Biləsuvardakı Hindquşu festivalından - Fotolar

bilesuvardaki-hindqusu-festivalindan
Oxunma sayı: 327

Biləsuvarda ənənəvi olaraq təşkil edilən “Hindquşu – Mətbəx Festivalı” bu il də geniş proqram və zəngin təqdimatlarla yadda qalıb.

“Qafqazinfo” xəbər verir ki, Biləsuvar şəhər Mərkəzi Parkında keçirilən VI “Hindquşu – Mətbəx Festivalı” Biləsuvar Rayon İcra Hakimiyyətinin, Kənd Təsərrüfatı və Mədəniyyət nazirliklərinin regional idarələrinin, Gənclər və İdman Nazirliyinin müvafiq qurumlarının, Dövlət Turizm Agentliyinin və Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə reallaşdırılıb.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, fermerlər, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar, tanınmış aşpazlar, media təmsilçiləri, yerli sakinlər və xarici qonaqlar iştirak ediblər.

Festivalın açılışında Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və Milli Məclisin deputatları Bəhruz Məhərrəmov və Günay Ağamalı çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.

Çıxışlarda bu cür festivalların regionun turizm potensialının tanıdılması, milli adət-ənənələrin və mədəni irsin qorunaraq təbliğ edilməsi, quşçuluğun inkişafının təşviqi, eləcə də Biləsuvarın iqtisadi imkanlarının təqdim olunması və yerli sahibkarlığın dəstəklənməsi baxımından əhəmiyyəti vurğulanıb.

Festivalın diqqətçəkən məqamlarından biri hindquşu ətindən hazırlanan müxtəlif milli yeməklərin təqdimatı olub. Kulinariya müsabiqəsində iştirakçılar bacarıqlarını nümayiş etdirib, yüksək keyfiyyətli təamlar hazırlayanlar mükafatlandırılıb. Çin və özbək mətbəxinin nümunələri, eləcə də amerikan üslubunda hazırlanmış hindquşu ləvəngisi qonaqların marağına səbəb olub.

Tədbir çərçivəsində yerli kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilib. İştirakçılar kənd həyatını əks etdirən xüsusi guşə ilə tanış olub, milli-mənəvi dəyərləri və qədim adət-ənənələri yaşadan toy mərasimlərinin təqdimatını izləyiblər. Festivalın proqramı idman yarışları, əyləncəli tədbirlər və mədəni təqdimatlarla da zəngin olub. Darts, nərd, tir atıcılığı, oxatma və kəndirdartma yarışları keçirilib. Kəndirbazlar və pəhləvanlar öz məharətlərini nümayiş etdiriblər.

Bununla yanaşı, rəsm əsərləri, Basqal şirniyyatları, kəlağayılar, sənətkarların əl işləri və həsirçilik nümunələrindən ibarət sərgilər təşkil olunub. Cənub bölgəsinin ekoturizm imkanlarını əks etdirən fotosərgi də iştirakçıların diqqətini çəkib.

Tədbir boyunca milli və xarici musiqi nümunələri səsləndirilib, rəqs kollektivlərinin çıxışları festivalın bayram əhval-ruhiyyəsini artırıb.

Qeyd edək ki, 2021-ci ildən təşkil olunan “Hindquşu – Mətbəx Festivalı” artıq Biləsuvarda ənənəvi xarakter alıb. Festivalın əsas məqsədi quşçuluğun inkişafına dəstək vermək, yerli istehsal və sahibkarlığı təşviq etmək, milli mətbəximizi tanıtmaq, eləcə də Biləsuvarın turizm potensialını geniş auditoriyaya təqdim etməkdir.

Surxay Şahbazov