Vyetnamda Bakı izləri - Azərbaycan guşəsi açıldı

vyetnamda-baki-izleri
Oxunma sayı: 122

Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb. Layihə Kollecin azərbaycanlı tərəfdaşları ilə davamlı və məqsədyönlü əməkdaşlıq çərçivəsində ərsəyə gəlib.

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak edib.

Bakı guşəsində Şirvanşahlar Sarayının təsvirləri, Qız qalasının maketi, İçərişəhərin, Heydər Əliyev Mərkəzinin, “Alov Qüllələri”nin, Bakı buxtasının təsvirləri yer alıb. Kulinariya zonası isə Azərbaycan mətbəxinin təbliğinə xidmət edəcək. Burada Kollecin tələbələri üçün Azərbaycan mətbəxinə dair təlimlər də təşkil olunacaq.

Tədbirdə çıxış edən Kollecin rektoru Trin Tri Tu Ha bildirib ki, xalqlarımız arasında dostluğun təməli Vyetnam Prezidenti Ho Şi Minin Bakıya, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin isə Vyetnama səfərləri ilə qoyulub. Müstəqillik dövründə iki ölkə arasında əlaqələr bütün sahələrdə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Qeyd olunub ki, Hanoy Ticarət və Turizm Kolleci öz növbəsində xalqlararası dostluğa töhfə vermək üçün müxtəlif layihələr həyata keçirir.

Rektor ötən ilin aprelində Leyla Əliyevanın Kollecin kollektivi və vaxtilə Azərbaycanda təhsil alan vyetnamlılar ilə görüşünü, Heydər Əliyev Fondunun bu təhsil ocağına dəstəyini məmnunluqla xatırladıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan mədəniyyətinə göstərilən diqqətə görə Kollecin rəhbərliyinə minnətdarlığını bildirib. O, təhsil ocağında Bakı guşəsinin və Azərbaycan kulinariya zonasının açılmasının Kollecin tələbələri və Hanoy sakinlərinin Azərbaycanı daha yaxından tanımasına töhfələr verəcəyinə əminliyini ifadə edib. Leyla Əliyeva belə bir tədbirin Azərbaycan Prezidentinin Vyetnama rəsmi səfəri günlərində keçirildiyinin xüsusi rəmzi məna daşıdığını deyib. Heydər Əliyev Fondunun təhsil və sosialyönümlü layihələrinin Vyetnamı da əhatə etdiyi diqqətə çatdırılıb.

Tədbirdə incəsənət ustaları Azərbaycan-Vyetnam dostluğuna həsr olunan mahnılar, Vyetnam dilində “Arşın mal alan” musiqili komediyasından parçalar və yeni bəstələnmiş “Azərbaycan-Vyetnam” mahnısını ifa ediblər.