil, sona qədər mediaya açıq olacaq. İlk mətbuat konfransı saat 17:00-da, ikinci mətbuat konfransı isə 19:00-da nəzərdə tutulub.
Matçdan bir gün sonra finalçı komandaların azarkeşləri arasında futbol oyunu da təşkil ediləcək.
Elsevər
Fotolar-Video: Pərvin Zeynal










Son xəbərlər
Son Xəbərlər