Birinin donoru anası, digərininki oğludur - İcbari tibbi sığortanın qaytardığı həyatlar - Video

birinin-donoru-anasi-digerininki-ogludur
Oxunma sayı: 5737

İcbari tibbi sığorta çərçivəsində qarşılanan transplantasiya əməliyyatlarının həyata keçirildiyi tibb müəssisələrindən biri də Mərkəzi Gömrük Hospitalıdır. 

“Qafqazinfo” ilk əməliyyatların icra olunduğu pasiyentlərlə və transplantoloq Mircəlal Kazımi ilə həmsöhbət olub.

Həkimlə bərabər əməliyyat olunan xəstələrə baş çəkirik.

Ağcabədi rayonunun Kəhrizli kəndindən olan 28 yaşlı Vətən müharibəsi iştirakçısı Səyyaf Əsədov qazi kimi növbədənkənar əməliyyat olunan ilk pasiyentlərdəndir: “44 günlük Vətən müharibəsində iştirak etmişəm, Zəngilan, Qubadlı və Laçın uğrunda döyüşlərdə iştirak etmişəm, medallar qazanmışam. Döyüşlər vaxtı ağzımdan qan gəlirdi. Məni Bakıya, hərbi hospitala göndərdilər. Müayinə etdilər, sonra yenidən könüllü cəbhəyə qayıtdım. Müharibədən sonra, xüsusən soyuq olanda qaraciyərim ağrıyırdı. Bəzi müayinələrdə oldum. Mənə transplantasiya əməliyyatını məsləhət gördülər. Bilirdim ki, bu əməliyyat bahalıdır, təxminən 50 min manat qiyməti var. Sağ olsun dövlətimiz, bu il sentyabrın 29-u icbari tibbi sığorta ilə, heç bir xərc çəkmədən, çox gözəl şəraitdə Mərkəzi Gömrük Hospitalında əməliyyat olundum”.

Keçmiş döyüşçüyə donorun tapılması o qədər də vaxt aparmayıb. Özü anasının donor olmasını istəməsə də ailə üzvlərindən yalnız o – 52 yaşlı Bahar Əsədova uyğun olub. Hazırda həm özünün, həm də anasının səhhəti yaxşıdır.

B.Əsədova deyir ki, bu əməliyyatla övladını ona yenidən bağışlayıblar: “Oğlum müharibədən qayıdanda yaxşı deyildi. Həkimlər dedilər qaraciyəri zədələnib, ona ciyər köçürülməlidir. Həm də biz gec bildik, üstündən 1 il keçmişdi, ciyəri bərkimişdi. İcbari tibbi sığortaya, həkimlərə çox minnətdaram, övladım əlimdən gedən bir vaxtda mənə kömək etdilər, onu həyata qaytardılar. İmkansızıq, o qədər vəsaitimiz yox idi, oğlumu icbari tibbi sığorta sayəsində pulsuz, təmənnasız əməliyyat etdirə bildik”.

Şəhid atası əməliyyat olundu, oğlu donor oldu

Qaraciyər nəqli həyata keçirilən digər pasiyent - Lerik rayonunun Loman kənd sakini, şəhid atası 54 yaşlı Mübariz Dənziyev də bir ildən çox idi ki, qaraciyər sirrozundan əziyyət çəkirdi. Artıq o da icbari tibbi sığorta sayəsində sağlamlığına qovuşub: “Qaraciyərimlə bağlı şikayətim var idi. Sirroz diaqnozu qoyulmuşdu. Xəstəxanaya gəldim və icbari tibbi sığorta sayəsində əməliyyat olundum. İndi sağalmışam, özümü yaxşı hiss edirəm”.

M. Dənziyevin donoru isə 23 yaşlı oğlu Mühəndisdir. Onun sözlərinə görə, kiçik qardaşı Orxan Dənziyevin Vətən müharibəsində şəhid olmasından sonra atası digər övladının donor olmasını istəməyib. Buna görə də əməliyyata qədər donorun kimliyi gizli saxlanılıb: “Atamın əməliyyatının icbari tibbi sığortanın Xidmətlər Zərfinə salındığını biləndə çox sevindik. Çünki bu çox bahalı əməliyyatdır, onsuz bizə çox çətin olardı. Həkim dedi ki, donor lazımdır, heç başqa donor axtarmadıq, mən çəkinmədən bu qərarı verdim və donor kimi uyğun gəldim. Atamın bundan xəbəri yox idi, əvvəldən bilsəydi icazə verməzdi. Çünki bir qardaşım şəhid olub. Yəqin istəmirdi ki, digər oğlu da yarımcan olsun. Ona görə də gizli saxladıq. Xəstəxanadan çıxanda donor olduğumdan xəbər tutdu, məni görəndə çox kövrəldi. Hazırda özümün də, atamın da səhhəti yaxşıdır”.

“Bu əməliyyatlar baha olduğuna görə ailələr tərəfindən qarşılana bilmirdi”

Hospitalda transplantasiya əməliyyatları Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin rəisi Mircəlal Kazımi və onun komandası tərəfindən icra olunur.

Pasiyent Qəribə Aslanova Tərtər rayonunun Xoruzlu kəndindən gəlib və dövlət hesabına böyrək transplantasiyası əməliyyatı keçirib. Biz klinikada olanda əşyalarını toplayaraq getməyə hazırlaşırdı. Onun sözlərinə görə, artıq bütün ağrıları keçmişdə qalıb: “Boğazımda 6-7 il əvvəl şişkinlik var idi, böyrək büzüşməsi səbəbindən olduğu məlum oldu. 5 ildir dializdə idim. Eşitmişdim ki, belə xəstələrə dövlət kömək edir. Biz də maraqlandıq və icbari tibbi sığortaya müraciət etdik. Sentyabrın 26-da əməliyyat olundum. Donorum isə atam oldu. İstəyirdim ki, atam olsun, çünki sağlamdır, yaxşı oldu ki, o uyğun oldu.

İki uşağım var, biz bura gələndə onlar çox sevinirdilər. Bildilər ki, babası öz böyrəyini mənə verir. Hətta sevindiklərindən kövrəlib ağlayırdılar. İndi də, şükür Allaha, yolumu gözləyirlər”.

Transplantoloq Mircəlal Kazıminin sözlərinə görə, 2008-ci ildən bəri ümumilikdə 1500-ə yaxın insan üzərində orqan nəqli həyata keçirilib. Bugünədək xəstələrin əksər hissəsi əməliyyat oluna bilmirdi: “Bunun bir neçə səbəbi var idi. Bunların içərisində ailədən, qohumlardan tibbi baxımdan uyğun donorların olmaması, ikinci səbəb isə bu əməliyyatların yetərincə baha olduğuna görə ailələr tərəfindən qarşılana bilinməməsi idi. Ona görə də əməliyyat etdiyimiz pasiyentlərlə ümumi xəstələrimizin sayı arasındakı nisbət tərs mütənasib idi. İcbari tibbi sığortanın tətbiqi ilə müxtəlif sahələrdə əməliyyatlar və müalicələr olunurdu. Yaxın zamanda isə transplantasiya əməliyyatları da icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olundu. Bunun nəticəsində də belə xəstələrin əməliyyat oluna bilmə fürsətləri yarandı. Həm qaraciyər, həm də böyrək köçürülməsinə ehtiyac olan xəstələr rahat şəkildə icbari tibbi sığorta hesabına dövlət təminatı ilə ödənişsiz şəkildə əməliyyat oluna bilirlər. Bizim hospitalda son dövrlərdə həm böyrək, həm də qaraciyər çatışmazlığından əziyyət çəkən xəstələr əməliyyat olunaraq öz sağlamlıqlarına qovuşublar”.

Bəs proses necə həyata keçirilir?

Məlum olduğu kimi, bu ilin avqust ayından icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərin sayı artırılıb. Xidmətlər Zərfinə vətər, əzələ köçürülməsi, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası əməliyyatları da daxil olmaqla 775 sayda yeni tibbi xidmət əlavə olunub. Vətəndaşlar indiyədək böyük maliyyə vəsaiti tələb edən, əlçatmaz görünən cərrahi əməliyyatları artıq icbari tibbi sığorta hesabına ödənişsiz edə bilirlər.

Ölkəmizdə bir neçə mərkəzin orqan transplantasiyası etmə lisenziyası var. Maddi-texniki baza və kadr potensialı imkan verirsə, bu xəstəxanalarda orqan transplantasiyası icra oluna bilər. M.Kazıminin sözlərinə görə, burada ədalətli qərar ondan ibarətdir ki, xəstəyə həm xəstəxananı, həm də həkimi seçmək hüququ verilir: “Xəstələr bizə müraciət edən zaman onlar diaqnozun təsdiqi ilə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə yönləndirilir. Mərkəzdə müvafiq hüquqi sənədlər toplandıqdan sonra hər hansı əngəl olmadıqda sənədlər transplantasiya edilən mərkəzə geri göndərilir və xəstənin arzusuna uyğun olaraq həkim və xəstəxana seçimi təmin edilir”.

Qeyd edək ki, ölkədə icbari tibbi sığorta ilə transplantasiya əməliyyatları sentyabr ayından etibarən həyata keçirilir. Bu günədək 55 orqan transplantasiyası icra olunub.

Gülnar Əliyeva

Foto-video: Xəyal Vəlizadə