Hindistanda sabiq deputat qızının toyuna 400 min nəfər çağırdı, aləm bir-birinə dəydi - Video

hindistanda-sabiq-deputat-qizinin-toyuna-400-min-nefer-cagirdi-alem-bir-birine-deydi
Oxunma sayı: 3836

Hindistanın Bihar əyalətində sabiq deputat Anant Sinqin qızı Şivangi Sinqin toyu görünməmiş miqyası və yaranan xaosla gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, 2,5 hektarlıq ərazidə keçirilən məclisə təxminən 400 min insan qatılıb.

Yollar tam bağlandığından qonaq olan siyasətçilərdən biri avtomobilini tərk edərək məkana tarlaların içi ilə traktorla çatıb.

VIP qonaqlar üçün 5 müvəqqəti helikopter meydançası qurulub, ziyafətə isə 500 aşpaz cəlb olunub. Süfrə üçün 500 min şirniyyat və 1 tona yaxın ət hazırlanıb. Mərasimə bəy 151 avtomobillik kortejlə gəlib və ona “Land Rover Defender” hədiyyə edilib.

Lakin 100 minə yaxın insanın yaratdığı təhlükəli sıxlıq səbəbindən proqrama salınan at yarışı ləğv olunub, izdiham zamanı insanlar ağaclara və dirəklərə dırmaşıblar. Yemək paylanması vaxtı da xaos yaşanıb. Belə ki, boşqab çatmadığından qonaqlar yeməkləri fincan və karton qutulara yığıblar.

Qeyd edək ki, toy sahibi Anant Sinqin barəsində qətl və adam oğurluğu da daxil olmaqla 28 cinayət işi var. Hindistan Ali Məhkəməsi onun dekabrın 1-dək təslim olması barədə qərar çıxarıb.