Bir əsrin üç hakimiyyətli manatı - Araşdırma, Fotosessiya

bir-esrin-uc-hakimiyyetli-manati-arasdirma-fotosessiya
Oxunma sayı: 7621




Çağdaş Azərbaycanın pul dövriyyəsinin tarixi yüzillik fasilədən sonra 1918-ci ildə Bakı Bələdiyyəsinin buraxdığı kağız pullarla başlayıb. “Qafqazinfo”nun apardığı araşdırmaya görə, 1919-cu ilin əvvəlində tədavülə buraxılan 25, 50, 100 və 250 manatlıq əskinaslar şərqdə ilk demokratik dövlət olan Azərbaycan Cümhuriyyətinin müstəqil pul emissiyası olub. Əskinasın üz tərəfində Cümhuriyyət, arxa tərəfində isə rus dilində “Azerbaydjansky Respublika” ifadələri, əskinasın nominal dəyəri və buraxıldığı tarix göstərilib. O dövrdə, yəni 1919-1920-ci illərdə buraxılmış pul vahidlərinin adları Azərbaycan dilində manatla, rus dilində isə rubl ilə verilib.

Sovet dövründə Azərbaycanda pul nişanları

Azərbaycanda ikinci pul emissiyası 1920-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının (ASSR) adından dövriyyəyə buraxılıb. Bu emissiya çərçivəsində birinci əskinas – 1.000 rubl (böyük formatda), sonra isə 5 (2 variantda), 100 (2 variantda) və 1.000 (kiçik formatda) manatlıq, 1921-ci ildə isə yeni dizaynla dörd yeni nominal – 5.000, 10.000, 25.000 (2 variantda) və 50.000 manatlıq əskinaslar tədavülə buraxılıb. 1921-ci ildən başlayan iqtisadi böhran nəticəsində 1922-ci ildə 3 yeni əskinas – 100.000 (3 variantda), 250.000 (2 variantda) və 1.000.000 (2 variantda) manatlıq əskinaslar, 1923-cü ilin əvvəlində isə 5.000.000 manat nominallı pul nişanı dövriyyəyə çıxıb. ASSR-in 1920-23-cü illərdə həyata keçirdiyi emissiyasının əskinaslarının üzərində onların dəyəri azərbaycan dilində manatla, rusca isə rublla göstərilib. Bütün əskinaslarda dövlət atributlarının elementləri – “aypara və ulduz”, “oraq və çəkic” təsvir edilib, üzərində buraxdığı tarix əks olunub.

1923-24-cü illər ərzində Azərbaycan ərazisində Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) 4 pul emissiyası olub. ZSFSR pul vahidləri Azərbaycan, Gürcüstan və Ermənistanda dövriyyədə olub. Bu üç respublika arasında iqtisadi durum Azərbaycanda yüksək olduğundan Azərbaycan manatı – ZSFSR rublundan dəyərli idi. Zaqafqaziya Federasiyasının bütün 4 emissiyasının əskinaslarının dizaynı eyni tərzdə olub. Belə ki, əskinasların üz tərəfində Tiflisdə yerləşən ZSFSR-in Mərkəzi İcraiyyə Komitəsinin binası, arxa tərəfdə isə ulduz içərisində aypara, oraq və çəkic təsvirləri verilib. Bütün əskinasların üzərində buraxıldığı tarix göstərilib. 1 və 10 milyardlıq əskinasların arxa tərəfində qadın təsviri və onun yanında isə taxıl, meyvə və tərəvəz təsvirləri verilib.

1923-cü ildə SSRİ Dövlət Bankı yaradılır və onun Bakı filialı açılır, bununla da Azərbaycanın bank sistemi Moskvadan idarə olunmağa başlayır. SSRİ Dövlət Bankının Azərbaycan filialı 1991-ci ilədək fəaliyyət göstərir və SSRİ məkanında vahid valyuta funksiyasını sovet rublu həyata keçirir.

1936-cı ildə qəbul edilmiş Konstitusiya aktına görə, Dövlət gerbində 11 respublikanın adının göstərilməsi ilə əlaqədar olaraq tədavülə buraxılan əskinaslarda dövlətin adı və pulun nominalı 11 dildə göstərilib. Bu əskinaslar dövriyyədə 1947-ci il pul islahatlarına qədər qalır.

Sovet dövründə 3 pul islahatı (1947, 1961, 1991) həyata keçirilib. Sonuncu, 1991-ci ildə həyata keçirilən pul islahatı əhalinin yaddaşlarında “Pavlov islahatı” kimi qalıb. O vaxt 50 və 100 rublluq əskinaslar dövriyyədən üç gün müddətində çıxarılıb.
SSRİ dövründə ən üzunmüddətli tədavüldə olan pul nişanları 1961-ci il islahatlarından sonra dövriyyəyə buraxılan 1, 3, 5 rubl dəyərində SSRİ Dövlət Xəzinədarlıq biletləri və 10, 25, 50 və 100 rubl dəyərində SSRİ Dövlət Bankının biletləri olub. Bununla yanaşı, 1961-ci ildə dövriyyəyə yeni dizaynla 1, 2, 3, 5, 10, 15, 20, 50 qəpik və 1 rubl dəyərində sikkələr buraxılıb.

Müstəqilliyinin bərpası və AZM

Azərbaycanın XX əsrin sonunda müstəqillik əldə etməsi suveren dövlətin mühüm atributlarından biri sayılan milli valyutanın dövriyyəyə buraxılmasını şərtləndirdi. Belə ki, ölkədə pul tədavülünün yaradılmasının və təşkil edilməsinin əsası, Azərbaycanın o vaxtkı prezidenti Əbülfəz Elçibəyin 11 fevral 1992-ci il tarixli “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Fərmanı ilə Milli Bankın yaradılması və 15 iyul 1992-ci il tarixli “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” Fərmanına müvafiq olaraq milli valyutanın dövriyyəyə buraxılması ilə qoyulub.
“Qız qalası”, “Nizami”, “Məmməd”, “Şirvan”…

Bununla əlaqədar olaraq, 1992-ci ilin avqustunda üzərində “Qız qalası” əks olunan 1, 10 və 250 manatlıq əskinaslar , noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əskinas, 1993-cü ilin martında isə 50, 100, üzərində Nizami Gəncəvinin portreti olan 500 və Azərbaycan Demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadənin portreti olan 1000 manat nominallı kağız əskinaslar dövriyyəyə buraxıldı. Azərbaycan Respublikasının 1-ci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib.

Milli Bank tərəfindən ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın optimallaşdırılması məqsədilə 1994-cü ildə 10.000 manatlıq, 1996-cı ildə isə 50.000 manatlıq əskinaslar çap etdirilərək dövriyyəyə buraxıldı.

1994-cü ildə Almaniyada “Giesecke & Devrient” şirkəti tərəfindən istehsal edilən 10.000 manatlıq əskinasın üzərində “Şirvanşahlar” kompleksinin ümumi görünüşü, arxa tərəfində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə həm rəqəmlə, həm də söz ilə nominal verilib.

İngiltərənin “De La Rue” şirkəti tərəfindən çap edilən 50.000 manat dəyərində əskinaslar 1996-cı ildən dövriyyəyə buraxılmış və bu pul vahidinin üzərində orijinal üslubda Naxçıvanda olan memarlıq abidəsi – “Mömünə Xatun türbəsi”, arxa hissəsində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə nominalın dəyəri həm rəqəmlə, həm də sözlə verilib.

“Məmməd”lər yığışdırıldı

Hələ də əyalətlərdə bir çoxlarının leksikonundan çıxmayan “bir məmməd, iki məmməd” ifadəsi yəqin ki, hər birimizin yadındadır. 1000 manatı ifadə edən bu pul nişanı 2006-cı ildəki denominasiyadan əvvəl dizayn dəyişikliyinə “məruz” qalsa da, “əvvəlki adı”nı saxladı. Yeni dizaynlı 1000 manatlıqlarımız İngiltərədə 2001-ci ildə “De La Rue” şirkəti tərəfindən buraxıldı. Məmməd Əmin Rəsulzadənin şəkli əks olunan köhnə 1000 manatlıqların yenisi Azərbaycanda neftin çıxarılması və istehsal edilməsinə həsr edildi.

Denominasiya və AZN dövriyyəyə buraxıldı…

Prezident İlham Əliyevin 7 fevral 2005-ci il tarixdə “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmanına uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat AZN 5000 köhnə AZM-ə bərabər tutuldu. AZM və AZN birgə 1 il ərzində – 2006-cı ildə dövriyyədə oldu və yalnız 2007-ci il yanvarın 1-dən isə yeni manata tam keçid təmin edildi.

Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əskinaslar və 1, 3, 5, 10, 20, 50 metal pul nişanlarından ibarət oldu. Azərbaycanın yeni nəsil əskinas və sikkələrin dizaynları vahid konsepsiya əsasında hazırlanıb. Yeni pulların dizayn mövzusu “Müstəqil Azərbaycan” müəyyən edilib. AZN-lərin dizaynı Avronun müəllifi Robert Kalinaya məxsusdur. Yeni nəsil pul nişanlarının texniki parametrləri isə İsveçrə Milli Bankının texniki dəstəyi ilə hazırlanıb, 4 pilləli mühafizə sisteminə malikdir.

Azərbaycanda yaxın vaxtlarda 100 ekvivalentindən böyük nominallı əskinazların da tədavülə buraxılması nəzərdə tutulur.

Nigar Məmmədli