Türkiyənin 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Egemen Korkmaz oyun zamanı səhhətində problemlə üzləşib.
“Qafqazinfo”nun xəbərinə görə, hadisə 2027-ci il Avropa çempionatının seçmə mərhələsinin H qrupunun 6-cı turunda keçirilən Xorvatiya – Türkiyə qarşılaşmasında baş verib.
Belə ki, görüşün 35-ci dəqiqəsində baş məşqçi ayağının sürüşməsi nəticəsində qəfil yerə yıxılıb və huşunu itirib. Dərhal ona tibbi yardım göstərilib və təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb. Hadisədən sonra oyun qısa müddətə dayandırılıb, daha sonra isə davam etdirilib.
Qarşılaşma Xorvatiyanın Osijek şəhərində yerləşən “Opus Arena”da keçirilib. Ev sahibi komanda ilk hissədə Fabijan Krivakın 38-ci dəqiqədə vurduğu qolla hesabı açıb. İkinci hissədə Adriano Yaqusiç (54) və Branimir Mlaçiç (90+4) fərqlənərək, matçın yekun nəticəsini müəyyənləşdiriblər – 3:0.
Qeyd edək ki, Türkiyə millisi oyunu çətin vəziyyətdə başa vurub. Komandanın üç futbolçusu - Demir Ege Tıknaz (34-cü dəqiqə), Semih Kılıçsoy (73-cü dəqiqə) və Cihan Çanak (74-cü dəqiqə) qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Bu nəticədən sonra Türkiyə U-21 millisi qrupda ilk məğlubiyyətini alaraq, 11 xalla qalıb. Xorvatiya isə xallarını 13-ə yüksəldib.
Son xəbərlər
Son Xəbərlər