Bu nə səmimiyyətsizlikdir, İsa bəy?- Demokratik sual

bu-ne-semimiyyetsizlikdir-isa-bey-demokratik-sual
Oxunma sayı: 712




Bəzən dostlarımız tez-tez şikayətlənirlər. Şikayətlənirlər, çaş-baş qalırlar ki, insanlar həyatından bu qədər məmnun olmazkən, cəmiyyətdə narazılıqlar, narahatçılıqlar bu qədər çoxkən onlar niyə ictimai fəallığa az maraq göstərirlər. Siyasi təəssübkeşlikləri, aktivlikləri niyə bu qədər sönükdür.

Mənim həmişə belə giley-güzarlara verəcək tək cavabım var: deməli, yalnız narazı olmaq azdır. İnsanları dəyişikliklərin zərurətinə, vacibliyinə də inandırmaq lazımdır. Bəli, bəli, məhz inandırmaq!

Əgər biz böyük çoxluğu buna inandıra bilməmişiksə, problemi yenə ancaq kütlədə axtarmamalıyıq. Onları bizi anlamamaqda ittiham etmək asandır. Bəlkə biz anlada bilmirik? Bəlkə biz öz fikirlərimizi doğru çatdıra bilmirik? Bir az da bu nöqtədən baxmalıyıq məsələyə. İnsanlar inanmırlarsa, bunun səbəbləri üzərində düşünməliyik. Dəyişikliklərin onlarda niyə nigarançılıq, tərəddüd yaratdığının köklərini axtarıb tapmalıyıq.

Əslinə qalsa, mənim versiyam var. Fikrimcə, bu, bir çox hallarda bizim özümüzdə səmimiyyət duyğusunun azlığıdır. Bəli, biz müdafiə etdiyimiz dəyərlərə, prinsiplərə bütün varlığımızla, səmimi qəlbdən bağlı olsaq, həmin dəyərləri, prinsipləri həyata keçirməyə özümüzdən başlasaq, insanların beynindəki şübhələri, ürəyindəki tərəddüdləri də asanlıqla aradan qaldıra bilərik. Mən əminəm ki, səmimiyyət ən böyük inandırıcılıq gücüdür.

Əslində son aylarda özümü də sıralarında gördüyüm müxalifət düşərgəsinə təpkilərimin, etirazlarımın kökündə də bu dayanır. Hətta İctimai Palatanın məşhur 3 dekabr sessiyasından sonra müxalifətin başında dayananlara qarşı daha aqressiv olmağımın səbəbi də budur. Heç vecimə də deyil ki, rejim yandaşları bundan öz xeyirlərinə istifadə etməyə çalışırlar. Mənim demokratik düşərgə ilə bağlı hansısa narazılığım, tənqidim irtica düşərgəsində kimlərinsə əlinə Müsavatı, AXCP-ni, İctimai Palatanı «vurmaq» üçün «kozır» verirsə, susmalıyammı? Mənim heç kimin mirzəsi olmaq öhdəliyim yoxdur. Mən kölə yazarı deyiləm. Köşə yazarıyam. Doğru bildiyim, kimin üçünsə faydalı görünən, amma ümumi məqsədlər və maraqlar üçün zərərli hesab etdiyim fikirləri yazmaq özgürlüyüm var. Bu kimin xoşuna gələcək, kimi qəzəbləndirəcək – məni maraqlandırmır.
Bəli, mən hesab edirəm ki, demokratik düşərgə artıq 18 ildir uğrunda mübarizə aparılan dəyərlərə, prinsiplərə qarşı bir çox hallarda qeyri-səmimilik edir. Bu, insanların şüurlarında, cəmiyyətin zehnində bizimlə bağlı tərəddüdlərə, şübhələrə yol açır. Adamlarda bu hakimiyyətin gedəcəyi təqdirdə Azərbaycanın doğrudan da dünyəviləşəcəyinə, demokratikləşəcəyinə dair inamı yaralayır, zədələyir.
Səmimiyyət – mübarizəmizdəki ən ciddi boşluqlardan biri, bəlkə də birincisidir. Son baş verənlərin nümunəsində belə düşünməyə kifayət qədər haqqım və əsasım var.

Axı necə ola bilər ki, biz hakimiyyəti söz azadlığını aradan qaldırmaqda, insanların düşüncə, ifadə özgürlüyünü əlindən almaqda ittiham edək, amma eyni zamanda müxalif düşərgənin iki aparıcı qəzetində yazarlar senzuradan əziyyət çəksinlər? Üstəlik, hər iki qəzetin baş redaktoru İctimai Palatanın rəhbərliyində təmsil olunur. Belədə, İctimai Palatanın söz azadlığını müdafiə ilə bağlı verdiyi hər hansı bəyanatın hansı dəyəri qalır? Belədə, İctimai Palatanın söz azadlığını səmimi müdafiə etməsinə kim inanar?

Necə ola bilər ki, müxalifətin liderlərindən biri statusunda təqdim edilən Pənah Hüseyn hansısa debatda ona naqolay görünən fikirlərinə görə, durub bir yazarın üstünə yerisin? Biz rejimi fərqli fikrə dözümsüzlükdə ittiham edərkən, öz sıralarımızda bu cür diletantların varlığına niyə dözməliyik? Axı bu insanlarda ölkəyə demokratiya vəd edənlərin özlərinin demokratikliyinə şübhə yaradır, belədə, adamlar bizim çağdaş, modern Azərbaycan vədlərimizə niyə və necə inanmalıdır?
Mən deyirəm ki, bir adamın leksikonunda «demokratiya», «hüquq», «azadlıq» sözlərinin çox olması hələ o adamın demokrat olması anlamına gəlmir, o adamın hüquqa, azadlıqlara sayğılı olması anlamına gəlmir. Demokratiya bizim həyat tərzimiz, düşüncə və davranış biçimiz olmalıdır. Əks halda toplumu dəyişikliklər zərurətinə inandırmaq çətin olacaq. Biz demokratiyanın örnəklərini cəmiyyətə təqdim etmədiyimiz müddətcə insanların dəyişiklik xofunu, qorxusunu dəf edə bilməyəcəyik.
Mən buna inanıram. İnamımda da israr və inad edəcəm. Kimin xoşu gəlmirsə, dünəndən gəlməsin. Hətta bilərəkdən və bilməyərəkdən hakimiyyətə işləməkdə ittiham olunmaqdan da qorxuram. Heç kimin yanında gözükölgəliliyim yoxdur. Vicdanım rahatdır.

İsa Qəmbər və Əli Kərimli üçün not

Ötən həftə «Reytinq»dəki «Molla Pənah Hüseyn» yazımdan sonra demokratik düşərgədən gələn mesajlar, açıqlamalar da əslində yuxarıda yazdıqlarımın həqiqiliyinə əminliyimi birə-beş artırdı.
Məsələn, Müsavat başqanı İsa Qəmbər deyir ki, adamlar üzərindən fikir səsləndirməyi, müzakirə açmağı yığışdırmaq lazımdır. Hətta bunu təhqiramiz və ironik tonda «aşağı səviyyəli adamların işi» adlandırır. Guya aşağı səviiyəli adamlar fərdləri, yüksək səviyyəli adamlar isə dəyərləri müzakirə edirlər. Çox gözəl. Elə isə niyə dünənədək İsa bəy birbaşa tənqidin tərəfdarı idi? Niyə ölkə başçısını öz adı ilə tənqid etməyin zəruriliyindən danışırdı? Müsavat başqanının yadına fərdlər üzərindən müzakirə açmağın «aşağı səviyyəli adamların işi» olduğu tənqid növbəsi onun dostlarına – Pənah Hüseynə, Hacı İlqar İbrahimoğluna çatandamı düşdü? Bu nə ikili standartdır, bu nə özünütəkzibdir, bu nə səmimiyyətsizlikdir?

Əli Kərimlinin «Azadlıq» radiosunda bu yazı ilə bağlı verilən suala cavab tonu isə məni sadəcə, üzdü. Heyrətləndirdi. Bu nə öfkədir bir yazıya qarşı? Bir yazara qarşı bu nə hirsdir? Üstəlik, adından da göründüyü kimi, yazı Pənah Hüseyn haqqında olduğu halda, AXCP sədri Pənah bəyi müdafiə edəcək bir cümlə işlətmir, sadəcə, Hacı İlqar İbrahimoğlunu qorumağa çalışır. Niyə? Üstəlik, Əli Kərimlinin Hacı İlqarı müdafi üçün arqumenti çox bəsitdir: «Hacı İlqar həbsxanada yatanda indi onu tənqid edənlər harda idi?» Eyni məntiqlə mən də soruşa bilərəm ki, Mola Pənah Hüseyn də həbsxanada yatıb, bəs onu müdafiə etməmək nə üçündür?
Ümumiyyətlə, Əli Kərimlinin bu arqumentinə dostumuz Şahvələd Çobanoğlu «Azadlıq»dakı «Dünyəvi suallar» yazısı ilə gərəkən cavabı verib. Əlavə şərhə ehtiyac görmürəm. Oxumayanlar gedib həmin yazını tapıb oxusunlar («Azadlıq» qəzeti, 21 dekabr, səh 8). Yeri gəlmişkən, İctimai Palatanın 3 dekabr sessiyasındakı biabırçılıqdan sonra yaranmış fikir toqquşmalarına gözəl bir nöqtə qoyan bu şahanə yazısına görə Şahvələd bəyə təşəkkür edirəm. O yazının altına məmnuniyyətlə imzamı atardım.

Havayı zəhmət

Əslində İsa bəyin də, Əli bəyin də yalnız Hacı İlqara qahmar çıxması, ona qarşı tənqidlərə sinə gərməsinin bəsit bir səbəbi var: bununla hər iki lider dindar çevrələrə xoş görünmək istəyirlər.
Çünki artıq mən onlarda dindarlardan bir mədət, bir dəstək umma ehtiyacı hiss edirəm. Əmin olun, bu gün hakimiyyət nə qədər onların çadrasını əlindən alıb, məscidini uçursa da, dindarların seçim heç vaxt Avropa arzulu, ölkəyə Qərb dəyərlərinin gətirilməsini istəyən, demokratik zehniyyətli müxalifətdən yana olmayacaq. Onların hər birinin qəlbinin ən dərin yerlərində Avropaya, uyarlığa, modernizmə nifrət var. Onlar həlledici situasiyada heç vaxt Avropapərəst müxalifətin tərəfini tutmayacaqlar, hətta gedib Qərblə toqquşan, ABŞ-ın, Avropanın üzünə itin sözünü deyən, ona imperialist damğası vuran rejimə səs verəcəklər, amma demokratik müxalifətə yox. Ona görə də havayı zəhmət çəkirsiniz, islamçı kəsimdən gözləntilərinin əbəsdir. Onlar heç vaxt demokratik dünyəvi dəyərlər uğrunda mübarizə apardığını elan edən qüvvələrin yanında dayanmayacaqlar. Dayansaydılar, indiyədək dayanar, buna görə də heç bir minnət qoymaz, şərt irəli sürməzdilər. Öz dini hisslərini, inanclarını ön plana çıxarmazdılar.

İnanmırsınızsa «dünyəvi dindar» obrazı yaratdığınız Hacı İlqar İbrahimoğludan soruşun, açıq, sözü fırlatmadan, birbaşa cavab versin görək, Azərbaycanın qeyd-şərtsiz dünyəvi dövlət olmasını istəyir, yoxsa şəriət dövləti olmasını? İslam inqilabı arzulayır, yoxsa demokratik inqilab?
Həmin cavab gələnədək mən bu mövzunu özüm üçün qapanmış elan edirəm.

Elnur Astanbəyli