“Dünya çempionatı satılmamalıdır!” - UEFA FIFA-nı boykot etdi

dunya-cempionati-satilmamalidir
Oxunma sayı: 577

UEFA FIFA-ya xəbərdarlıq edərək dünya çempionatının hüquqlarının özəl investorlara satılacağı təqdirdə FIFA turnirlərini boykot edəcəyini bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə UEFA-nın rəsmi bəyanatında bildirilib.

Bəyanatda vurğulanır ki, UEFA və ona daxil olan 55 milli assosiasiya vahid cəbhədən çıxış edərək dünya çempionatı və digər FIFA turnirlərinin mülkiyyət hüquqlarının özəl investorlara verilməsi təklifini yekdilliklə rədd edir:

“Dünya çempionatı investisiya məhsulu kimi nəzərdən keçirilə bilməz. Bu, futbolçular, milli komandalar və azarkeşlər tərəfindən nəsillər boyu yaradılmış böyük idman irsidir. O, satılmır!

Bu dərəcədə əhəmiyyətli bir təklifin məxfi şəkildə hazırlanması və futbolu idarə edənlərlə məsləhətləşmədən təsdiq mərhələsinə gətirilməsi məsuliyyətsizlikdir. Bu, FIFA-nın dünya futbolunun hamisi kimi öz vəzifələrindən imtina etməsidir”.

UEFA-nın bəyanatında qeyd olunur ki, kənar investorlar FIFA turnirlərində pay sahibi olduqdan sonra futbol həmişəlik dəyişəcək:

“Təqvim, format və futbolun gələcəyi haqqında hər bir qərar oyuna deyil, səhmdarlara xidmət etməyə yönələcək. Bugünkü müzakirələrin nəticəsi olaraq, bu təkliflər qüvvədə qaldığı müddətdə, təklifdən tamamilə imtina edilməyənə və FIFA-nın öz yarışlarını bir daha özəl mülkiyyətə açmayacağına dair məcburi zəmanət verilməyənə qədər heç bir UEFA milli komandası FIFA-nın heç bir yarışında iştirak etməyəcək.

Heç kimdə şübhə olmamalıdır: UEFA və onun milli assosiasiyaları bu planlara qətiyyətlə qarşı çıxacaq. Bəzi şeyləri satmamaq çox vacibdir. Dünya çempionatı futbola məxsusdur və həmişə də elə qalacaq”.