O Azərbaycan Beynəlxalq Bankının müştərisi olduğunu qeyd edir və bildirir ki, manatın devalvasiyası ilə bağlı proseslərdən sonra onun debüt kartına bank tərəfindən haqsız olaraq borc yazılıb: “Mən bir neçə müddətdir ki, ABB-nin visa debüt kartından istifadə edirəm. Fevral ayının 19-da Türkiyədə kartımdan 4000 lirə pul çəkmişəm. Daha sonra ayın 21-də internet bankçılıq sistemi vasitəsilə hesabıma baxdıqda kartdan 1307 manata yaxın pul çıxarıldığını gördüm. Ayın 23-də kartıma yenidən baxdıqda - 412 manat borc yazıldığının şahidi oldum. Bunun səbəbini araşdıranda isə məlum oldu ki, ayın 19-da çıxardığım pulu Mərkəzi Bankın qərar verdiyi yeni məzənnə ilə hesablayıblar, yəni hesabımdan 1754 manat pul çıxarılıb. Bankdan bunun səbəbini soruşanda mənə müxtəlif bəhanələr gətirdilər.
Maraqlıdır ki, şəxsi hesab kartına necə ola bilər ki borc yazılır? Debütor kartda minus, mənfi balans, daha sadə dillə desək, borc ola bilməz. Axı bu, kredit kartı deyil ki, bank o balansa müntəzəm olaraq pul yatırsın. İndi isə hər gün borcumun üstünə faiz gəlir”.

Şikayətçi qeyd edir ki, xaricdə yaşadığı üçün pullarını həmin kartla çəkir: “Bu problemə görə isə işlərim dayanıb. Oxşar probelmlə bağlı “Bank Standart”ın müştərisinin də qarşılaşdığını mediada oxudum. Amma orada bank rəhbəri vətəndaşın xeyrinə qərar qəbul edib və bunun bank əməkdaşlarının səhv üzündən baş verdiyini təsdiqləyib. Beynəlxalq Bank isə mənə müxtəlif bəhanələr gətirir və problemi öz üzərindən atır. Əgər bank problemi həll etməsə, mən onları məhkəməyə verəcəm”.
Məsələ ilə bağlı “Qafqazinfo” Azərbaycan Beynəlxalq Bankının Mətbuat Xidmətinin rəhbəri Rauf Ağayevlə əlaqə saxlayıb. R. Ağayev sorğuya cavab olaraq bildirib ki, beynəlxalq ödəniş sistemlərinin (MasterCard, Visa və s.) şərtlərinə əsasən, bank kartları vasitəsilə əməliyyatlar aşağıdakı qaydalarla keçirilir: “Kart vasitəsilə əməliyyat aparılarkən, kartı qəbul edən bank tərəfindən ödənişin məbləği barədə emitent banka, yəni kartı buraxan banka sorğu göndərilir. Emitent bank bu sorğuya cavab olaraq həmin banka kartın etibarlığı və müştərinin ödəniş qabiliyyətliyi barədə məlumat verir və sorğuda göstərilən məbləğ emitent bank tərəfindən bloklanır. Bütün bunlar bir neçə saniyə ərzində avtomatik baş verir. Müştəri ola bilər ki, hesabını yoxladıqda həmin vəsaitin silindiyini görəcək. Amma məbləğin bloklanması müştərinin bank hesabından vəsaitin silinməsi hesab edilmir və ödəniş əməliyyatının həyata keçirilməsi demək deyildir.
Sadə dillə desək, istər ölkə daxilində, istərsə də xaricdə kartı qəbul edən bank öz cibindən müştərinin pulunu verir və arxayındır ki, bu məbləği kartın aid olduğu bankdan nə vaxt istəsə götürə bilər. Bu da ödəniş tələbi əsasında həyata keçirilir. Ödəniş tələbi kartı qəbul edən bank tərəfindən qaydalara görə ən geci 33 gün ərzində göndərilməlidir. Adətən xarici ticarət və xidmət müəssisələri bu tələbi bir neçə gün və bir neçə həftədən sonra göndərirlər. Bu təcrübə kart əməliyyatları üzrə bütün dünyada norma sayılır.
Nəhayət, ödəniş tələbi göndərildikdən sonra müştərinin hesabından həmin bloklanmış vəsait silinir. Bu halda valyuta mübadiləsinə ehtiyac varsa, mübadilə pul vəsaitinin məhz hesabdan silinən günün məzənnələri ilə keçirilir. Kart vasitəsilə aparılan əməliyyatların keçirilmə və vəsaitlərinin silinmə günlərində olan məzənnələr müxtəlif olduqda, bloklanmış məbləğlə hesabdan silinən məbləğ fərqli ola bilər. Adətən, valyuta məzənnlərənin dəyişməsi çox kiçik olduqda, bu fərq gözə çarpmır. 21/02/2015-ci il tarixində qəbul edilmiş milli valyuta məzənnələrinin rəsmi dəyişdirilməsi zamanı artıq bu fərq nəzərə çarpacaq dərəcədə təşkil edib”.
Qeyd edək ki, müştəri problemlə bağlı bankın müştəri xidməti ilə əlaqə saxladıqda ona iki müxtəlif cavab verilib.
Günel