Bakıda nazirlərin üçtərəfli görüşü keçirildi - Fotolar - Yenilənib

bakida-nazirlerin-ucterefli-gorusu-kecirildi
Oxunma sayı: 2100

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Azərbaycan, Türkiyə və Gürcüstanın XİN rəhbərləri Ceyhun Bayramov, Hakan Fidan və İliya Darçiaşvili iştirak edib.

Görüşdən sonra birgə mətbuat konfransının keçiriləcəyi planlaşdırılır.

***

“Bizim əməkdaşlığımız regionda təhlükəsizliyin və sabitliyin təmin olunması baxımından böyük rola malikdir. Azərbaycan, Gürcüstan və Türkiyə etibarlı tərəfdaşlardır”.

Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının 9-cu üçtərəfli görüşündə deyib.

Nazir əlavə edib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü bərpa etməsi nəticəsində son illər regionda tarixi dəyişikliklər baş verib. Bölgədəki yeni reallıq regionun bütün potensialının istifadəsi üçün yeni perspektivlər vəd edir.

***

Azərbaycan XİN nazirlərin 9-cu üçtərəfli görüşü barədə məlumat yayıb:

“Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov tədbirdə açılış nitqi ilə çıxış edib. C.Bayramov təməlində tarixi qonşuluq və dostluq əlaqələri dayanan Azərbaycan, Gürcüstan və Türkiyə arasında mövcud regional əməkdaşlığın beynəlxalq hüququn ərazi bütövlüyü və suverenlik kimi təməl prinsiplərinə əsaslandığını diqqətə çatdırıb. 

Bu istiqamətdə 3 ölkə arasında mövcud yüksək səviyyəli dialoqun, parlamentlərarası, habelə müxtəlif dövlət qurumları arasında əlaqələrin regional və beynəlxalq platformalar çərçivəsində əməkdaşlığa töhfə verdiyi qeyd olunub. 

Azərbaycan, Gürcüstan və Türkiyə arasında iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, kənd təsərrüfatı, su resurslarının səmərəli idarəçiliyi, yüksək texnologiyalar, turizm, humanitar və s. istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin mövcudluğu məmnunluqla qeyd edilib. 

Bölgənin alternativ enerji, habelə nəqliyyat-kommunikasiya potensialını nəzərə alaraq, Xəzər və Qara dəniz hövzələrini birləşdirən uğurlu enerji layihələrinin bağlantılar və yaşıl enerji sahələrində təşəbbüslərlə davam etdirilməsinin vacibliyi vurğulanıb. 

Nazir postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, minatəmizləmə fəaliyyəti, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyi barədə ətraflı məlumat verib. 

Azərbaycan torpaqlarının Ermənistan işğalından azad olunması, habelə bütün ərazilərimizdə suverenliyimizin tam bərpasından sonra bölgədə sülh üçün tarixi imkanın yarandığını diqqətə çatdıran C.Bayramov, bu istiqamətdə beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanı revanşist ritorikaya təşviq edən addımlardan çəkinilməsinin, habelə normallaşma prosesi çərçivəsində birbaşa ikitərəfli danışıqların dəstəkləməsinin əhəmiyyətini vurğulayıb. 

Görüşdə 3 ölkə arasında mövcud çoxşaxəli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, regional əməkdaşlığın perspektivləri və digər ikitərəfli və çoxtərəfli məsələlər müzakirə olunub. 

Sonda üçtərəfli görüşün yekunlarına dair Bakı Bəyannaməsi imzalanıb, habelə təşkil olunmuş mətbuat konfransı çərçivəsində nazirlər bəyanatlarla çıxış ediblər”.