“Binanın damında yeni mənzil tikilir, həyatımız təhlükədədir...” - Fotolar

binanin-daminda-yeni-menzil-tikilir-heyatimiz-tehlukededir
Oxunma sayı: 356

“Yaşadığımız binanın damında “Kəpəz” MTK tərəfindən layihədənkənar tikinti aparılır, yeni mənzillər inşa olunur. Bütün bina sakinlərinin həyatı təhlükə altındadır”. 

Bu iddia ilə “Qafqazinfo”ya Bakının Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi 177-179 ünvanlarında yaşayan bir qrup sakin müraciət ediblər. 

Onların sözlərinə görə, binanın özülü yalnız layihədə nəzərdə tutulan mərtəbə sayını saxlamağa hesablanıb. Əlavə mərtəbə bünövrəyə düşən təzyiqi artırır, gələcəkdə çökməyə, əyilməsinə səbəb olur. Həmçinin zəlzələyə davamlılıq azalır: “Dəfələrlə aidiyyəti qurumlara şikayət etmişik, heç bir tədbir görülməyib. Əksinə, sakinlərə yalançı vədlər verib işlərin qanunsuz olduğu və guya dayandırıldığı haqqında rəsmi məktublar göndəriblər. Əslində isə nəinki damlarda qanunsuz mənzillər inşa edilib, hətta hazırda həmin mənzillərə qanunsuz olaraq qaz xətti çəkilir. Aidiyyəti qurumlar buna göz yumur, sakinlərin həyatını ciddi təhlükəyə atırlar”.

Problemlə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, qanun pozuntuları ilə əlaqədar aidiyyəti qurumlara müraciətlər ünvanlanıb: “2025-ci ilin aprel ayında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən aparılan şəhərsalma monitorinqi zamanı Bakı şəhəri, Yasamal rayonu, M. F. Axundov küçəsi, 175-177 ünvanında yerləşən “Kəpəz” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasının damında müvafiq icazə sənədləri olmadan tikinti işlərinin aparıldığı aşkar edilib.

Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birgə görülən tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və binanın dam örtüyü əvvəlki vəziyyətinə qaytarılıb.

Sonrakı dövrdə Baş İdarə tərəfindən sözügedən ərazidə şəhərsalma monitorinqləri davam etdirilib və təkrar aşkar olunan qanun pozuntuları ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara müvafiq müraciətlər ünvanlanıb”.

Fövqəladə Hallar Nazirliyinə (FHN) ünvanladığımız sorğuya belə cavab aldıq: “Bakı şəhəri, Yasamal rayonu, M. Axundov küçəsi, 177-179 ünvanında “OMA” MTK tərəfindən inşa edilmiş yaşayış binalarının istismarına müvafiq qurumun 11 may 2011-ci il tarixli sərəncamı ilə Dövlət Qəbul Komissiyasının aktı verilib. Müəyyən edilib ki, binaların çardaq mərtəbəsində əlavə işlər onların istismara verilməsindən sonra həyata keçirilib. Qeyd olunan məsələ ilə bağlı sakinlər tərəfindən ünvanlanmış şikayət araşdırılıb, müraciət edənlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123.0.4-cü maddəsinə əsasən, istismarda olan çoxmənzilli binaların ümumi əmlakının texniki vəziyyətinin təmin edilməsinin binanın idarəedici təşkilatının vəzifələrinə aid olduğu barədə müvafiq cavab verilib”.

Gülnar Əliyeva