Diktatorların gözünün odunu necə alaq? - Düşüncə

diktatorlarin-gozunun-odunu-nece-alaq-dusunce-
Oxunma sayı: 1023





Qəddafi xüsusi xarizmasıyla seçilmirdi. Hətta üzündə xoşagəlməz itələyici nəsə vardı. Rəsmi görüşlərdə də bəzən həddindən artıq ədəbaz təsir bağışlayırdı. Qarşısındakına saymazyana baxdığını, hərdən də görməzdən, eşitməzdən gəldiyini sezmək olurdu. Mühafizə xidmətində 40 qadın çalışırdı. “Qəddafinin Amazonkaları” deyirdilər onlara. Bu fakt ölkədə qadınların nüfuzuna birbaşa yansıyırdı. Kremlin qarşısında çadır qurdurub gecələməyini, əynindəki çulu-çuvalı saymasaq diqqət çəkən elə bir yanı yox idi. Ərəb dünyasının Çe Gevarası sayılan Əbdül Nasirin pərəstişkarı kimi atıldı siyasi meydana. Əvvəlcə Ərəb dünyasını birləşdirmək kimi çabalarıyla diqqət çəkdi, sonra yavaş-yavaş özünə çəkildi. Öz ideyalarını yürütdü. “Yaşıl Kitab”- ı yazdı. İslam rəmzi sayılan yaşıl rəng birliyə çağırırdı müsəlmanları. Dünyaya bir sürü təkliflərdə bulundu. Az keçməmiş daha heç nə yazmadı. Ərəbləri birləşdirmək üçün göstərdiyi çabaları dayandırdı. Ya bunun mümkünsüz olduğunu anladı, ya da fikrini dəyişdi. Sosializmin tərəfindəydi. Nələrsə eləmək istəyirdi. 42 il ölkədən 4 əlli yapışdı və qeyri-qanuni dövlət başçısı oldu. Hakimiyyət həvəsi getdikcə meylə, sonra ehtirasa, ən sonda da ölüm-qalım məsələsinə döndü. Zarafat deyil. 42 il lider olmaq. 42 il çaldığın hər havaya milyonlarca insanı oynatmaq. Hər istədiyini eləmək və hər yerdə hörmət -izzətlə qarşılanmaq. Bir ölkə başçısı hava atmaq. Sağa-sola mesajlar dağıtmaq. Kimə gəldi barmaq yelləmək. Zarafat deyil. Qarşında 42 il əyilən başlara öyrəşmək, naz-nemətlə yaşamaq. Pulunun hesabını itirmək. Hər arzuladığını eləmək. Zarafat deyil.

Liviya xalqı gerçəkdən öz liderindən narazıydımı? Əlbəttə. Liviya xalqı narazıydı. Liviya xalqı devirdimi onu? Əlbəttə Liviya xalqı devirdi onu. Liviya xalqı nə istəyirdi? Heç nə. Hansı xalq nə istəyir ki. Xalq həmişə narazıdır. İnsanlar həmişə başqa şey arzulayırlar. Başqa şey. Nədi o başqa şey? ABŞ da siyasi azadlıq var . Orda insanlar dövlətdən razıdılarmı? Bu günlərdə gördük aksiya edən adamları. Qadınları yerlə sürüyüb aparan polisləri də gördük. Al, bu da sənə demokratik ölkə. Azad xalq. Bütün dünya İngiltərədə təhsil almağa can atır. İngilis tələbələri “təhsilin çox baha olduğunu” deyib aksiya edirlər. Kasıblar təhsil ala bilmir orda. Al, bu da sənə lüks təhsil. Sovetlər Birliyində olan xalqlar azadlıq istəyirdilər, müstəqillik istəyirdilər. İmperiya dağılandan sonra onun həsrətiylə, nostaljisiylə yaşayırlar. Al, bu da sənə solçuluq. İnsanlar nə istəyirlər?!

Liviyayla bağlı şərh vermək olayları olduğu kimi görmək və anlamaq bu qarışıqlıqda mümkünsüzdü. Bir tərəfdən ABŞ-ın, Avropanın Ərəb dünyasında gözü olduğunu tarixən sübuta yetirən faktlar, digər tərəfdən Qəddafini devirdiyi üçün küçələrə tökülüb bayram edən toplum. Misirin unudulmaz oğlu Camal Əbdül Nasirdən baş aldı olaylar. Misir ingilislərin əlaltısıydı. Əbdül Nasir başçı keçən kimi Britaniya qoşunlarını ölkəsindən çıxara bildi. Ərəb dünyasını birşədirmək ideyasıyla alışıb yanırdı. Misirin taleyi o istədiyi kimi olmadı. Özündən sonra daha bir Əbdül Nasir tapılmadı. Qəddafi onun kimi olmaq arzusuyla girdi ortaya . Ama ola bilmədi. Əvvəlcə Əbdül Nasirlə arasında anlaşılmazlıqlar yaşandı. Razılığa gələ bilmədilər. Və o Liviyanı Misirlə birləşdirmək ideyasından vaz keçdi. Başladı ölkəni özü idarə etməyə. O hamıya nəsə başa salmağa çalışırdı. Alınmırdı. Ya Ərəb dünyası birləşmək istəmədi, ya da Qəddafi paylaşmaq. Tək atıldı savaşa. Monarxiyanı devirib Yeni Liviya qurub yaratmağa başladı. Tutaq ki, lap Liviyada qaz , işıq pulsuz idi. Evlənən cütlüklərə təmənnasız mülkiyyət verilirdi. Liviyanın bir manat dünyaya borcu yox idi. Hər halda bizimçün bu statistikadır. Və statistika hələ yaşamın güzgüsü demək deyil. Ama məntiq Liviyaya Avropanın və Amerikanın borcu qaldığına inanır. Sarkoziylə aralarında yaşanan çəkişməni qulaqlarımzla duymuşduq Müəmmər Qəddafidən. Açıq-aydın Sarkoziyə seçgi kampaniyalarında pul yatırdığını dedi və ölkəsinin pulunu geri istədi. Əgər Fransa Liviyaya heç nədə dəstək çıxmırsa, əksinə üsünə-üstünə gəlirsə o zaman paraları da geri versin. Ama kim verəcək ki. Xarici banklara yatırılan fantastik pullara indi kim sahiblənəcək. Tutaq ki, lap Qəddafinin xalqı yoğsul deyildi. Acından ölmürdü . Dəhşətli rüsumlarla üz-üzə qalmırdı. İşsizlikdən dilənmirdi. Ama Qəddafi ölkəyə öz mülkiyyəti kimi baxmırdı deməmək də olmur . Milyonlarla adamın adından 42 il danışmaq bu anlama gəlir ki, mənim xalıqım debildi, onların hər işini özüm həll etməli oluram. Ortada Liviyalılar yox, Qəddafi vardı. Və ona etiraz edən, onunla razılaşmayan hər kəs susdurulurdu. Bütün məsələləri Qəddafi və oğlulları həll edirdi. Bu o deməkdi ki, Liviyada önə çıxacaq ,söz deyə biləcək, lider olmağa layiq adam yoxdu.

Liviyanın əslində hansı dövlət quruluşunda olduğu məlum deyildi. Qəddafi idarə etdiyi ölkəyə özü ad qoşmuşdu. Bu idarəetmə sistemini də özü yaratmışdı. Analoqu olmayan ölkə idi Liviya. 42 il bu ölkənin nə olduğunu heç kim anlamadı. Özündən sonra da yerinə oğlunu gətirəcəkdi çox güman. Gətirsin. Ama xalqa aid bir tribuna da olmalıdır ölkədə ya yox. Əgər Ərəblər debildilərsə o zaman “niyə özü kadrlar yetişdirmirdi” sualı da havada qalır. Liviyada sosialist cəmiyyəti qurduğunu deyirdi Qəddafi. Öz-özünə ölkə idarə edirdi. Xalqsa məsələn bizim kimi yaşamaq istəyirdi. Siyasi azadlıq istəyirdi. Xalq üçün azadlıq nədir? Təkcə Liviyalılar üçün yox, ümumiyyətlə “xalq” üçün azadlıq nədir? Liviyalılar bilmirdi ki, danışdırsan heç biz də öz dövlətimizdən razı deyilik. Hansı xalq öz dövlətindən yekdilliklə razıdır? Bir ikisini bəlkə istisna etmək olar. Deyək ki, ABŞ yox, Nato yox, xalq devirdi Qəddafini. Öldürdü, parçaladı qisasını aldı. Nəyin davasıdı? Özünə adam balası kimi prezident seçmək istəyir? Tamam. Bu bir il ərzində Liviyada seçgilər olacaq. Gedib seçər. Ama sevgi saxtalaşmayacaq deyə bir qarantı varmı Liviya xalqının? Dava o qutuya kağız atmaq davasıdırmı? Qəddafi də istəsə saxta seçgilər təşkil edərdi. Görən niyə eləməyib? Yəqin sağ olsaydı deyərdi ki, mən xalqı aldatmaq istəmirəm. Gerçəkdən bütün ölkələrdə xalqmı seçir öz liderini? Və bu işlərdə bütünlüklə xalqa güvənmək mümkündürmü, lazımdırmı?! Neftdən gələn gəlirin 90 faizi xalqın idi. Yenə də statistika. Tutaq ki, elədir. Bəs qalan şeylərdən gələn gəlir, o hara getdi?

Hə, dünyanı ABŞ idarə edir deyək. Edir. Bilmirik 2011 tarixdə “Ərəb İnqilabı “ kimi qalacaq yoxsa “Ərəblərin İşğalı ” kimi. Bilmirik. Onu bilirik ki, bu siyasi oyunlar olmasa, “Torpaq uğrunda ölən varsa vətəndir” şüarları da olmayacaq . Çe Gevaralar da... Bəs qadınlar kimi göstərib “onnan istəyirəm” deyəcəklər.

O gedəcək, bu gələcək. Bir gün monqol dünyanın sahibi olacaq, bir gün alman, bir gün də anqlosaks. Kiminki gətirdi gətirdi. ABŞ da bir gün devriləcək yerinə kimsə gələcək. Bəlkə də türk gəldi nə bilmək olar. Bəlkə də elə bizim içimizdən biri. Lap deyək ki, 5 şirkət barmağına dolayır bütün dünyanı. Bunun da bir sonu var. İnsan bu davaya təbiəti yolub tökməklə başlayıb. Onun bu vəhşilikdən bir çıxış yolu var. Humanizmlə bağlı işlər görmək. İnsanlığa çağırışlar etmək. Hətta Qəddafi sənin-mənim bilmədiyimiz çox dəhşətli cinayətlərin adamıydısa , minlərlə insanın qanına baiskar sayılırdısa , Liviyalıların atasına od qoyurdusa, adına yaraşan “qəddar” sözünün canlı daşıyıcısıydısa belə biz gərək bu cür deyək: Olmaz, bir ölkənin liderini, insanı, tanınmış bir siyasi xadimi belə ikrahdoğurucu şəkildə xəmirə çevirmək olmaz. Bu insanlığa yaraşmaz! Bəs gerçəkdən insanlara zülm edənləri xalq dünyanın gözü qarşısında cəzalandırıb öldürməsə diktatorların gözünün odunu necə alacayıq?!


Aysel Əlizadə, xüsusi olaraq “Qafqazinfo” üçün