“Yeni Dövlət Proqramı bu sahələrin inkişafını nəzərdə tutur”

yeni-dovlet-proqrami-bu-sahelerin-inkisafini-nezerde-tutur
Oxunma sayı: 688

“Yeni Dövlət Proqramı 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində dayanıqlı inkişafın təmin edilməsini, ərzaq təhlükəsizliyinin gücləndirilməsini, daxili istehsal potensialının, məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılmasını, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsini, aqrar sahədə dəyər zəncirlərinin inkişaf etdirilməsini, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur”.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Qubada kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi ilə bağlı keçirilən regional müşavirədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev deyib.

“Heç şübhə yoxdur ki, aparılacaq müzakirələr Dövlət Proqramının icra mexanizmlərinin dəqiqləşdirilməsinə və qarşıdakı illərdə aqrar sahədə daha güclü nəticələrin əldə olunmasına töhfə verəcək”, - deyə Prezidentin köməkçisi bildirib.

Ağcabədi rayonunda keçirilən regional müşavirədə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev isə deyib ki, məhsuldarlığı maksimum artırılması bu gün aqrar sahənin qarşısında duran əsas vəzifələrdəndir: “Burada əsas məqsəd yalnız əkin sahələrinin və heyvan baş sayının artırılması deyil, mövcud torpaq və su resurslarından, damazlıq və yem bazasından daha səmərəli istifadə etməklə hər hektardan və hər heyvandan daha çox və daha keyfiyyətli məhsul götürməkdir”.

Z.Əliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş yeni Dövlət Proqramı aqrar sahədə aqrar transformasiyanın əsas yol xəritəsidir: “Proqramın əsas fəlsəfəsi və hədəfi çox aydındır: daha məhsuldar, daha dayanıqlı, daha rəqabətqabiliyyətli və daha dəyər yaradan aqrar sektorun formalaşdırılması. Dövlət Proqramının əsas məqsədi aqrar sahədə dayanıqlı və rəqabətqabiliyyətli inkişafın təmin edilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılması, kadr təminatının gücləndirilməsi, innovasiya və rəqəmsallaşmanın inkişaf etdirilməsidir”.

Z.Əliyev həmçinin qeyd edib ki, kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı 5 prioritet istiqaməti, 16 fəaliyyət istiqamətini, 86 tədbiri və 23 hədəf indikatorunu əhatə edir: “Bu isə onu göstərir ki, sənəd yalnız ümumi yanaşma deyil, konkret hədəflərə, konkret icra mexanizmlərinə və nəticə göstəricilərinə əsaslanan kompleks inkişaf proqramıdır”.

Kənd təsərrüfatı nazirinin müavini bildirib ki, Dövlət Proqramında bir neçə fundamental istiqamət xüsusi olaraq müəyyən edilib: “Bunlara intensiv bağ sahələrinin artırılması, buğda məhsuldarlığının yüksəldilməsi, müasir suvarma sahələrinin genişləndirilməsi, aqropark və istixana fəaliyyətinin genişləndirilməsi, kiçik şərabçılıq təsərrüfatlarının formalaşdırılması, intensiv heyvandarlıq təsərrüfatlarının artırılması aiddir.

Bununla yanaşı, proqram yalnız istehsal və emal istiqamətlərini deyil, həm də dəstəkləyici tədbirləri əhatə edir. Qanunvericilik təşəbbüsləri, institusional islahatlar və rəqəmsallaşma bu proqramın mühüm dayaqlarıdır. “Aqrar sahə haqqında”, “Toxumçuluq haqqında”, “Balıqçılıq haqqında” qanunvericiliyin təkmilləşdirilməsi, subsidiya qaydalarına və kənd təsərrüfatı texnikalarına güzəştlərin tətbiqi ilə bağlı mexanizmlərə dəyişikliklər edilməsi nəzərdə tutulur.

Eyni zamanda, Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzinin yaradılması, DAİM-lərin regional əsasda idarəetməyə keçidi, aqrar süni intellekt sisteminin genişləndirilməsi, EKTİS-in data yönümlü alt sistemlərinin inkişafı sahənin daha çevik və məlumat əsaslı idarə olunmasına xidmət edəcək.

Bu gün artıq aqrar siyasət yalnız sahədə görülən işlərlə məhdudlaşmır. Bizim qərarlarımız məlumatlara, xəritələrə, elektron sistemlərə, peyk müşahidələrinə, torpaq və su balansına, real məhsuldarlıq göstəricilərinə əsaslanmalıdır. Ona görə də rəqəmsallaşma fermer üçün də, dövlət üçün də vacib alətə çevrilir”.