“Bəziləri maska ilə nəfəs almağın çətin olduğunu bəhanə gətirir”

bezileri-maska-ile-nefes-almagin-cetin-oldugunu-behane-getirir
Oxunma sayı: 1160

İyulun ortlarında COVİD-19 virusuna yoluxan və təxminən 2 həftəlik müalicədən sonra sağalan iqtisadçı-ekspert Qalib Toğrul koronavirusla mübarizə ilə bağlı vətəndaşlara müraciət edib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, Q.Toğrul müşahidələrinə əsaslanaraq koronavirusa yoluxma, xəstələrin müalicəsi və virusun gələcək həyatımızdakı yeri barədə fikirlərini bildirib:

"1. Virusa yoluxanların, kiçik istisnaları nəzərə almaqla, demək olar ki, hamısı qapalı məkanda yoluxur. Ona görə də liftdə, avtobusda, ticarət obyektlərində maska taxmayanlara qarşı ictimai və inzibati nəzarət gücləndirilməlidir.
2. Virus daşıyıcısı maska taxmazsa, eyni qapalı məkanda olan digərlərinin maska taxmasının elə bir əhəmiyyəti yoxdur. Kimin daşıyıcı olduğunu müəyyən etmək çətin olduğundan qapalı məkanda olan hamının maska taxması vacibdir.
3. Bəziləri maska ilə nəfəs almağın çətin olduğunu bəhanə gətirərək, maskadan imtina edirlər. Bu, mifdir. Xəstəxanada olduğum müddətdə mən və digər xəstələr maskanı ancaq ağızdan dərman qəbul edəndə, su içəndə və yemək yeyəndə çıxarırdıq. Hətta yatanda belə maska taxırdıq və heç bir narahatlıq hiss etmirdik. Unutmayın, maska taxmaq bir vərdişdir!
4. Virusa yoluxanların bəzilərinin bu xəstəliyi digərləri ilə müqayisədə yüngül, bəzən hətta hiss etmədən (qızdırmasız, öskürəksiz, ağrısız və sair) keçirməsi mümkündür. Maraqlıdır ki, onların arasında gənclər üstünlük təşkil etsə də, əsas amil immunitetdir. Mənimlə bir palatada müalicə alan, yaşı 55-dən yuxarı, ürək əməliyyatı keçirmiş şəxsdə yalnız bircə gün narahatlıq və qızdırma oldu, sonra virusun heç bir əlamətinə rast gəlinmədi.
5. Virusa yoluxanların müalicəsi ilə bağlı birinci tövsiyəm odur ki, əgər siz bir neçə gün ardıcıl yüksək qızdırma keçirirsinizsə, mütləq xəstəxanada müalicə almağa üstünlük verin. Başa düşürəm ki, hər kəsin xəstəxanada müalicəsi alınmır, çünki boş yer yoxdur. Amma cəhd edin və buna nail olun. Xəstəxanada müalicə 2-3 gündən bir qan analizi, rentgen müayinəsi və ən əsası ciddi həkim nəzarəti deməkdir. Öz təcrübəmdən deyə bilərəm ki, əgər xəstəxanaya getməsəydim, bu, mənə həyatım bahasına başa gələ bilərdi.
6. Nəzərə alın ki, xəstəxanada müalicə TƏBİB-in Dünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında hazırladığı, virusla bağlı ən son yenilikləri özündə əks etdirən xüsusi protokollar əsasında aparılır. Bu, hazırkı dövrdə ən ideal müalicədir.
7. Protokollara əsaslanan müalicə, ehtiyac olmazsa, xəstəyə antibiotik verilməsini istisna edir. TƏBİB-in müalicəsi iki istiqamətdə aparılır: xəstənin immunitetinin güclənməsinə yönələn kompleks vitaminlər və virusa qarşı mübarizə.
8. “Covid-19”un öz xoşuna həyatımızdan çıxacağı birmənalı şəkildə istisna olunur. Əksinə, artıq virusun pis mənada mutasiya olunmasına rast gəlinir. Ona görə diqqətli olmalı, ilk peyvəndin tətbiqinə qədər (bu, uzağı gələn ilin martına kimi mümkün olacaq) özümüzü qorumalıyıq.
9. Nəhayət, sonuncu müşahidəm belədir ki, son yumşalmalardan sonra virusa yoluxanların çoxalması ehtimalı da artıb. Nə qədər sərt səslənsə də, bu bir həqiqətdir ki, peyvənd tapılanadək biz virusla təhlükəsiz şəkildə birgə yaşamağı öyrənməliyik. Təhlükəsiz birgəyaşayış isə qapalı yerdə maska taxmaqdan, sosial məsafəni qorumaqdan və şəxsi gigiyenaya əməl etməkdən keçir".

Qeyd edək ki, Q.Toğrul deputat Vüqar Bayramov və tanınmış iqtisadçı Qubad İbadoğlunun qardaşıdır.