“Bu il 1500 mənzil və evin verilməsi planlaşdırılır”

bu-il-1500-menzil-ve-evin-verilmesi-planlasdirilir
Oxunma sayı: 2013

"Son 3 ildə imtiyazlı şəxslərə 5500-ə yaxın mənzil təqdim olunub". 

"Qafqazinfo" xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə komitə iclasında bildirib. 

Nazir qeyd edib ki, bu il ərzində də 1500 mənzil və evin təqdim edilməsi planlaşdırılır: "İlin sonuna qədər proqramın cari il üzrə hədəfləri tam icra olunacaq. Növbəti ildə də proqram davam edəcək".

O əlavə edib ki, imtiyazlı şəxslərə mənzil təqdim edilməsi onların növbəliliyi prinsipinə əsaslanır. Nazir bildirib ki, bu da yerli icra hakimiyyəti orqanları tərəfindən aparılır:

“Qanunvericiliyin tələbi də ondan ibarətdir ki, hər hansı imtiyazlı şəxs mənzil uçotuna götürüldükdə mülkiyyət mənzil sahəsi nəzərə alınmalıdır. Sahə normativdən aşağıdırsa, çatışmayan hissə qədər mənzil sahəsi nəzərə alınır. Bu günə qədər 14 min 150 mənzil verə bilmişik. Ancaq I və II Qarabağ müharibəsi şəhidləri və əlillərini nəzərə aldıqda, bu rəqəm verilən mənzil sayından qat-qat çoxdur. Belə tələbin mənzil məcəlləsindən çıxarılması onunla nəticələnə bilər ki, bu gün ehtiyacı daha yüksək olanlar gözləyə-gözləyə, digər kontingentə 2-ci və ya 3-cü ev verilər. Ən azından mənzil mülkiyyəti olmayan insanların təminatı yekunlaşandək mexanizmlə davam etməli, sonra növbəti mərhələdə digər şəxslərin mənzil təminatına baxıla bilər”.

Zaur Mirzə