Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizin bütün guşələrində və xüsusi olaraq paytaxt Bakı şəhərində yeni yaşıllıqlar, meşə massivləri, istirahər parkları və bağlar salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir. Bu istiqamətdə Bakının və Abşeron yarımadasının təbii landşaftının yaşıllıq zolaqları, meşə-parklarla zənginləşdirilməsinə, paytaxtın yaşıllıqlar şəhərinə çevrilməsinə çox böyük önəm verilir.
"Qafqazinfo" xəbər verir ki, bu işlər çərçivəsində cari ilin fevral ayının 1-də Bakının Yasamal rayonunda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilən meşə tipli park yaşıllıqsalma layihələrinin uğurla davam etdiyinin göstəricisidir. Dörd hektar ərazini əhatə edən parkın sahəsinin 70 faizi meşə zonasından ibarətdir.
Ərazi yüksək səviyyəli infrastruktur əsasında abadlaşdırılıb. Yeni park həm də şəhərin sosial-ekoloji vəziyyətinin yaxşılaşması baxımından əhəmiyyətlidir. Park şərti olaraq bir neçə zonaya bölünüb.
Qeyd edək ki, həyata keçirilən bu layihə sosial xarakter daşıyır və onun məqsədi paytaxtda aparılan abadlıq-quruculuq işlərinə töhfə verməkdir. Bundan başqa, layihənin özəlliyini artıran daha bir mühüm məqam ərazidə meşə tipli yeni parkın salınmasıdır.