Bir hakim müttəhimə son söz vermədi - Digəri hökmü ləğv etdi

bir-hakim-muttehime-son-soz-vermedi
Oxunma sayı: 2889

Azərbaycanda son söz deməyə imkan verilmədən 6 il 6 ay həbsə məhkum edilən qadının hökmü ləğv edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qərar Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilib.

Bir neçə nəfərə yalan vəd verməklə külli miqdarda dələduzluqda ittiham olunan Gülpər Bəşirzadənin cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə araşdırılıb.

Məhkəmə istintaqı bitdikdən sonra ittiham və müdafiə tərəfi çıxış etsə də, təqsirləndirilən şəxs son sözə hazır olmadığı üçün vaxt istəyib. Lakin hakim Nahid Mirzəyev bunu müttəhimin prosesi uzatması və son söz deməkdən imtinası kimi qəbul edərək müşavirəyə yollanıb. Bir neçə dəqiqə sonra elan edilmiş hökmlə Gülpər verilmiş ittiham üzrə təqsirli bilinərək 6 il 6 ay azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxsin vəkilinin bu hökmdən verdiyi şikayəti isə apellyasiya məhkəməsi əsaslı hesab edib.

Hakim Ruhiyyə Əsgərova qanunvericiliyə istinad edərək belə qənaətə gəlib ki, həmkarının təqsirləndirilən şəxsin son söz hüququnu pozması birbaşa qanun pozuntusudur.

Yeni qərarda konkret olaraq qeyd olunub ki, təqsirləndirilən şəxsin son sözü ona qarşı ittiham üzrə aparılan araşdırmanın nəticəsinə münasibət bildirmək hüququnu ehtiva edir. Məhz bunun məntiqi nəticəsidir ki, o, ittiham üzrə ifadəsini bildirərkən konkret vaxt məhdudiyyəti ilə üzləşdirilə bilməz. Lakin bu işdə təqsirləndirilən şəxsə məhkəmə tərkibi tərəfindən son söz demək hüququ təmin edilməyib, nəticədə qanunvericiliyin tələbləri pozulub.

Qeyd olunanlara əsasən əvvəlki hökm tamamilə ləğv edilib. İş yenidən baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hökm ləğv edildiyindən, xanım müttəhim barəsində yenidən həbs qətimkan tədbiri seçilib.

Sail Ağasəlim