Bakıdakı “dodaqböyütmə” və botoks sirləri- - Reportaj

bakidaki-dodaqboyutme-ve-botoks-sirleri-
Oxunma sayı: 12046


Qadınlarımızın çoxu gözəlləşmək üçün əldən-ayaqdan gedirlər. Əlbəttə bu normaldır və lazımdır. Saçını, başını, görünüşünü nəzarətdə saxlamaq, baxımlı olmaq kimi xüsusiyyətlər yaxşı haldır. Amma elə qadınlarımız var ki, özünə baxmaq, qulluq etmək deyərkən, özlərini elə bir abıra qoyurlar ki, adamın gülməyi gəlir. Güya məşhur aktrisalara bənzəmək, onların görkəmini əldə etməyə çalışırlar, nəticə rüsvayçılıq olur. Küçəyə çıxmaq belə çətinləşir, çünki gözəgirən silikon hamının diqqətini cəlb edir. Belələrinə “bunun yiyəsi yoxdur”, “özünü nə günə qoyub”, “elə bilir qəşəngdi” kimi ehyamlı mesajlar da verirlər. Dodaqlarına silikondan elə “zırrayırlar” ki, cəlbedici olmaq əvəzinə “ördək”, “balıq” simasını xatırladırlar. Hələ bu ən yaxşı bənzətmədir. İndi şəhərdə standart görünüşlü- qaşı tatuaj, dodağı şiş, yanağı botokslu, saçı qaynaqlı qadınlara tez-tez rast gəlirik. Qadınlarımız gözəlləşmək istəyərkən özlərini niyə bu kökə qoyublar? 

“Qafqazinfo” qadınların belə eybəcər hala düşmə səbəblərini araşdırıb. Silikon, botoks, dispot, restilayn və bu kimi geniş yayılmış sözlər və prosedurların gerçəyi nədir?

İlk silikon protez “Esmiraldo” adlı itə qoyulub

Artıq illərdir, dünya plastik cərrahiyyəsi tibbi silikon dediyimiz maddələrdən istifadə edir. Silikonların keyfiyyəti, yerləşdirmə metodlarında ilbəil yeniliklər meydana gəlir. Dünyanın aparıcı ölkələrində bu sahədə bir elə problemlər ortaya çıxmır. Çünki bu işi mütəxəsislər həyata keçirirlər. Ümumiyyətlə, plastik cərahiyyənin ilk işləri eramızdan əvvələ gedib çıxır. Təxminən 3 min əvvəl Qədim Misirdə xüsusi bacarıqlı insanlar varmış ki, onlar dovşandodağın “düzəldilməsi”, əzilmiş burunun yenidən bərpasını həyata keçirirmişlər.

Hindistanda da Suşita adlı həkim ilk plastik burun əməliyyatını edib . O qopmuş burunu yenidən üzə birləşdirməyi bacarıb. Əldə olunmuş qədim mənbələrdə bu əməliyyatlar haqqında məlumatlar bunu sübut edir. VII əsrdə İsgəndəriyyədə həkim Paulos isə süd vəzisinin kiçildilməsi əməliyyatını (indiki liposaksiyaya bənzər) həyata keçirib. Avropada isə italiyalı həkim Qaspar ilk dəfə qopmuş burunu yenidən üzə birləşdirmək əməliyyatını uğurla yerinə yetirib. 1850-ci ildə Vincens adlı həkim isə insan bədəninin başqa yerindəki piy vəzilərini sinəyə yerləşdirməklə ilk sinə böyüdülməsi əməliyyatını həyata keçirib. Ötən əsrin ortalarında ilk sinə protezi deyilən silikondan istifadəni isə amerikalı cərrah reallaşdırıb. O, “Esmiraldo” adlı itinin sinəsinə silikon protez yerləşdirib. Sonralar elə ABŞ-da maye silikon implantlar meydana gəlib. 1961-ci ildən belə silikonlar geniş istifadə olunmasına baxmayaraq, fədasların da artmasına yol açıb.

Bu səbəbdən 1990-cı ildə plastik cərrahların birgə rəyi əsasında maye silikonların istifadəsinin aradan çıxarılmasına qərar verilib. Buna baxmayaraq, belə silikon ucuz başa gəldiyindən istifadəsi dayanmayıb. Hazırda dünyada kütlə geli xatırladan silikonlardan geniş istifadə olunur. Dodaqların böyüdülməsi üçün istifadə olunan gellər də müxtəlifdir. Məsələ ondadır ki, ABŞ , Fransa kimi aparıcı ölkələrdə insan bədəninin inyeksiya yolu ilə silikonlaşdırılması qanunla qadağan edilsə də, bu proses surətlə inkişaf etdirilir. Sözün əsl mənasında silikonlaşdırma, plastik cərrahiyyənin günümüzdə uğurlu və gözəl nümunələrini görmək mümkündü. Bu işi mütəxəsisə həvalə etmək isə məsələnin başqa tərəfidir.

Qadınlarımızın çirkin silikonlaşmasına səbəb naşı “əməliyyatçı”lardır

Qeyd olunan məsələnin kökündə yenə təcrübə, bilik dayanır. Bir neçə qadın salonuna baş çəkəndə görürsən ki, həqiqətən də silikonlaşdırma proseduru dəb halından da çıxıb. Adi salonda işləyən qadınlar belə istifadə etdiyi dərmanların kimyasını, tərkibini bilmədən bu işi həyata keçirirlər. Hətta kosmetologiya ilə əlaqəsi olmayan xanımlar belə dodaqböyütmə kimi qəliz işlə qazanc əldə edirlər. Belə salonlara daxil olub bu prosedurun qiyməti ilə maraqlandım. Qiymətlər 50-150 manat arasında dəyişir. Bu istifadə olunan gellərin qiyməti və təminat məsələsi ilə əlaqədardır. Hətta inanırsız ki, Türkiyədən belə preparatları gətirən xanımlar özləri bu prosedurla məşğul olurlar. Başqasının əlinə, işinə baxmaqla insan bədəninə müdaxilə etməyə səy göstərirlər. Nəticə isə hamımızın gördüyü biyabırçı görünüş olur. Həmin naşı qadınlardan bir neçəsindən silikon haqqında məlumat soruşursan, yalnız gellərin adlarını əzbər bilirlər. Özünü peşəkar kosmetoloq-cərrah hesab edən Aydan xanım silikon baradə məlumat verir. “ İndi dəbdi deyə, hətta ev xanımları üzlərində yenilik etmək istəyirlər. Amma bunu çox halda naşı adamlara etibar edirlər. Silikon dodaqları əldə edərkən müştərinin istəyi yox, kosmetoloqun, cərrahın məsləhəti nəzərə alınmalıdır. Bir də görürsən üzünün cizgiləri balaca olan xanım 2 qram gel vurulmasını istəyir. Bu çox gülüncdür. Sifətin paraporsiyaları nəzərə alınmalıdır. İstifadə olunan gellər demək olar ki, dodağa yeridildikdən sonra allergiya yaratmır. Amma doğru, aramla iynə vurulmadıqda çox çirkin görünüş alınır. Gellər iki cür olur. Daimi və müvəqqəti. Əslində dodağın böyüdülməsi bir əməliyyat hesab olunmalıdır. Hətta çox vaxt belə əməliyyat kiçik anesteziya yolu ilə aparılır. Bədənin başqa yerindən çıxarılmış yağ, piy yığ da dodağa yerləşdirilə bilər. Bunu peşəkar cərrahlar edirlər. Salon şəraətində isə biz kosmetoloqlar yalnız korreksiya ilə məşğul ola bilərik. Yuviderm”, “Reviderm”, “Perlayn” kimi gellər sıx istifadə olunanlardır. Xanımlarımıza məsləhət görərdim ki, yersiz dodaqböyütmə, botoksdan istifadə, tatuaj etdirmə kimi əməliyyatlardan qaçsınlar. Buna ehtiyac varsa, məsləhətləşsinlər. İndi o qədər fırıldaqçı, pul, qazanc üçün qadınların normal üzünü pis vəziyyətə salanlar peyda olub ki.”

Botoks etdirəndə ehtiyatlı olun!

Qadınlar botoks adlı məşhur cavanlaşma əməliyyatından da istifadə edirlər. Bu proseduru da mütəxəsis, təcrübəli plastik cərrah həyata keçirmədikdə bərbad görüntülər ortaya çıxır. Botoks əməliyyatları da ötən əsrdə meydana gəlib. Botoks çoxunun bildiyi kimi ilan zəhəri deyil. Bu bildiyimiz botulizm xəstəliyinin toksinidir. Botulizm isə sinir sistemini iflic edən bir xəstəlikdir. Bəs botoks niyə istifadə olunur? Botoks əvvəllər tibbdə tərləmənin və miqrenin müalicəsində istifadə olunurmuş. Sonralar xüsusən qadınların üz hissəsində mimik əzələlərin sərtləşməsində tətbiq olundu. Belə ki, qadınlarda gözkənarı (qazayağı deyilən), ağız kənarı, burun ətrafı hissələrdə qırışlar daha tez meydana gəlir. Bu səbəbdən bu qırışların açılması və həmin hissənin sərtləşdirilməsi proseduru keçirilir. Nəticədə üzdə cavanlaşma gedir. Amma proses doğru və cərrah tərəfindən aparılarsa nəticə effekt verir. Məsələ ondadır ki, botoks etdirən xanımlarda üz ifadəsiz olur. Yəni xanım istədiyi kim qəş edib gülə bilmir, gülüşü ifadəsizləşir. Britaniyalı cərrahların son araşdırmaları botoksun çox riskli prosedur olduğunu göstərir. Belə ki, araşdırmalar zamanı təkcə 2012-ci ildə 12 qadın üzün almacıq hissəsində etdirdiyi botoks zamanı insult və ya kor vəziyyətinə düşüb. Botoks olunan nahiyyə dəqiq müayinə olunmadan bu işi görmək olmaz. Bu iş klinik şəraətdə normativlərə uyğun edilməlidir. Botoksun başqa analoji formaları da var. Bu dispont, ksemon, lantoksdur. Bundan başqa üz qırışlarının açılmasında hollogenlərdən də istifadə olunur. Restilayn da qırışların yox edilməsi prosesidir.

Nəticə olaraq xanımlarımız onu bilməlidir ki, gözəlləşmək istədikdə ən əvvəl bu barədə məlumatlanmaq lazımdır. Əks halda bədəninizdən, gözəl çöhrənizdən olarsız.

Raminə Eyvazqızı