Bu gün Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Yeni Şəhər Gündəliyi üzrə nazirlər iclasının yekun bəyanatı səsləndirilib.
“Qafqazinfo” xəbər verir ki, bəyanatı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev səsləndirib.
O bildirib ki, təqdim olunan bəyanatlar bir sıra çağırışların qlobal xarakter daşıdığını göstərib.
“Bu çağırışlar sırasında infrastrukturun inkişafı, mənzil təminatı və əsas xidmətlərin əlçatanlığı xüsusi yer tutur. Mənzil problemi artıq yalnız aşağıgəlirli təbəqəni deyil, orta təbəqəni, gəncləri, qeyri-rəsmi çalışanları, miqrantları, məcburi köçkünləri və digər həssas qrupları da əhatə edən geniş yayılmış məsələyə çevrilib.
Qeyri-formal yaşayış məntəqələri, zəif xidmət infrastrukturu, fəlakət riskləri, məlumat boşluqları və qeyri-bərabər inkişaf əsas problemlər sırasındadır. Mənzil məsələsinə yalnız yaşayış sahəsi kimi deyil, torpaq idarəçiliyi, infrastruktur, nəqliyyat, ictimai xidmətlər, iqlim tədbirləri və yerli iqtisadi inkişafla əlaqəli şəkildə yanaşılmalıdır.
Sessiyada kiçik və orta şəhərlərin inkişafı, şəhər-kənd əlaqələrinin gücləndirilməsi və balanslı regional inkişaf məsələləri də müzakirə olunub. Eyni zamanda, münaqişə və müharibələrin şəhərlərə, infrastruktura və əhaliyə təsiri, bunun yaratdığı humanitar çağırışlar diqqətə çatdırılıb”, - o qeyd edib.
Anar Quliyev əlavə edib ki, münaqişədən sonrakı bərpa və yenidənqurma prosesləri də əsas müzakirə mövzularından biri olub.
“Bu baxımdan, Azərbaycanın müharibədən sonrakı yenidənqurma və bərpa işləri iştirakçılar tərəfindən diqqətəlayiq nümunə kimi qiymətləndirilib və bir sıra nümayəndələr bu sahədə Azərbaycanla əməkdaşlığa hazır olduqlarını bildiriblər. Ümumdünya Şəhərsalma Forumunun gündəliyinin icrası təxirəsalınmaz və strateji xarakter daşıyır. Bu istiqamətdə atılan addımlar dəyişməz prioritetlər əsasında həyata keçirilir”.
Anar Quliyev vurğulayıb ki, forum çərçivəsində müzakirə olunan əsas məqamlar Bakı Bəyannaməsində və yekun sənədlərdə öz əksini tapacaq. Eyni zamanda, əlçatan və münasib qiymətli mənzil təminatının genişləndirilməsi istiqamətində konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, əsas məqsəd şəhərlərin və yaşayış məskənlərinin inklüziv, təhlükəsiz, dayanıqlı və davamlı inkişafını təmin etməkdir. Bu hədəflərə çatmaq üçün 2030-cu ilədək müəyyən olunmuş prioritetlərin icrası vacib hesab olunur.
Lamiyə Məmmədova
Son xəbərlər
Son Xəbərlər