“Macarıstanda keçirilən seçkilərdə “Tisza” partiyasının sədri Peter Madyarın qalib gələrək yeni Baş nazir seçilməsi siyasi gündəmin əsas aktual mövzularından biri kimi qalmaqdadır. Bir çox şərhçilər Viktor Orbandan sonra Macarıstanın Avropa və digər region ölkələri ilə münasibətlərində fərqli xarici siyasət kursunun başlayacağını, Qərbyönümlü siyasi kurs seçəcəyini və bunun Azərbaycanla əlaqələrə də təsir edəcəyinə dair fikirlər səsləndirməkdədir”.
“Qafqazinfo” xəbər verir ki, bunu siyasi elmlər doktoru, professor Vaqif Abdullayev bildirib.
Onun sözlərinə görə, ilk növbədə, nəzərə almaq lazımdır ki, Peter Madyar nə inqilab yolu ilə hakimiyyətə gəlib, nə də ki, siyasi rejimi zorla dəyişib: “O, sadəcə demokratik keçən seçkilərdə daha çox səs toplayaraq üstün olub və bu, bütün dünya ölkələrində baş verən normal siyasi hadisədir. Ona görə də Macarıstanın öz tərəfdaşı olan ölkələrlə əlaqələrində kəskin dəyişikliklər gözləmirəm. Bu, Rusiya və bəzi ölkələrlə münasibətlərdə mümkündür.
Xəbəri rus dilində oxuyun: Почему смена власти в Венгрии не изменит партнерства с Баку
Azərbaycana gəlincə, Macarıstanla bizim dostluq münasibətlərimiz 15-20 ili əhatə etmir, çoxəsrlik tarixə bağlıdır. Hələ XV-XVII əsrlərdə Ağqoyunlu və Səfəvi dövlətləri ilə Macar krallıqları arasında diplomatik əlaqələr və ticarət münasibətləri mövcud olub. Azərbaycan Xalq Cümhuriyyəti ilə Macarıstan arasında da yaxın siyasi diplomatik münasibətlərin qurulması tarixi dostluğun qürurverici səhifəsini təşkil edir.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Ulu öndər Heydər Əliyev Şərqi Avropada yaxın dost ölkə kimi Macarıstanla münasibətlərə xüsusi önəm verib. Prezident İlham Əliyevin də xarici siyasət kursunda Macarıstan ilk yerlərdən birini tutub, güclü siyasi dialoq və strateji əməkdaşlıq sayəsində əlaqələr ən yüksək zirvəyə yüksəlib. Macarıstan sadiq və strateji tərəfdaş kimi həmişə beynəlxalq təşkilatların Azərbaycanla bağlı müzakirələrində birmənalı olaraq ölkəmizi dəstəkləyib, Ermənistanın təcavüzkar siyasətini pisləyib. 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında yer alıb, yəni, Macarıstanda hakimiyyət dəyişikliklərindən asılı olmayaraq Bakı-Budapeşt münasibətləri hər zaman qarşılıqlı hörmət və sıx dostluğa əsaslanıb, milli maraqlara əsaslanır”.
Professor qeyd edib ki, sözsüz ki, 16 il Macarıstanın Baş naziri olan Viktor Orbanın Azərbaycan və türk xalqının əvəzolunmaz dostu kimi xidmətlərini ayrıca qeyd etmək lazımdır: “Azərbaycan və Macarıstan arasında mədəni və humanitar əlaqələrin inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti də mühüm yer tutur. Onun rəhbəri olduğu Heydər Əliyev Fondu Macarıstan mədəni-tarixi irsininin bərpasında və mədəniyyətlərarası dialoqun inkişafında çoxsaylı layihələrə imza atıb. 2016-cı ilin martın 6-sı Azərbaycana səfər edən Viktor Orbanın Mehriban Əliyevanı “Macarıstanın Xidmətlərə görə Komandan Xaçı” ordeni ilə təltif etməsi bu ali diqqətin təzahürüdür.
Macarıstan türk dünyasının birgə layihələrində yaxından təmsil olunur, Türk Dövlətləri Təşkilatında müşahidəçi üzv olmasına baxmayaraq, ortaq layihələrə qoşularaq türk siləsinin ayrılmaz üzvünə çevrilib.
Hesab edirəm ki, yeni hakimiyyət Avropa İttifaqı ilə münasibətləri normallaşdırmağa üstünlük versə də, qətiyyən türk regionu ölkələri ilə mövcud balanslı kursu dəyişməyəcək. Bu, Budapeştin özünə ciddi zərərlər verə bilər. Çünki Macarıstanın iqtisadi əlaqələri, nəqliyyat-kommunikasiya bağlantıları, enerji təhlükəsizliyi daha çox türk dövlətləri ilə qurulub. Macarıstanın neft və qaz təchizatının əhəmiyyətli hissəsi məhz Azərbaycanla bağlıdır. Ona görə də Peter Madyarın Azərbaycanla münasibətlərin strateji müttəfiqlik səviyyəsində davam etdirilməsinə və inkişafına üstünlük verəcəyinə əminəm”.