“ABMA ilə TDBB-nin əməkdaşlığının gücləndirilməsi bələdiyyə sisteminə töhfə verəcək” - Təmraz Tağıyev

abma-ile-tdbb-nin-emekdasliginin-guclendirilmesi-belediyye-sistemine-tohfe-verecek
Oxunma sayı: 352

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının (ABMA) inzibati binasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək üçün Bakıda səfərdə olan Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) nümayəndələri ilə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev Türk Dünyası Bələdiyyələr Birliyinin rəsmilərinin Bakıya səfərindən məmnunluq duyduğunu, son illərdə Türkiyə-Azərbaycan əlaqələrinin yüksək səviyyədə inkişaf etdirildiyini, bununla yanaşı TDBB-nin İdarə Heyətinin üzvü kimi iclaslarda aktiv iştirakın daha sıx əməkdaşlığa zəmin yaratdığını xüsusilə qeyd edib.

Təmraz Tağıyev çıxışında vurğulayıb ki, tarixi köklərlə bir-birinə bağlı olan türkdilli dövlətlər bütün sahələrdə münasibətləri dərinləşdirməkdədir. Sədr Türkiyə-Azərbaycan dostluğunun əsrlər boyu yaşayacağını və bu dostluğun dərin tarixi köklərlə bir-birinə bağlı olan bu münasibətlərin qardaşlıq prinsipləri əsasında qurulduğunu bildirib.

Tədbirdə Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının Əlaqələndirici koordinatoru Aydın Muradov Milli Assosiasiyaların fəaliyyəti, vəzifələri və mövcud zamanda ölkə bələdiyyələri ilə qarşılıqlı əməkdaşlığı, həmçinin son illər assosiasiyaların həyata keçirdiyi mühüm işləri qonaqların diqqətinə çatdırıb.

TDBB-nin prezidenti və Konya Böyükşəhər Bələdiyyəsinin sədri Uğur İbrahim Altay Azərbaycana səfərin, onlara qarşı doğma münasibətin xoş hisslər yaratdığını bildirib. O həmçinin Türkiyə-Azərbaycan dostluğunun daha çox inkişaf etdirilməsini, Türkiyə bələdiyyə sisteminin mövcud vəziyyətini, Konya Böyükşəhər Bələdiyyəsinin həyata keçirdiyi layihələri, TDBB-nin fəaliyyəti haqqında əsas istiqamətləri diqqətə çatdırıb.

Müzakirələr zamanı Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının təsis etdiyi Bələdiyyələrin Rəqəmsallaşama və İnnovasiya Mərkəzinin yaradılması, bələdiyyələrin vahid informasiya sisteminin təkmilləşdirilməsi, dövlət orqanlarına inteqrasiyası, bələdiyyələrin fəaliyyətinin yaxşılaşdırılmasındakı rolu, yerli vergilərin yığımına müsbət təsiri və bir sıra məsələlər qeyd edilib.

Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb, Türk dünyası çərçivəsində ABMA ilə TDBB arasında əməkdaşlığın daha da gücləndirilməsi perspektivlərini müzakirə ediblər. Sonda qarşılıqlı əməkdaşlığın bundan sonra daha da inkişaf etdirilməsi qərara alınıb.

Bundan sonra Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) prezidenti və Konya Böyükşəhər Bələdiyyəsinin sədri Uğur İbrahim Altayı Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) baş katibi Ramil Həsən qəbul edib. Görüşdə TDBB-nin İdarə Heyətinin üzvü və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, həmçinin TDBB-nin baş katibi Taha Zahid Özdemir iştirak edib.