“Onlar üçün heç bir mənzil siyasəti ədalətli ola bilməz”

onlar-ucun-hec-bir-menzil-siyaseti-edaletli-ola-bilmez
Oxunma sayı: 392

“Yaşayış məsələləri ilə bağlı texniki müzakirələrdə tez-tez diqqətdən kənarda qalan açıq bir həqiqəti xatırlatmaq istəyirəm. Torpaq üzərində, öz institutları üzərində və kollektiv gələcəyi üzərində nəzarətə malik olmayan bir xalq üçün heç bir mənzil siyasəti ədalətli ola bilməz”.

“Qafqazinfo” xəbər verir ki, bunu Beynəlxalq Reparasiyalar Hərəkatının prezidenti Jan-Pyer Jose Martin WUF 13 çərçivəsində Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil edilən “Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı” adlı beynəlxalq konfransda deyib.

“Bu forumun mövzusu hər kəs üçün yaşayış məskənləridir. Lakin xalqın özü öz cəmiyyətinin strukturuna nəzarət etmədiyi halda buna necə nail olmaq olar? Bu cəmiyyət müstəmləkəçilikdən miras qaldığı və eyni ərazi məhrumiyyəti əsasında təşkil olunmağa davam etdiyi halda bunu necə etmək olar?

Qvadelupada mənzil böhranı yalnız iqtisadi çətinlik deyil, bu, bir xalqla asılılıq məntiqi üzərində qurulmuş inzibati sistem arasındakı tarixi balanssızlıqların müasir ifadəsidir. Bu gün biz bu reallığı beynəlxalq hüquq, insan hüquqları və ərazi ədaləti dili ilə ifadə etmək istəyirik.

Bizim ilk mübarizəmiz hüquqi tanınma uğrunda mübarizədir. Administrasiya Qvadelupadan “əhali” kimi danışır. Halbuki beynəlxalq hüququn dilində “əhali” inzibati kateqoriyanı ifadə edir. “Xalq” isə tarixi davamlılığa, kollektiv yaddaşa, ərazi ilə xüsusi münasibətə və öz müqəddəratını təyin etmək hüququna malikdir. Bu prinsip marginal bir tələb deyil. O, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, eləcə də Baş Assambleyanın müstəmləkə xalqlarına müstəqillik verilməsi ilə bağlı 1514 saylı qətnaməsində təsbit olunub.

Qvadelupa xalqının hüququn kollektiv subyekti kimi tanınması olmadan mənzil məsələsi xalqın özünün torpaqdan mərhələli şəkildə kənarlaşdırılmasından başqa bir şey olmayacaq”, - hərəkat lideri bildirib.

Günel İbrahimova