“Bank Avrasiya” 2025-ci ili artan gəlirlər və möhkəmlənən maliyyə mövqeyi ilə başa vurub

bank-avrasiya-2025-ci-ili-artan-gelirler-ve-mohkemlenen-maliyye-movqeyi-ile-basa-vurub
Oxunma sayı: 135

“Bank Avrasiya”nın 2025-ci il üzrə maliyyə nəticələri bankın uzunmüddətli inkişaf strategiyasının, risklərin effektiv idarə olunmasının və balanslaşdırılmış biznes modelinin uğurla reallaşdırıldığını bir daha nümayiş etdirir.

Hesabat dövründə əldə olunan müsbət dinamika “Bank Avrasiya”nın maliyyə bazarında mövqeyinin möhkəmləndiyini təsdiqləyir.

2025-ci ildə “Bank Avrasiya”nın faiz gəlirləri əvvəlki illə müqayisədə 9,27% artaraq 16,5 milyon manata çatıb. Artımın əsas mənbəyi real sektorun maliyyələşdirilməsinə yönəlmiş kredit portfelinin genişlənməsi olub.

Belə ki, kreditlər üzrə faiz gəlirləri 6,30% artaraq 13,5 milyon manat təşkil edib ki, bu da bankın aktiv kreditləşmə siyasətinin və müştəri bazasının genişlənməsinin göstəricisidir. Eyni zamanda, “Bank Avrasiya”nın banklar və digər maliyyə institutlarında yerləşdirdiyi vəsaitlər üzrə faiz gəlirləri 23,55% artaraq 2,182 milyon manata yüksəlib. Digər faiz gəlirləri isə 75,65% artımla 808 min manat olub. Bu göstəricilər bankın likvidlik idarəçiliyinin və sərbəst vəsaitlərin səmərəli yerləşdirilməsi strategiyasının effektivliyini əks etdirir.

Nəticə etibarilə, “Bank Avrasiya”nın xalis faiz gəlirləri 5,43% artaraq 12,5 milyon manat təşkil edib. Paralel olaraq, qeyri-faiz gəlirlərində də əhəmiyyətli artım qeydə alınıb. Belə ki, qeyri-faiz gəlirləri 18,19% artaraq 3,1 milyon manata yüksəlib. Bu dinamika bankın gəlir mənbələrinin şaxələndirilməsi və komissiya əsaslı xidmətlərin inkişafı istiqamətində atdığı addımların nəticəsidir.

Hesabat ilində “Bank Avrasiya”nın ümumi aktivləri 6,72% artaraq 214,5 milyon manata, cəmi kapitalı isə 6,26% artaraq 89,985 milyon manata çatıb. Kapitalın artımı bankın maliyyə dayanıqlılığının, risklərə qarşı davamlılığının və tənzimləyici tələblərə uyğunluğunun daha da gücləndiyini göstərir. Bankın xalis mənfəəti əvvəlki ildəki 3,93 milyon manatla müqayisədə artaraq 2025-ci ildə 5,08 milyon manat təşkil etmiş və rentabellik göstəricilərində əhəmiyyətli müsbət dinamika formalaşdırmışdır.

2024 və 2025-ci illər üzrə bankın kapital və likvidlik göstəriciləri maliyyə dayanıqlığının ardıcıl şəkildə möhkəmləndiyini və risklərə qarşı yüksək davamlılığın təmin olunduğunu göstərir. Bank hər iki il üzrə prudensial normativləri əhəmiyyətli dərəcədə üstələyib.

2024-cü ildə bankın məcmu kapitalı 83,6 milyon manat, 2025-ci ildə isə 88,5 milyon manat təşkil etmişdir. Kapitalın artımı əsasən bölüşdürülməmiş mənfəət və II dərəcəli kapital hesabına təmin olunmuşdur. I dərəcəli kapitalın adekvatlıq əmsalı 45,9%-dən 50,85%-ə, məcmu kapitalın adekvatlıq əmsalı isə 49,39%-dən 55,18%-ə yüksəlmişdir ki, bu da bankın möhkəm kapital buferlərinə malik olduğunu təsdiqləyir.

Eyni zamanda, risk dərəcəsi üzrə ölçülmüş aktivlərin azalması fonunda kapital adekvatlığının artması bankın risklərin idarə edilməsində balanslı və ehtiyatlı yanaşma tətbiq etdiyini göstərir. Kontr-tsiklik kapital buferinin formalaşdırılması isə makroiqtisadi risklərə qarşı qabaqlayıcı mövqenin göstəricisidir.

Likvidlik göstəriciləri də əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. 2024-cü ildə likvidliyin örtülmə əmsalı 203,9%, 2025-ci ildə isə 596,0% səviyyəsinə yüksəlmişdir. Xüsusilə xarici valyuta üzrə likvidlik əmsalının 846,8% olması bankın valyutada olan öhdəliklər üzrə dayanıqlığının gücləndiyini göstərir.

Ümumilikdə, 2024–2025-ci illərin nəticələri bankın sağlam maliyyə siyasəti apardığını, kapital və likvidlik baxımından etibarlı mövqeyini qoruduğunu və müştərilər üçün sabit maliyyə tərəfdaşı statusunu daha da möhkəmləndirdiyini nümayiş etdirir.

“Bank Avrasiya” maliyyə nəticələri ilə yanaşı, korporativ sosial məsuliyyət sahəsində həyata keçirdiyi təşəbbüslərlə də seçilir. İl ərzində bank tərəfindən ekologiyanın qorunmasına yönəlmiş ağacəkmə aksiyaları təşkil olunub, ətraf mühitin mühafizəsini təşviq edən layihələrdə fəal iştirak edilib.

Bununla yanaşı, “Bank Avrasiya” inklüziv bankçılıq prinsiplərinə sadiqliyini davam etdirərək fiziki məhdudiyyətli şəxslər üçün xidmətlərin əlçatanlığının artırılması istiqamətində mühüm addımlar atıb. Müştəri xidmətləri prosesində bərabər imkanların təmin edilməsi bankın əsas prioritetlərindən biri olaraq qalır.

Müştəri məmnuniyyətinin yüksəldilməsi məqsədilə “Bank Avrasiya” məhsul və xidmət portfelini də genişləndirib. Hesabat dövründə təqdim olunan “Visa Infinite” premium kartı müştərilərə beynəlxalq səviyyəli VIP xidmətlər, səyahət üstünlükləri və eksklüziv imtiyazlar təqdim edərək premium seqmentdə bankın mövqeyini daha da gücləndirib.

Eyni zamanda, “Bank Avrasiya”nın rəsmi platformasında müştərilər üçün kreditlərin komissiyasız ödənilməsini mümkün edən yeni funksionallıq tətbiq edilib. Bu innovativ yanaşma müştərilərə əlavə xərc olmadan ödənişlərini daha rahat və operativ şəkildə həyata keçirməyə şərait yaradır.

Əldə olunan bütün bu nəticələr “Bank Avrasiya”nın dayanıqlı inkişaf, maliyyə sabitliyi, sosial məsuliyyət və müştəriyönümlü xidmət strategiyasına ardıcıl şəkildə sadiq qaldığını və gələcək dövrlər üçün möhkəm təməl formalaşdırdığını göstərir.