Bakıda 9 yaşlı şagird qızılcadan öldü - Yenilənib

bakida-9-yasli-sagird-qizilcadan-oldu
Oxunma sayı: 7009

Bakı şəhər Qaradağ rayonunda yerləşən 195 saylı orta məktəbin 4-cü sinif şagirdi, 9 yaşlı Rinat qızılca xəstəliyi səbəbindən dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məktəbin direktoru Laçın Hüseynli öz sosial şəbəkə hesabında məlumat verib.

Direktor, həmçinin məktəb üçün tibb işçisi tələb etdiklərini, lakin aidiyyəti qurumların bu məsələni həll etmədiklərini bildirib: “Artıq bir övladımızı qızılca xəstəliyinə görə itirdik. Çox təəssüf. Ölkədə tibb sahəsində kadr çatışmazlığı varmı? Artıq iki ildir ki, məktəb üçün tibb bacısı tələb edirik. 3 növbəli məktəbin bir nəfər də olsun həkimi yoxdur. Son 5 gündə isə 200-dən çox yoluxma var”.

Qeyd edək ki, artıq bir müddətdir Azərbaycanda qızılca xəstəliyinə kütləvi yoluxma halları müşahidə olunur. Ötən həftə bu xəstəlik səbəbindən Kürdəmir rayonunda 4 yaşlı Rüfət Qəribli vəfat etmişdi.

***

TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci km ünvanından bu gün saat 04:26 radələrində çağırış daxil olub.

Təcili və təxirəsalınmaz tibbi yardım briqadaları tərəfindən ünvanda 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb.

Qeyd edək ki, şəxsin ölüm səbəbini tibbi ekspertiza, pataloji anatomik müayinə və təşrihdən sonra müəyyənləşdirmək mümkündür.