Novruz Məmmədov Klintona cavab verdi

novruz-memmedov-klintona-cavab-verdi
Oxunma sayı: 663

“Qafqazinfo” AzərTAc-a istinadən xəbər verir Novruz Məmmədov deyib: “İnsan haqları mövzusunda diskussiyalar, heç şübhəsiz, müasir aləmdə çox böyük əhəmiyyət kəsb edir və bu hüquqları müdafiə etməyə çalışmaq tamamilə normal haldır. Lakin məgər insan haqları öz əhəmiyyətinə görə müxtəlif kateqoriyalara bölünürmü?”
Şöbə müdiri qeyd edib ki, ABŞ Dövlət Departamenti erməni təcavüzünün qurbanı olmuş bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının pozulması məsələsinə tamamilə etinasızlıq göstərir.
ABŞ dövlət katibi Hillari Klinton 2011-ci il dekabrın 9-da Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə verdiyi bəyanatda bu sahədə mövcud pozuntular barədə söhbət açaraq mənfi nümunələrdən biri kimi Zimbabve dövləti ilə yanaşı Azərbaycan Respublikasının da adını çəkib.
Prezident Administrasiyasının rəsmisi sual edib: “Əgər bu, Birləşmiş Ştatlar üçün həqiqətən vacib məsələdirsə, onda elə həmin Dövlət Departamentinin erməni tərəfin qanunazidd silahlı təcavüzü nəticəsində doğma torpaqlarından qovulmuş 1 milyon azərbaycanlı qaçqının və məcburi köçkünün hüquqlarının pozulması məsələsində susmasını nə ilə izah etmək olar? Nə üçün bu barədə heç kəs ciddi bəyanatla çıxış etmir?
Yəqin ki, dövlət katibi üçün bu çıxışı hazırlamış şəxslər Zimbabve ilə yanaşı Azərbaycan haqqında danışanda ingilis əlifbasının məntiqinə əsaslanıblar. Lakin ya onlar bu əlifbanı pis öyrəniblər (ən azı həmin əlifbaya görə Azərbaycandan əvvəl Ermənistanın adı çəkilməli idi), ya da biz ABŞ-ın xarici siyasətində yenə ikili standartların təzahürü ilə üzləşirik.
Belə təəssürat yaranır ki, Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var. Amerika məhz bu cür münasibət nümayiş etdirir və bu xəttə sadiq qalacağını hər dəfə sübut edir. Hətta Ermənistanda seçkilər kobud şəkildə saxtalaşdırılanda buna etiraz edənlərin qovulması zamanı 30 nəfər öldürüləndə də ABŞ tamamilə susmuşdu.
Hətta Ermənistan həbsxanalarında yüzlərlə siyasi məhbus saxlansa, hakimiyyət bütün KİV-ləri bağlasa və fövqəladə vəziyyət elan etsə belə, ABŞ susacaq. Belə təəssürat yaranır ki, ABŞ-ın erməni diasporu qarşısında hansısa ciddi öhdəlikləri var və bu, həm media qurumlarını, həm də rəsmi şəxsləri yalnız Azərbaycan haqqında mənfi fikir söyləməyə, Ermənistan barəsində isə yalnız müsbət rəy bildirməyə məcbur edir”.