“WUF13 Bakının qlobal şəhərsalma gündəliyində artan rolunu təsdiqləyir”

wuf13-bakinin-qlobal-sehersalma-gundeliyinde-artan-rolunu-tesdiqleyir
Oxunma sayı: 283

Hazırda Azərbaycan bir sıra qlobal problemlərin və təşəbbüslərin müzakirə olunduğu, həll yollarının axtarıldığı əhəmiyyətli beynəlxalq platformaya çevrilib. Bu baxımdan, son dövrlərdə Azərbaycan kimi böyük sıçrayış edən və diqqət çəkən ikinci bir dövlət nümunəsi yoxdur. Mayın 17-də Bakıda işə başlayan Dünya Şəhərsalma Forumu (WUF13) bu reallığı bir daha sübut edir.

Müxtəlif ölkələrdən memarları, urbanistləri, mühəndisləri, dövlət qurumlarını, investorları və ekoloji təşkilatları bir araya gətirən Dünya Şəhərsalma Forumunda şəhərlərin planlaşdırılması, davamlı inkişaf, nəqliyyat infrastrukturu, “ağıllı şəhər” texnologiyaları və ekoloji problemlər müzakirə olunur.

Bu tədbirlərin məqsədi şəhərlərin daha rahat və təhlükəsiz olması, ekoloji tarazlığın qorunması, müasir texnologiyaların şəhər idarəçiliyinə tətbiqi və bu müstəvilərdə beynəlxalq təcrübə mübadiləsinin aparılmasıdır.

Bu zaman ağıllı şəhər və rəqəmsal texnologiyalar vasitəsilə nəqliyyatın idarə olunması, təhlükəsizlik sistemləri və kommunal xidmətlərin optimallaşdırılması siyasəti həyata keçirilir.

Metro, avtobus şəbəkələri, velosiped yolları və piyadalar üçün rahat mühitin yaradılması, müasir tikinti, tarixi abidələrin və milli memarlıq nümunələrinin qorunması yolları Dünya Şəhərsalma Forumunun əsas müzakirə mövzuları sırasında yer alır. Belə tədbirlərin gündəliyinə nəzər saldıqda göz önünə istər-istəməz ilk növbədə Azərbaycan gəlir. Belə ki, son illərdə şəhərsalma və “ağıllı şəhər” layihələrinə xüsusi diqqət ayıran Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi bərpa və yenidənqurma işləri beynəlxalq səviyyədə böyük marağa səbəb olub. Müasir infrastrukturun qurulması və ekoloji yanaşmalar Azərbaycanın urbanizasiya siyasətinin əsas istiqamətləri sırasında yer alıb.

Yeri gəlmişkən, istər Qarabağ bölgəsində, istərsə də ümumrespublika miqyasında müasir şəhərsalma çərçivəsində yalnız yerli şirkətləri deyil, həm də xarici şirkətləri cəlb etməklə Azərbaycan bu sahədə xarici təcrübəni öyrənir, ölkəmizə sərmayələrin və turistlərin axınına ciddi zəmin yaradır. Bu mənada, Bakıda keçirilən WUF13 yalnız beynəlxalq tədbir kimi deyil, həm də Azərbaycanın son illərdə formalaşdırdığı yeni inkişaf modelinin qlobal təqdimatı kimi qiymətləndirilməlidir.

Forumda 182 ölkədən 45 mindən artıq nümayəndənin iştirakı tədbirə qlobal miqyasda böyük marağın göstəricisi olmaqla yanaşı, eyni zamanda şəhərsalma, dayanıqlı inkişaf və yaşayış mühiti məsələlərinin artıq beynəlxalq siyasətin əsas gündəliklərindən birinə çevrildiyini və Azərbaycanın bu müstəvidə əhəmiyyətli aktora çevrildiyini nümayiş etdirir.

Qeyd etmək lazımdır ki, WUF13-ün keçirilməsi üçün Azərbaycan paytaxtının məkan kimi seçilməsi heç də təsadüfi deyil. Təkcə son ilyarımda Azərbaycanın artıq ikinci böyük qlobal tədbirə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunun artmasının nəticəsidir. Bundan əvvəl COP29-un uğurla təşkili Azərbaycanın qlobal dialoq platforması kimi mövqeyini xeyli gücləndirmişdi. WUF13 isə bu ənənənin davamı kimi Azərbaycanın artıq enerji və geosiyasi məsələlərlə yanaşı, urbanizasiya, dayanıqlı şəhər inkişafı və insan yönümlü idarəetmə sahəsində də beynəlxalq müzakirələrin fəal iştirakçısına çevrildiyini sübuta yetirdi.

Forumun açılış mərasimindəki çıxışında ölkəmizin şəhərsalma siyasətinin fəlsəfəsini tədbir iştirakçılarının diqqətinə çatdıran Azərbaycan Prezidenti İlham Əliyev Bakının “qədimliklə yeniliyin təbii vəhdəti” olduğunu vurğulayaraq bildirdi ki, inkişaf yalnız modern tikililərlə deyil, tarixi irsin qorunması ilə paralel aparılmalıdır. İçərişəhərdən başlayaraq müasir bulvarlara, Avropa memarlıq üslubunda inşa edilmiş XIX əsr binalarından yeni urbanistik layihələrə qədər Azərbaycan paytaxtı bu harmoniyanın canlı nümunəsi kimi təqdim olundu.

Əslində, son 20 ildə Bakının simasında baş verən dəyişikliklər Azərbaycanın urbanizasiya siyasətinin ən bariz nümunələrindən biridir. Vaxtilə sənaye çirkliliyi ilə tanınan “Qara şəhər” ərazisinin bu gün “Ağ şəhər” layihəsi çərçivəsində inkişafı şəhərsalma siyasətində transformasiya reallığını və gücünü sərgiləyir. Yeni bulvarın salınması, Bibiheybət və Böyükşor kimi ərazilərin yenidən qurulması, paytaxtda 100-ə yaxın park və ictimai məkanın yaradılması urbanistik inkişafın yalnız estetik deyil, həm də sosial və ekoloji məqsədlərə xidmət etdiyini göstərir.

Azərbaycanın şəhərsalma siyasətində diqqət çəkən əsas məqamlardan biri insanların həyat keyfiyyətinin yüksəldilməsinin prioritet kimi müəyyən edilməsidir. Prezident İlham Əliyev çıxışında şəhərsalmanın yalnız tikinti və infrastruktur məsələsi deyil, eyni zamanda insanların rahat, təhlükəsiz və ləyaqətli yaşayışının təminatı demək olduğunu xüsusi vurğuladı. Məhz bu baxımdan ictimai nəqliyyatın inkişafı, mikromobillik imkanları, ekoloji şəhər mühiti və sosial infrastruktur layihələri vahid inkişaf konsepsiyasının tərkib hissəsi kimi həyata keçirilir.

Bu siyasətin ən mühüm nümunəsi işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma prosesidir. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri artıq beynəlxalq miqyasda müasir və planlı şəhərsalmanın modeli kimi qəbul edilir. Ağdam, Zəngilan və digər şəhərlərin baş planlarının hazırlanması, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, geniş infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanın dağıdılmış əraziləri yalnız bərpa etmədiyini, onları yeni urbanistik standartlar əsasında yenidən qurduğunu sübuta yetirir.

Dövlət başçısının diqqətə çatdırdığı kimi, son beş ildə azad edilmiş ərazilərdə 70 kilometrdən çox tunel, yüzlərlə körpü, beynəlxalq hava limanları, dəmir yolları, məktəblər, xəstəxanalar və yaşayış kompleksləri inşa olunub. Hazırda həmin ərazilərdə 85 mindən çox insan yaşayır. Bu isə “Böyük Qayıdış” proqramının artıq real sosial nəticələr verdiyinin danılmaz nümunəsidir.

Forum çərçivəsində diqqətəlayiq məqamlardan biri də beynəlxalq təşkilat rəhbərlərinin və qlobal liderlərin Azərbaycanın əldə etdiyi nailiyyətlərə beynəlxalq müstəvidə verdikləri qiymətdir. BMT-nin Məskunlaşma Proqramının rəhbəri Anaklaudia Rossbax Bakıda keçirilən forumu “ən geniş və müxtəlif qlobal auditoriyanı bir araya gətirən tədbir” adlandırıb. BMT nümayəndələri Azərbaycanın qonaqpərvərliyini, təşkilati imkanlarını və şəhərsalma sahəsində həyata keçirdiyi siyasəti yüksək qiymətləndirirlər.

Forumun əsas mesajlarından biri də şəhərsalmanın artıq yalnız memarlıq və infrastruktur məsələsi olmadığı, insan hüquqları, sosial bərabərlik, iqlim dayanıqlılığı və iqtisadi inkişafla birbaşa bağlı strateji sahəyə çevrilməsidir. WUF13-də səsləndirilən fikirlər bir daha sübut etdi ki, dünyanın urbanizasiya prosesinə yeni yanaşma formalaşdırmağa çalışdığı bir dövrdə Azərbaycan bu prosesdə fəal iştirakçı olmaq iddiasını açıq şəkildə nümayiş etdirir.

Sözsüz ki, Bakıda keçirilən WUF13 ölkəmizin beynəlxalq imicinə yeni siyasi və humanitar məzmun qazandırdı. Əgər COP29 Azərbaycanın qlobal iqlim gündəliyində rolunu ön plana çıxarmışdısa, WUF13 ölkəmizin şəhərsalma, dayanıqlı inkişaf və insan yönümlü urbanizasiya sahəsində regional mərkəzə çevrilmək potensialını nümayiş etdirdi.

Bu kontekstdə, WUF13 yalnız beynəlxalq forum deyil, həm də Azərbaycanın inkişaf modelinin təqdimatı, şəhərsalma siyasətinin beynəlxalq legitimləşməsi və Bakının qlobal urbanistika xəritəsində mövqeyinin güclənməsi kimi qiymətləndirilə bilər. Bu baxımdan, Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı təhlükəsizlik arxitekturası və irəli sürdüyü gündəlik, habelə azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa və abadlıq tədbirləri beynəlxalq müasir şəhərsalma siyasətinə ən ciddi töhfələrdən biridir.

Politoloq Sahil İsgəndərov