1912-ci il aprelin 15-də təxminən 1500 nəfərin həlak olduğu “Titanik” gəmisinin sərnişinlərinə məxsus əşyalar İngiltərənin Uiltşir qraflığının Devayzes şəhərində yerləşən “Henry Aldridge & Son” hərrac evində rekord məbləğlərə alıcı tapıb.
“Qafqazinfo” xəbər verir ki, 100-dən çox eksponatın çıxarıldığı hərracda ümumi satış məbləği 1 milyon funt-sterlinqi ötüb.
Hərracın ən bahalı lotu qəzada həlak olan üçüncü sinif sərnişini, 32 yaşlı irlandiyalı Meri Manqanın meyitinin üzərindən tapılan qızıl cib saatı olub - 250 min funt sterlinq. ABŞ-yə köçən və 1912-ci ilin əvvəlində ailəsini ziyarət etmək üçün İrlandiyaya qayıdan Manqanın meyitindən götürülən bu saat vaxtilə ailəsinə təhvil verilmişdi. Hərrac evinin məlumatına görə, bu, indiyədək üçüncü sinif sərnişininə aid zinət əşyaları arasında satılan ən bahalı nümunədir.
İkinci ən yüksək məbləğə - komissiya haqqı daxil 150 min funt-sterlinqə (xalis satış 140 min funt-sterlinq) faciədən sağ çıxan məşhur sərnişin Ledi Daff Qordonun təkqaşlı brilyant nişan üzüyü satılıb. Gəmi ilə birlikdə batmayan yeganə dəyərli zinət əşyası olan və ailədə “Titanik üzüyü” adlandırılan bu yadigar 80 min funt-sterlinqə qədər satılacağı gözlənilsə də, proqnozları xeyli üstələyərək “Titanik”dən qalan zinət əşyaları arasında rekord qırıb. Birbaşa varisi tərəfindən satışa çıxarılan üzük vaxtilə Ledi Daff Qordonun nəvəsi, Britaniya Lordlar Palatasının üzvü və alim, 3-cü Halsberi qrafı Cona miras qalmış, onun ölümündən sonra isə ailədə qorunmuşdu.
Tarixi məlumatlara görə, Ledi Daff Qordon həyat yoldaşı Ser Kosmo və katibəsi Laura Meybel Frankatelli ilə birlikdə gəmi batarkən 1 nömrəli xilasedici qayıqla xilas olub. 40 nəfər üçün nəzərdə tutulan qayıqda suya endirilərkən cəmi 12 nəfər (onlardan 7-si heyət üzvü) yerləşmişdi. Sağ qalanları xilas edən “RMS Carpathia” gəmisində Ser Kosmo “White Star Line” şirkətinin maaş ödənişini dayandırması səbəbindən qayığın heyətindəki kişilərin hər birinə 5 funt-sterlinq məbləğində çek verib. Bu addım cütlüyün qayığın batacağından qorxduqları üçün suya düşən insanları xilas etməyə geri qayıtmamaları müqabilində heyətə rüşvət verməsi barədə şayiələrə səbəb olmuşdu.
Birinci sinif sərnişini Ramon Artaqaveytia Qomezin meyitinin üzərindən tapılan və suda ləkələnmiş məktub 80 min funt-sterlinqə alıcı tapıb. “Titanik” blankında ispan dilində yazılmış həmin məktubda gəminin rənglərindən və temperaturundan tutmuş yeməkxanadakı sərnişinlərin sayına qədər müxtəlif detallar təsvir olunub.
Bundan başqa, 1912-ci il aprelin 10-da gəmi Sauthemptondan yola düşərkən ikinci sinif sərnişini, qəzada həlak olan 18 yaşlı Uilyam Dibdenin anası Eliza Dibdenə gəmiyə baxmağa icazə verən bilet və oğlunun 1908-ci ilə aid dini sertifikatı birlikdə 40 min funt-sterlinqə satılıb. Hərracda gəmiyə aid digər nadir bilet 45,5 min funt sterlinqə, sığorta sertifikatı isə 27 min funt sterlinqə yeni sahiblərinə təhvil verilib. Gəmi batarkən təcili yardım çağırışları göndərən və faciədə həlak olan 25 yaşlı baş radiooperator Cek Filipsin fəlakətdən dörd gün əvvəl - Sauthempton limanında olarkən bacısı Elsiyə yazdığı açıqca isə 32 min funt-sterlinqə satılıb.
Hərrac evinin nümayəndəsi Endryu Oldric dünyanın hər yerindən alıcıların qatıldığı satışlardakı qiymətlərin “Titanik” hekayəsinə olan davamlı marağın göstəricisi olduğunu vurğulayıb.






