“Meydanı separatçılara vermişik” – Şərh

meydani-separatcilara-vermisik-serh
Oxunma sayı: 650

Analitik buna misal olaraq Uruqvayla bağlı son qalmaqalı və ABŞ Konqresinin binasında Dağlıq Qarabağın “müstəqilliyinin” 20 illiyinin qeyd olunmasını göstərib. Elxan Şahinoğlu Uruqvaydakı olaya qayıdaraq bunları deyib: “Əlbəttə, Uruqvayın xarici işlər nazirinin guya Dağlıq Qarabağı tanıyacağına yönəlik açıqlaması erməni dezinformasiyasıydır. Azərbaycanın Argentinadakı səfirliyi Uruqvay XİN-də müraciət etdikdə, onlar ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşdıqlarını açıqlayıblar. Buna baxmayaraq, Uruqvay xarici işlər nazirinin dilindən təkzib eşitmədik. Bu da müəyyən şübhələr yaradır ki, hər halda Uruqvayın xarici işlər naziri Ermənistanın könlünü oxşayan nəsə deyib. Unutmaq lazım deyil ki, sözdə erməni soyqırımını ilk tanıyan ölkə də vaxtilə Uruqvay olub. Demək, gözümüz bu ölkənin üzərində olmalıdır. Mümkün təhlükədən qorunmaq üçün bəlkə də Uruqvayda Azərbaycan səfirliyinin açılmasına ehtiyac var. Latın Amerikasında hələ ki, yalnız Argentinada səfirliyimiz fəaliyyət göstərir. Maliyyə mənbələrimiz kifayət qədərdir, ona görə də Latın Amerikasında səfirliklərin sayının artırılmasına ehtiyac var”.

ABŞ-ın Konqres binasında Dağlıq Qarabağın “müstəqilliyinin” qeyd olunması və separatçıların liderinin Vaşinqtonda qəbulunun da Azərbaycan üçün ciddi bir siqnal olduğunu deyən Elxan Şahinoğlu rəsmi Bakının bu istiqamətdə fəal diplomatiya yürütməsi gərəkliyini bildirib: “Dövlət Departamenti erməni separatçılarının liderinin Konqresdə qəbul olunmaması üçün heç nə etmədi, konqresmenlərə məsələnin mahiyyətini anlatmadı. İkili yanaşma özünü göstərir. Abxaziya və Cənubi Osetiya separatçılarının Konqres binasında qəbulunu təsəvvür etmirəm. Halbuki, Vaşinqton Gürcüstanla yanaşı Azərbaycanın da ərazi bütövlüyünü dəstəkləyir. Əslində hadisələrin bu istiqamətdə inkişafına görə biz də günahkarıq. Xaricdə Azərbaycan lobbisinin formalaşdırılması üçün bu qədər pullar xərcləndiyi halda Dağlıq Qarabağın azərbaycanlı icmasının liderlərinin də Qərb ölkələrində çıxışlarına zərurət var. Meydanı vermişik separatçılara, onlar da bu boşluqdan yararlanaraq Azərbaycana qarşı təxribatlarını davam etdirirlər. Halbuki, Konqresdə Azərbaycanın dostları adlandırılan konqresmenlər də var. Belə isə onların imkanlarından niyə istifadə edilmir?”