Bakıda uçqun olan binada 4 nəfər xəsarət alıb - Yenilənib + Fotolar

bakida-ucqun-olan-binada-4-nefer-xesaret-alib
Oxunma sayı: 13476

Bakının Keşlə qəsəbəsində tikilməkdə olan bina çöküb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə inşa olunan binalardan birində baş verib.

Dağıntı altında qalanların olduğu ehtimal edilir.

***

“Qafqazinfo”nun əməkdaşları hazırda hadisə yerindədirlər.

Tikintidə çalışan şəxslərin verdiyi məlumata görə, uçqun baş verən tikili yaşayış binası yox, şirkətin satış ofisi üçün nəzərdə tutulan iki mərtəbəli obyektdir. Tikilinin eyvan hissəsi çöküb. Xəsarət alan və ölən yoxdur.

Təhlükəsizliyi təmin etmək üçün əraziyə polis əməkdaşları cəlb olunub.

***

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində "City Garden" şirkətinin tikilməkdə olan binalarının biri çöküb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsinin əməkdaşları tərəfindən hazırda hadisə yerinin müayinəsi həyata keçirilir.

İlkin məlumata görə hadisə zamanı bir neçə şəxs xəsarət alıb. Yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcək.

***

“Kristal Abşeron" şirkətindən "Qafqazinfo"ya verilən açıqlamada qeyd olunub ki, Nərimanov rayonunda inşa olunan “City Garden Nərimanov” yaşayış kompleksi haqqında Kütləvi İnformasiya Vasitələrində inşası davam edən yaşayış binasının uçması ilə bağlı yayılan məlumatlar tam əsassızdır: "Belə ki, qeyd edilən ərazidə inşa edilməkdə olan texniki təyinatlı qeyri-yaşayış binasında sonradan layihə üzrə köklü dəyişikliklər edildiyi üçün yığılmış beton qəliblərinin sökülmə prosesi başladılıb. Sökülmə zamanı podratçı şirkətin işçilərindən 1 nəfər yüngül xəsarət alıb.

Texniki binanın yerləşdiyi yer xəritədə göstərilib:

**

Baş Prokurorluqdan "Qafqazinfo"ya bildirilib ki, söküntü işlərinin aparılması zamanı şirkətdə əmək müqaviləsi əsasında işləyən və həmin işlərə cəlb edilmiş 4 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib. Onlara ambulator tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır, hadisə yerinə baxış keçirilib və xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə məhkəmə-tibb ekspertizaları təyin edilib. İctimaiyyətə əlavə məlumat veriləcək.

Amin Nəzərli

Fotolar: Müzəffər İsmayılov