“BMT-nin trans-Atlantik qul ticarətinə dair qətnaməsini tam dəstəkləyirik”

bmt-nin-trans-atlantik-qul-ticaretine-dair-qetnamesini-tam-destekleyirik
Oxunma sayı: 333

Bakı Təşəbbüs Qrupu (BTQ) BMT Baş Assambleyasının qəbul etdiyi transatlantik qul ticarətini "bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayət" kimi tanıyan qətnaməni tam dəstəklədiyini bəyan edir.

“Qafqazinfo” xəbər verir ki, müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda mübarizəsinə dəstək verməyi özünün əsas missiyalarından biri hesab edən BTQ qəbul olunmuş bu qətnaməni Afrika mənşəli xalqlara qarşı yüz illərdir davam edən müstəmləkəçi ayrı-seçkiliyin və tarixi ədalətsizliyin aradan qaldırılması istiqamətində irəliyə doğru atılmış mühüm addım hesab edir.

Məlumata görə, trans-Atlantik qul ticarəti müstəmləkəçilik sisteminin ən amansız ifadəsi olmaqla milyonlarla insanı zorla kölə halına saımış, eyni zamanda bu xalqları iqtisadi, mədəni və sosial inkişafdan məhrum etmişdir. Həmin ağır mirasın nəticələri bu gün də davam etməkdədir.

BTQ reparasiya məsələsini maliyyə kompensasiyası olmaqla yanaşı, daha geniş ədalət anlayışının ayrılmaz hissəsi kimi dəyərləndirir, rəsmi üzrxahlıq, müstəmləkə dövründə talan edilmiş mədəni irs nümunələrinin geri qaytarılması, təhsil və ianə fondlarının yaradılması və bu cür cinayətlərin bir daha təkrarlanmamasına zəmanət verən beynəlxalq mexanizmlərin formalaşdırılması məsələsini dəfələrlə qaldırıb:

“Təşkilatımız Afrika mənşəli xalqların üzləşdiyi ədalətsizlikləri beynəlxalq platformalarda ardıcıl olaraq gündəmə gətirmiş və bu xüsusda 2024-cü ilin dekabrında və 2025-ci ilin aprelində BMT-nin Baş Qərargahında “Afrika əsilli xalqların hüquqları üzrə işçi qrupunun 35-ci sessiyası”nda və “Afrika əsilli şəxslərin Daimi Forumunun 4-cü sessiyası”nda fəal iştirak etmişdir. BTQ həmin sessiyalarda neokolonializmin aradan qaldırılması və müstəmləkəçiliyə məruz qalmış ərazilərdə Afrika əsilli xalqların hüquqlarının müdafiəsi məsələlərini bir daha gündəmə gətirib.

Həmçinin, müstəmləkə altında hələ də yaşayan afrika mənşəli xalqlarla bağlı çoxsaylı hesabatlar dərc edilmiş, görülən işlər barədə hesabat BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına təqdim edilib. BMT Baş Katibinin hesabatında Bakı Təşəbbüs Qrupuna istinad edilməsi isə təşkilatın beynəlxalq etimada malik tərəfdaş kimi tanındığını və müstəmləkəçiliyə məruz qalan xalqların səsini dünyaya çatdırmaqda mühüm platforma rolunu oynadığını təsdiq edir”.

Bakı Təşəbbüs Qrupu BMT-yə üzv dövlətlərdən bu qətnamədən irəli gələn müddəaları praktiki addımlarla həyata keçirməyə, reparasiya üzrə dialoqu dərinləşdirməyə və tarixi ədalətin bərqərar edilməsi istiqamətində konkret öhdəliklər götürməyə çağırır.