“Bu nəzarətsizlik bundan sonra davam edə bilməz”

bu-nezaretsizlik-bundan-sonra-davam-ede-bilmez
Oxunma sayı: 4404

"Sizə tapşırıram, dövlət şirkətlərinin işi ciddi təftiş edilməlidir və yeni idarəetmə sistemi qurulmalıdır. Belə davam edə bilməz. Bu nəzarətsizlik bundan sonra davam edə bilməz. Artıq müvafiq qurumlar lazımi təkliflər paketi hazırlayıblar. Mənə də ilkin təqdimat edilibdir. Mən bunu dəstəkləmişəm. Hökumətə tapşırıq verirəm ki, yaxın günlərdə dövlət şirkətlərinin yeni idarəetmə sistemi ilə əlaqədar lazımi sənədlər təqdim edilsin və mən onları imzalayacağam".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bugünkü müşavirədə deyib. Dövlət başçısı bildirib ki, digər məsələ bütövlükdə iqtisadiyyatın liberallaşdırılması ilə bağlıdır:

"Biz buna da getməliyik. Son vaxtlar bu sahədə aparılan müzakirələr deməyə əsas verir ki, artıq ciddi addımların atılması labüddür. Özəlləşdirmə sahəsində daha geniş islahatlar aparılmalıdır. Həm özəl, həm də xarici şirkətləri biz maraqlandırmalıyıq. Çünki bəzi hallarda şirkətlər müraciət edir və onların müraciətlərinə baxılmır, bəzi hallarda uzadılır. Layihələrin bəziləri icra edilir, bəziləri isə yox. Biz özümüz maraqlı olmalıyıq. Biz xarici və yerli investorlara biznesplan verməliyik - bu sahə var, bu müəssisə var, gəl bunu özəlləşdir. Əgər strateji investor oraya böyük vəsait qoyacaqsa, bunu simvolik qiymətə özəlləşdirmək olar. Əgər, o, zəmanət verirsə ki, buraya böyük vəsait qoyacaq. Ancaq bu yolla biz bu müəssisələri işə sala bilərik. Çünki bizim Bakı şəhərində sovet vaxtından qalan nə qədər dağılmış müəssisələr var. Onların böyük əraziləri var. O ərazilərdə həm yeni sənaye müəssisələri yaradıla bilər, - əlbəttə ki, ekoloji standartları tam gözləmək şərti ilə, - eyni zamanda, şəhərsalma ilə əlaqədar burada böyük layihələr icra oluna bilər. Çünki pandemiya dövründə tənəzzülə uğrayan tikinti sektoru özündə böyük potensial cəmləşdirib. Həm iş yerlərinin açılmasına, həm tikinti materialları sənayesinə, həm də bir neçə sahəyə bunun müsbət təsiri olar. İndi şəhərin içində bizim o qədər yarıdağılmış, çürümüş sənaye müəssisələrimiz var. O investorları cəlb etmək lazımdır. Qoy, gedib öz puluna ərazini abadlaşdırsın, ictimai zonalar yaratsın və binalar tikilsin. Çünki buna ehtiyac var və bu, biznesi canlandıracaq.

Mən artıq qeyd etdim ki, dövlət-özəl sektor tərəfdaşlığı gərək daha konkret layihələr əsasında özünü göstərsin. Deyə bilərəm ki, bu, hələ bir çox hallarda niyyət olaraq qalır. Bizdə bir neçə layihədə dövlət və özəl şirkətlər fəaliyyət göstərirlər, sərmayə qoyublar. Amma bu layihələrin sayı çox azdır. Ona görə burada mütləq yeni yanaşma olmalıdır. Bəlkə də hansısa yeni sahələrdə, hətta infrastruktur layihələrində özəl sektor fəaliyyət göstərə bilər. Bu da mümkündür. Təkcə sənaye müəssisələrinin yaradılmasında yox, infrastruktur layihələrində. Onları, sadəcə olaraq, stimullaşdırmaq lazımdır. Eyni zamanda, biz xarici tərəfdaşları da bu işlərə cəlb etməliyik.

Əlbəttə, xərclərə dövlət nəzarəti mexanizmi daha da təkmil olmalıdır. Burada, əlbəttə ki, dövlət qurumları konkret əlavə təkliflər verməlidirlər və ictimai nəzarət olmalıdır. Bizim üçün böyük əhəmiyyət kəsb edən bütün layihələrin icrasında ictimaiyyət nümayəndələri iştirak etməlidirlər. Mən su ilə bağlı müşavirədə qeyd etdim. Alimlər, qeyri-hökumət təşkilatları, mütəxəssislər, media nümayəndələri - onlar da bu işlərdə iştirak etsinlər. Onlar öz təkliflərini versinlər. Yəni, geniş ictimaiyyət gərək bu işlərə cəlb olunsun. Onda bizim işimiz daha rahat gedəcək və xərclərə nəzarət mexanizmi bir neçə təbəqədən ibarət olacaq.

Biz bütün bu işləri onsuz da görməli idik və görürük. Bizim niyyətimiz və siyasətimiz artıq birmənalı şəkildə vətəndaşlara təqdim edilib. Şəffaflıq, dürüstlük, kölgə iqtisadiyyatının əhatə dairəsinin daralması, biznes mühitinin yaxşılaşdırılması və bu istiqamətdə bundan sonra atılacaq addımlar əminəm ki, həm pandemiya dövründə, həm də postpandemiya dövründə bizə yeni imkanlar qazandıracaq".