Sarı, narıncı və qırmızı xəbərdarlıq şkalası yaradılır

sari-narinci-ve-qirmizi-xeberdarliq-skalasi-yaradilir
Oxunma sayı: 2620

“Ölkə ərazisində Erkən Xəbərdarlıq Sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər davam etdirilir. Xəbərdarlıqların tərtib edilməsilə bağlı daha bir yenilik “Rəng” Xəbərdarlıq Sisteminə keçidlə bağlıdır”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bu gün keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, bu zaman xəbərdarlıqlar müxtəlif kontingentlər üçün daha anlaşılan forma olan rəng şkalasında təqdim olunacaq ki, bu da əhalinin diqqətini daha çox cəlb etmək və xəbərdarlığın əhəmiyyətini daha yaxşı anlamaq üçün önəmlidir: “Sarı xəbərdarlıq - ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka “orta risk” deməkdir. Yəni bəzi ərazilərdə meteoroloji risklərin ola biləcəyinin göstəricisidir. Kiçik xəsarətlər üçün bəzi potensialtəhlükələrin olduğunu göstərir. Gözlənilən meteoroloji şəraitdən xəbərdar olmaq və qarşısı alına biləcək risklərdən uzaq olmaq anlamına gəlir.

Narıncı xəbərdarlıq - ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka “yüksək risk” deməkdir. Yəni təhlükəli meteoroloji şərait yaşayış obyektlərinə və əmlaka təhlükə yarada, dağıntılar və təlafatlar ola bilər”.

N.Mahmudov əlavə edib ki, qırmızı xəbərdarlıq - ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka “çox yüksək və ekstermal risk” deməkdir: “Bu zaman təhlükəli meteoroloji şərait qaçılmazdır. Fövqaladə dərəcədə intensiv meteoroloji hadisələr proqnozlaşdırılıb. İnsanın həyatını itirməsi və əmlaka və infrastruktura böyük ziyan vurma ehtimalı çox yüksəkdir”.