Bu gün Novruzun sonuncu çərşənbəsi-ilaxır çərşənbə ilə əlaqədar Beyləqan Rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Beyləqan şəhər Mədəniyyət və İstirahət parkında möhtəşəm Novruz festivalı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Beyləqan RİH başçısı Əziz Əzizov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, o cümlədən Mil-Muğan iqtisadi rayonuna daxil olan bütün rayonlardan nümayəndələr iştirak ediblər.
Beyləqan RİH qarşısındakı meydanda keçirilən möhtəşəm festivalda Beyləqan rayonunun müxtəlif kənd və qəsəbələrindən, eləcə də Mil-Muğan iqtisadi rayonuna daxil olan digər rayonlardan gəlmiş nümayəndələr tərəfindən qurulan Novruz ab-havalı stendlər tədbirə xüsusi rəng qatdı. Həmin stendlərdə milli adət-ənənələrimiz, xalq sənətkarlığı nümunələri və əl işləri nümayiş etdirilərək ziyarətçilərə təqdim olunub. Eyni zamanda, festival çərçivəsində el pəhləvanlarının və idmançıların çıxışları da böyük maraqla qarşılanıb. Onların nümayiş etdirdiyi güc, çeviklik və ustalıq bayram şənliyinə xüsusi dinamika qataraq tamaşaçıların alqışına səbəb olub.
Baharın gəlişini, yenilənməni və milli-mənəvi dəyərlərimizi özündə əks etdirən bu bayram tədbiri yüksək əhval-ruhiyyə, zəngin proqram və rəngarəng səhnə nömrələri ilə yadda qalıb. Festival boyunca milli rəqslər, şən musiqi ifaları, Keçəl və Kosanın maraqlı çıxışları iştirakçılara əsl bayram ovqatı yaşadıb. Bununla yanaşı, Beyləqan, Sabirabad, İmişli və Saatlı rayonlarından dəvət olunan tanınmış mədəniyyət işçiləri və musiqiçilər tərəfindən səsləndirilən bayram əhvallı mahnılar tədbirə xüsusi rəng qataraq iştirakçılara unudulmaz anlar yaşadıb. Azərbaycanın ən uca və ən qısa boylu sakinlərinin təqdim etdiyi şən məzhəkələr isə tamaşaçıların böyük marağına səbəb olub.
Novruz tonqalı ətrafında bir araya gələn sakinlər qədim ənənələrimizi yaşadaraq birlik və həmrəylik nümayiş etdiriblər. Səməni, milli ornamentlər və bayram atributları ilə bəzədilən məkan əsl Novruz ab-havasını hər kəsə hiss etdirib.
Beyləqanda keçirilən bu möhtəşəm Novruz festivalı bir daha göstərdi ki, xalqımız öz milli dəyərlərinə sadiqdir və bu ənənələri böyük sevgi ilə yaşadır.

















Son xəbərlər
Son Xəbərlər