Hindistana yarım milyardlıq silah satacaqlar

hindistana-yarim-milyardliq-silah-satacaqlar
Oxunma sayı: 535

ABŞ Dövlət Departamenti Hindistana ümumi dəyəri 428,2 milyon dollar olan silah və hərbi avadanlıq satışına razılıq verib.

“Qafqazinfo” xəbər verir ki, satış paketinə “Apache” helikopterləri üçün texniki xidmət və dəstək xidmətləri, eləcə də, M777A2 tipli ultra yüngül haubitsalar daxildir.

Bildirilib ki, paketlər iki ayrı razılaşma şəklində təsdiqlənib. Birinci hissə “Apache” helikopterləri və əlaqəli avadanlıqlar üçün xidmətləri əhatə edir və təxmini dəyəri 198,2 milyon dollar təşkil edir. İkinci hissə isə 230 milyon dollar dəyərində M777A2 haubitsalarının satışını nəzərdə tutur.

Qeyd edilib ki, bu satışlar ABŞ-Hindistan strateji tərəfdaşlığını gücləndirəcək, Hindistanın mövcud və gələcək təhdidlərə cavab imkanlarını artıracaq və ABŞ-nin milli təhlükəsizlik maraqlarına uyğun olacaq.

Hindistan isə hərbi modernizasiya proqramını davam etdirir. Ölkənin Müdafiə Nazirliyi mart ayında Rusiya istehsalı S-400 hava hücumundan müdafiə sistemləri də daxil olmaqla, ümumilikdə 25 milyard dollarlıq yeni hərbi satınalma planını təsdiqləyib.

Qeyd edək ki, Hindistan 2018-ci ildə Rusiya ilə 5,3 milyard dollarlıq S-400 müqaviləsi imzalayıb. Razılaşmaya daxil olan beş sistemdən ikisinin hələ də təhvil verilmədiyi bildirilir.

Buna baxmayaraq, Hindistan həm Rusiya, həm də ABŞ ilə hərbi əməkdaşlığını davam etdirir.