Diplomatlara həmin ölkələrdə aşiq olmağı qadağan edirlər

diplomatlara-hemin-olkelerde-asiq-olmagi-qadagan-edirler
Oxunma sayı: 191

Kanada hökuməti Çin və Rusiya kimi “yüksəkriskli” hesab edilən ölkələrdə xidmət edən diplomatlarının həmin dövlətlərin vətəndaşları ilə romantik münasibətlər qurmasını rəsmən qadağan etməyə hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, “National Post” nəşrinin hökumət mənbələrinə istinadən yaydığı məlumata görə, milli təhlükəsizlik narahatlıqları səbəbindən hazırlanan yeni qayda diplomatların bu ölkələrdə tanışlıq tətbiqlərindən istifadəsini də yasaqlayacaq.

İlin əvvəlindən üzərində işlənilən sənədin əsas konturları artıq hazırdır, lakin rəsmi olaraq hələ dərc edilməyib.

Qeyd edək ki, kanadalı diplomatların şəxsi həyatı hazırda da müəyyən təhlükəsizlik qaydaları ilə tənzimlənir və onların gələcək həyat yoldaşları nikahdan əvvəl xüsusi yoxlamadan keçirilir.

Bundan əvvəl oxşar qərar ABŞ tərəfindən də qəbul edilmişdi. “Associated Press”in (AP) məlumatına əsasən, 2025-ci ilin yanvarında ABŞ-nin Pekindəki ovaxtkı səfiri Nikolas Börns diplomatik missiya əməkdaşlarına, onların ailə üzvlərinə və təhlükəsizlik icazəsi olan podratçılara Çin vətəndaşları ilə hər hansı romantik və ya intim münasibət qurmağı qadağan etmişdi. Tarixdə oxşar məhdudiyyətə 1987-ci ildə də - “Soyuq müharibə” dövründə Çin və Sovet bloku ölkələrində çalışan ABŞ rəsmilərinə qarşı əl atılmışdı.