Bu ölkədə dövlət işçilərinin hicab taxması rəsmən yasaqlandı

bu-olkede-dovlet-iscilerinin-hicab-taxmasi-resmen-yasaqlandi
Oxunma sayı: 151

Kanada Ali Məhkəməsi ölkənin şərqində yerləşən Kvebek əyalətində dövlət sektoru işçilərinin iş yerində hicab, xaç və digər dini simvollar taxmasını qadağan edən qaydanın konstitusiyaya uyğun olduğuna qərar verib.

“Qafqazinfo” “CBC News”a istinadən xəbər verir ki, “21 saylı Qanun Layihəsi” kimi tanınan dünyəvilik qanunu ilə bağlı yekun qərarı açıqlayan hakim Riçard Vaqner bu addımın Kvebekin azad və demokratik cəmiyyətdə dövlətin dünyəviliyini təmin etmək üzrə “qanuni və tarixi öhdəliyindənQ qaynaqlandığını bildirib.

Məhkəmənin qərarı ölkədə birmənalı qarşılanmayıb. Kanada Müsəlmanları Milli Şurasının (NCCM) baş direktoru Stiven Braun qərarı dini azadlıq və bərabərlik üçün böyük geriləmə adlandırıb: “Bu gün Kvebek və Kanada üçün qaranlıq bir gündür. Kanadalıların konstitusiya ilə təmin edilmiş hüquqlarına qarşı genişmiqyaslı hücuma qapılar açılıb. Kvebekdə bir çox insan dini görünüşlərinə görə işini, təhsil və karyera imkanlarını itirib”.

Kanadanın Baş naziri Mark Karni isə jurnalistlərə açıqlamasında federal hökumətin məhkəmənin qərarına hörmətlə yanaşdığını, lakin onun ölkə daxilindəki təsirlərinin araşdırılacağını deyib.

Ölkəni fərqli kimliklərdən ibarət “mozaika” adlandıran Baş nazir əlavə edib ki, federal hökumət azlıqların və bütün vətəndaşların hüquq və azadlıqlarını qorumaq üçün səlahiyyətləri daxilində hər şeyi edəcək.

Qeyd edək ki, 2019-cu ildə qəbul edilmiş 21 saylı qanun layihəsinə qarşı müsəlman, siqh və katolik icmalarının nümayəndələri fundamental hüquqlarının pozulduğunu əsas gətirərək məhkəmə iddiası qaldırmışdılar.