İki ilə yaxındır onlar üçün dünya, sanki, sevgi, ünsiyyət və möhtəşəm insanlar sayəsində daha da gözəlləşib. Cəmi 170 kv. metrlik balaca məkana böyük ürəklər sığdırıblar. Söhbət Azərbaycanın ilk və hələ ki yeganə inklüziv kafesi - “Kashalata” və orada çalışan neyromüxtəlifliyi olan gənclərdən gedir. Onlarla autizm və daun sindromlu gənc kafedə özünə təkcə iş yeri tapmayıb, bu məkan az qala onların ikinci evinə çevrilib.
“Qafqazinfo” olaraq “Trendyol”un dəstəyi ilə kafeyə təşkil olunan mediaturda iştirak etdik, neyromüxtəlifliyi olan gənclərlə söhbətləşdik, onlar üçün yaradılmış şəraitlə tanış olduq.
“Kashalata”da hazırlanan hər şey xüsusi qayğı və diqqətlə ərsəyə gəlir və hər qonaq sadəcə müştəri deyil, daha müqəddəs missiyanın, ürəkaçan hekayənin bir hissəsidir. Bunu kafeyə ayaq basdığımız ilk dəqiqədən hiss etmək olurdu. Burada bərabər imkanlar reallıqdır.
Gəlişimiz kafenin gənc əməkdaşlarından olan Əzizin ad gününə təsadüf edirdi. 20 yaşı tamam olan gənc arzu tutub tortun şamlarını üfürür. Biz də ona ən xoş arzularımızı çatdırırıq.

Adətən sosial layihələr şəxsi hekayələrlə bağlı olur. Bu inklüziv kafenin də hekayəsi təxminən eynidir. Tərəfdaşların maddi və mənəvi dəstəyi ilə “Kashalata” möcüzəsi gerçəkləşib. Kafenin həmtəsisçisi, “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalovanın sözlərinə görə, Dövlət Məşğulluq Agentliyi kafeni vorkşopla bağlı bütün avadanlıqlarla təmin edib. SOCAR kafenin interyerinin təmir prosesini həyata keçirib. KOBİA tərəfindən mebel verilib, “Trendyol” isə 2 ildir kafedə çalışanlara maaş dəstəyini verir. Kafenin fəaliyyət göstərdiyi məkan “PAŞA Holding” tərəfindən təmin olunub. Onlar bu tərəfdaşlarla birgə daha böyük uğurlar əldə etmək niyyətindədirlər.
A.Eynalova özü də 22 yaşlı autizmli gəncin anasıdır. Oğlu Həmzə hazırda kafedə aşpaz köməkçisidir.
Həmsöhbətimiz deyir ki, övladının ilk diaqnozunu alanda autizmlə bağlı heç bir məlumatı olmayıb. Onunla öyrənib, onunla həyatına davam edib və onunla birlikdə həyat fəaliyyətinin hədəfini, yönünü dəyişdirmək məcburiyyətində qalıb: “2017-ci ildən pilot layihə kimi fəaliyyətə başlamışıq və 2024-cü ilin oktyabrından isə “Kashalata” ölkəmizə individual şəkildə tanıdılıb. Hazırda burada 10 neyromüxtəlifliyi olan əməkdaş çalışır. Bizim üçün bu layihənin davamlılığı və həmin şəxslərin cəmiyyətə inteqrasiyası çox önəmlidir. Autizm artıq dünyada çox qlobal məsələdir. Dünyanın qabaqcıl araşdırma mərkəzi olan CDC-nin statistikasına görə, hər 31 uşaqdan biri dünyaya gözlərini autizmli olaraq açır. Bu, çox böyük saydır. Ölkəmizdə rəsmi statistika olmasa da, təxminən 1-2 faiz arası əhalinin autizmli olduğu söylənilir. Bu insanların cəmiyyətə inteqrasiyası üçün erkən müdaxilə modellərinin düzgün şəkildə olması, məktəbyaşlı övladlarımızın düzgün müdaxiləyə cəlb edilməsi, sonrakı həyatlarında məşğulluğun təmin olunması çox vacibdir. Autizm nə qədər çox erkən müəyyən edilsə, belə şəxslərin 40 faizi cəmiyyətə inteqrasiya olunur, universitet oxuyacaq səviyyəyə gəlir. Bizdə də siz belə gənclərin nümunələrini görə bilərsiniz. Bu bizim üzümüzü güldürən və ailələrə motivasiya verən hekayələrdir.
Bu 170 kv. metrlə biz cəmiyyətə çox böyük bir mesaj çatdırırıq. Neyromüxtəlifliyi olan insanlara çox kiçik bir məkanda olsa belə iş imkanı təqdim etdiyiniz müddətcə onların bacarmayacağı heç bir iş yoxdur. Biz bunu burada canlı şəkildə görürük”.
.jpg)
“Trendyol’’un Azərbaycanda Korporativ kommunikasiyalar direktoru Süheylə Cəfərova “Kashalata” kafesinə olan dəstəkdən danışıb: “Müasir dünyada bizneslərin uğuru yalnız iqtisadi nəticələrlə ölçülmür. İnsanların həyatına müsbət təsir göstərmək və cəmiyyət üçün dəyər yaratmaq “Trendyol”un sosial təsir hədəflərinə daxildir. Bu məqsədlə də çalışdığımız bütün coğrafiyalarda sosial təsir və dayanıqlılıq layihələri həyata keçirir, həm müştərilərimizin, həm də orada yaşayan insanların həyatında müsbət dəyişikliklərə töhfə verməyə çalışırıq.
Bu təşəbbüslər çərçivəsində Azərbaycanda fəaliyyətə başladığımız dövrdən etibarən korporativ sosial məsuliyyət və dayanıqlılıq strategiyamıza uyğun müxtəlif sahələri əhatə edən layihələr icra etmişik. Bunların bir çoxunu Azərbaycandakı tərəfdaşımız “PAŞA Holding” ilə birlikdə etmişik və iki ildir icra olunan o layihələrdən biri də “Kashalata” kafesinə olan dəstəkdir”.
Neyromüxtəlifliyi olan gənclərlə tanışlıq, onların müsbət enerjisini hiss etmək adama xüsusi zövq verir. Bu gənclərin, demək olar ki, heç biri əvvəllər haradasa çalışmayıb. Burada onlar həm işi öyrənir, həm də çalışırlar. Aytac, Gülbəniz və Nuridə adlı iş koçları isə onlara nəzarət edir, iş mühitinə və prosesə adaptasiyalarına yardımçı olurlar.

Kafedə qoyulmuş lövhədə də qeyd olunduğu kimi hər şey sevgi ilə hazırlanır. Menyuya göz gəzdiririk: salatlar, sendiviçlər, tostlar, rollar, limonatlar, klassik qəhvə növləri - amerikano, espresso, kapuçino, latte və digər qəlyanaltı və içkilər.
Müştərilərə təqdim olunan içkiləri hazırlayanlardan biri 25 yaşlı Əlisahib Bayramovdur. Azərbaycan İdman Akademiyasının məzunu olan barista həm də gözəl piano ifaçısıdır. O da digər həmkarları kimi fasilə ilə işləyir və növbə ilə bir-birini əvəzləyirlər.
İlyas Əfəndiyev də kafedə barista vəzifəsini icra edir. Daha çox espresso, kapuçino, latte hazırlayır. Ən sevdiyi içki isə kapuçinodur. Söhbətimizdə deyir ki, fasiləyə çıxarkən öz seçimləri ilə çay və ya kofe içirlər. O isə adətən sevimli içkisini – kapuçinonu içir.
21 yaşlı Hüseyn Hüseynzadə də burada çalışan bacarıqlı gənclərdəndir. Əsas işi qonaqları qarşılamaq, onları məkanla tanış etmək və xidmət göstərməkdir. Hüseyn “Kashalata” ilə yanaşı, həm də SOCAR-da kompüter operatoru kimi çalışır. Hüseynin avtomobillərə xüsusi marağı var. Boş vaxtları olanda kompüterdə maşın oyunları oynayır.
Bu gün doğum gününü qeyd etdiyimiz 20 yaşlı Əziz Qəmbərovla daha yaxından tanış olmaq imkanımız olur. Azərbaycan Dillər Universitetinin 3-cü kurs tələbəsi olan gənc 3 dildə sərbəst danışır. Deyir ki, 1,5 ildir burada işləyir, aldığı maaş da onu qane edir: “Əvvəl “Birgə və Sağlam” İB-də könüllü idim. Gördülər ki, bacarıqlıyam, işə götürdülər. Çalışıram həmişə hər şeyi diqqətlə edim, gülərüz, mehriban olum. Çünki mən hesab edirəm ki, bu məqamlar çox vacibdir. Müştərilər çox razı qalırlar, bizə münasibət çox yaxşıdır. Əvvəllər könüllü olanda həm də ofisiant kimi çalışırdım. Hazırda isə baristayam. Özümü burada xoşbəxt hiss edirəm. Çünki bu yer müsbət enerji ilə doludur. Məni burada maaş da qane edir.
Arzularım çoxdur. Əsas arzum odur ki, həyatımda hər şey ideal olsun. Çoxlu ölkələrə səfər etmək istəyirəm. Həm də qəşəng maşınım olsun istəyirəm. Daha əvvəl də xaricdə - Gürcüstanda, Türkiyədə olmuşam. Tbilisi, İstanbul mənim üçün çox maraqlı idi. İstanbulda da bizim kimi müsəlmandırlar, onların şəhərlərinin arxitekturası çox maraqlıdır. Ora sanki başqa mühitdir. Orada kilsələri də ziyarət etdim. Mən ümumiyyətlə dini arxitekturanı çox sevirəm. Yaponiyanı, Tailandı, həmçinin Avropa ölkələrini, Almaniyanı, İslandiyanı görmək istəyərdim”.
Əslində bir gəncin 20 yaşında belə uğur qazanması, bir neçə dildə danışması, işinin olması, ən əsası isə kifayət qədər sağlam düşüncəsinin olması valehedicidir. Yəqin ki, arzuları da bizim üçün nə qədər maraqlıdırsa, oxucu üçün də o qədər maraqlıdır: “Bura əcnəbilər də gəlir. Bəzi məqamlarda onları başa düşməyəndə mənə müraciət edirlər. Rus və ingilis dillərində sərbəst danışıram. Çünki Dillər Universitetinin “İngilis dili müəllimliyi” ixtisası üzrə 3-cü kurs tələbəsiyəm. Səhər dərslərə gedirəm, günortadan sonra bura gəlirəm. İlk vaxtlar yorulsam da, sonra düşündüm ki, bu, müvəqqətidir.
Boş vaxtlarımda musiqiyə qulaq asıram, həyatı analiz edirəm, şəkil çəkirəm. Arada da gəzməyə, bulvara gedirəm. Analiz edib gəldiyim nəticə isə odur ki, həyat həmişə tam ideal ola bilməz. Hər şeyin öz dərəcəsi, limiti var...”
Bitmək üzrə olan söhbətimizi kafenin girişində qoyulan pianodakı həzin musiqinin səsi kəsir. Öyrənirik ki, buradakı gənclər hərtərəfli istedadları ilə seçilirlər. Onlardan biri də Kənandır. O, əvvəlcə “Sarı gəlin” mahnısından bir parça ifa edir. Növbəti parça isə türkiyəli müğənni Nilufərin “Çok uzaklarda...” mahnısındandır. Musiqilər o qədər həzz verir ki, həmkarlarımız da onlara qoşulur, mikrofonu alıb mahnı oxuyan, şeir deyənlər də tapılır.
Burada, həqiqətən də, hər kəsin bir yerdə olduğu və hər kəsin bərabər olduğu inklüziv mühit var. Beynəlxalq təcrübə göstərir ki, inklüziv məşğulluq təkcə sosial məsuliyyət deyil, həm də iqtisadi baxımdan səmərəli layihə ola bilər. Bunu cəmiyyətə çatdırmaq da şərtdir. Yəqin ki, kafenin mahiyyətini anladıqdan sonra insanlar bura daha tez-tez gələcəklər.
Elə “Kashalata”ya daxil olanda hiss etdiyimiz o hərarət və sevgi ilə də yola salınırıq. Növbəti inklüziv kafedən reportaj etmək arzusu ilə.
Gülnar Əliyeva





