Binəqədidə Ulu Öndərlə bağlı tədbir keçirildi - Fotolar

bineqedide-ulu-onderle-bagli-tedbir-kecirildi
Oxunma sayı: 159

Mayın 8-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Binəqədi  rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildömümünə həsr olunmuş “Tarixin, liderliyin və xilaskarlığın Heydər Əliyev zirvəsi” adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, Əməkdar jurnalist Tahir Məmmədov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri - Kəmaləddin Qafarov, Azay Quliyev, Elşad Musayev, Məlahət İbrahimqızı, Səbinə Xasayeva, icra başçısının müavinləri və Aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti iştirak edib.

İştirakçılar Ümummilli Lider Heydər Əliyev adına istirahət parkında ucaldılan abidəni ziyarət ediblər, abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Ulu Öndərin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Tədbiri giriş nitqi ilə açan icra başçısı Elxan Allahverdiyev bildirib ki, böyük şəxsiyyətlər yaşayıb yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq tarixə yazırlar. Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycan xalqı hər zaman müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevi qürur hissi ilə xatırlayır. Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Ümummilli Lider Heydər Əliyevin həyat amalının təntənəsidir. Bu gün Azərbaycan dünyanın döyünən ürəyinə, mərkəzinə çevrilən bir ölkə kimi beynəlxalq aləmdə də öz qətiyyətli sözünü deməkdədir. Çünki Heydər Əliyev ideyaları sarsılmaz, dönməzdir və bu ideyaları başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla bütün xalqımız yaşadır.

Məruzə nitqi ilə çıxış edən YAP-ın Veteranlar Şurasının üzvü, ilk təşəbbüskarlarından olan 91-lərin üzvü, fəlsəfə doktoru, Əməkdar jurnalist Tahir Məmmədov çıxışında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevi bütün xalq sevirdi, dünyanın böyük siyasətçiləri onunla hesablaşırdı. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil dövlətimiz Heydər Əliyev ideyaları ilə yaşayır və Ulu Öndərin dövlət quruculuğunda qoyduğu tarixi ənənə ölkə başçımız İlham Əliyev tərəfindən Azərbaycan xalqı ilə birgə uğurla həyata keçirilir.

Deputat Məlahət İbrahimqızı çıxışında qeyd edib ki, Azərbaycan xalqı hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevi qürur hissi ilə xatırlayır.

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxış edərək bildirib ki, Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dayanıqlı inkişaf siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı möhtəşəm uğurlar Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu dinamik inkişaf strategiyasının bəhrəsidir.

Tədbirin bədii hissəsində Xalq artisti Samir Cəfərovun, Əməkdar artist Arzu Əliyevanın, Cahangir Cahangirov adına xorun, Azərbaycan Dövlət Televiziyasının və Beynəlxalq Muğam Mərkəzinin solisti Günay İmamverdiyevanın ifasında gözəl musiqilər səslənib.