MİDA adından saxta müqavilələr hazırlayanlar ifşa edildi - KMBİ-dən əməliyyat - Video

mida-adindan-saxta-muqavileler-hazirlayanlar-ifsa-edildi
Oxunma sayı: 1225

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Güzəştli mənzil” informasiya sisteminə qanunsuz müdaxilə edilməsi niyyəti və vətəndaşların aldadılması yolu ilə pul vəsaitlərinin ələ keçirilməsi faktları ilə bağlı əməliyyat-texniki tədbirlər həyata keçirilib.

“Qafqazinfo” nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, qeyd edilən qanunsuz əməlləri törətməkdə təqsirli bilinən 33 yaşlı Günay Lətifova və 43 yaşlı Şükufə Mirzəyeva müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər müxtəlif süni intellekt proqramlarından istifadə etməklə güzəştli mənzillərin növbədənkənar əldə edilməsini təşkil edə biləcəkləri barədə vətəndaşlarda həqiqətə uyğun olmayan təsəvvür yaradaraq MİDA-nın adından saxta elektron alqı-satqı və ipoteka müqavilələri hazırlayıblar. Daha sonra həmin saxta sənədləri 1000–9000 manat arasında dəyişən məbləğlər müqabilində vətəndaşlara təqdim edərək onların pul vəsaitlərini ələ keçiriblər.

Tədbirlər zamanı Ş.Mirzəyevanın yaşadığı mənzilə baxış keçirilərkən MİDA-nın adından hazırlanmış 472 ədəd saxta güzəştli mənzil alqı-satqısı və ipoteka müqaviləsi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. G.Lətifova və Ş.Mirzəyeva təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda saxlanılan şəxslərin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşların müəyyən edilməsi, dəymiş maddi ziyanın ümumi məbləğinin hesablanması, həmçinin cinayət işi üzrə bütün halların araşdırılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyi və Mənzil İnşaatı Dövlət Agentliyi vətəndaşlara müraciət edərək bildirir ki, güzəştli mənzillərin əldə edilməsi ilə bağlı yalnız rəsmi elektron xidmətlərdən istifadə etsinlər, növbədənkənar mənzil satışı, eləcə də prosesə kənar müdaxilə etməklə üstünlük yaradılması barədə vədlərə inanmasınlar.

Vətəndaşlara bu kimi şübhəli təkliflərlə qarşılaşdıqları halda dərhal polisə məlumat vermələri tövsiyə olunur.