Elşad Abdullayev: - menyunun arxa tərəfi

elsad-abdullayev-menyunun-arxa-terefi
Oxunma sayı: 695


“Ramil Usubov Elşad Abdullayevin subyektivində” silsiləsindən

Elşad Abdullayev son bir ildə diqqətlə izlədiyimiz bütün bu videokompromatları MTN əməkdaşlarına hələ 2009-cu ildə tamamilə könüllü şəkildə və açıq ürəklə təqdim etmişdi. Lakin buna heç bir reaksiya verilməmişdi. Bəs MTN-in görkəmli analitikləri aldadılmış və pərt olmuş E.Abdullayevin bir gün “atəş açmaq” ehtimalının olmasını niyə birmənalı şəkildə istisna etmişdilər? Bu, onların ağlına nə əcəb gəlməmişdi? Yəqin ki, operativ əməliyyatçılar vurulmuş rektorun bu cazibədar və maraqlı videosöhbətini izləmiş və təhlil etmişdilər. Belə deyilmi? Bəs onlar hansı tədbiri görmüşdülər? Çekistlər köhnə ənənələrə əsaslanaraq sabiq rektorun üstünə profilaktik məqsədlə çox kobud şəkildə getmişdilər. Yəni qorxudub əzəcəyik, o da susacaq.

MTN əməkdaşları E.Abdullayevin üstünə təkcə ona görə yeriməmişdilər ki, özlərinin ifşa olunacağından qorxurlar. Onlar həm də informasiya sızıntısından və bunun ciddi nəticələr verə biləcəyindən ehtiyat edirdilər. 2009-cu ildə E.Abdullayev Prezident Administrasiyasını sözün hərfi mənasında məktub, şikayət və müraciətlərlə “atəşə tutmuşdu”. Hakimiyyət orqanları isə Gülər Əhmədovanı əllərində olan bu kompromatlardan xəbərdar etmişdilər; bunu hansı məqsədlə, niyə belə eləmişdilər - aydın deyil. Belə ki, Gülər Əhmədova ta videoçarxın yayılmasına qədər ən müxtəlif kanallarla, o cümlədən E.Abdullayevin elə öz vəkili vasitəsilə razılığa gəlməyə və bu videotranslyasiyanın qarşısını hansısa yolla almağa çalışmışdı.

Belə çıxır ki, təkcə MTN yox, elə digər dövlət strukturları da E.Abdullayevin informasiyalarını necə deyərlər, yerbəyer eləyib paylaşmışdılar?! Başqa cür necə ola bilərdi ki?! Axı elə E.Abdullayev özü əlində olan bütün videomaterialları (lap dəqiq desək, onların anonsunu) ötən ilin yayında Baş Prokurorluğa göndərmişdi. Amma buna da heç bir reaksiya verilməmişdi. Hakimiyyət orqanları bu biabırçı qalmaqalın qarşısını almaq, vəziyyəti xilas etmək, mütləq siyasi həmləyə çevriləcək (buradan böhrana qədərki məsafə isə çox qısa olur) gözlənilən hücumun ağır nəticələrini bəri başdan neytrallaşdırmaq üçün qabaqlayıcı tədbirlər görmək əvəzinə bütün prosesi öz axarına buraxmışdılar. Elşad Abdullayev işinin bu aspektinə hələ sonra qayıdarıq...

Beləliklə, təhqiqat əvəzinə E.Abdullayevin üzərinə yeni hücum baş verir.


“Mənim kabinetimə maskalı əməliyyatçılar soxuldu və “Steçkin”lərin lüləsini mənə dirədilər. Yalnız bundan sonra başa düşdüm ki, ölkəni təcili şəkildə tərk etməkdən başqa heç bir çıxış yolum yoxdur” - bu sözləri mənə Strasburqda, “Kiçik Paris”in orta əsrlərdən qalma məhəlləsində, balaca bir çayın qırağındakı məşhur restoranda nahar süfrəsi arxasında E.Abdullayev özü dedi. Mən həmin anlarda E.Abdullayevin gözlərindəki qorxunu açıq-aşkar sezdim. Əgər o, hətta burada, Fransada, Azərbaycandan xeyli uzaqlarda da bərk qorxurdusa, aydın məsələdir ki, həddən artıq çirkli bir oyunun içində olduğunu anlayır...

“BAKIDAN QAÇMAĞA NECƏ NAİL OLDUNUZ, CƏNAB ABDULLAYEV?”

Əgər E.Abdullayev doğrudan da əlindəki bütün videoyazıları hüquq-mühafizə orqanlarına vermişdisə, onda onu ölkədən niyə buraxırdılar? Əgər buraxırdılarsa, onda “qızıl elita”nın nümayəndələrinə onunla anlaşıb razılığa gəlməyə nə mane olurdu? Axı divardan asılmış köhnə tüfəng də haçansa mütləq atəş açır... Xüsusilə də nəzərə alaq ki, E.Abdullayev son illər ərzində sakit və boş dayanmamış, öz müraciət və məktubları ilə təkcə MTN-i yox, həmçinin Baş Prokurorluğu, Prezident Administrasiyasını və digər rəsmi qurumları da təngə gətirmişdi.

Rəhmətlik Heydər Əliyevin kiçik qardaşı Aqil Əliyevin vəfatından sonra sabiq rektor özünün son arxa-dayağını, obrazlı desək, qardaşının oğurlanmasından sonra əl atdığı sonuncu saman çöpünü də tamam-kamal itirdi. Yeri gəlmişkən, E.Abdullayev qardaşı Mahirin yoxa çıxmasından bir sutka sonra Ramil Usubovun qəbuluna məhz Aqil Əliyevin himayədarlığı ilə düşə bilmişdi. Aqil Əliyev xüsusi xidmət orqanlarının şefi Eldar Mahmudovdan da bu cinayətin üstünün açılmasına yardım göstərməyi dəfələrlə xahiş etmişdi.

“Aqil Əliyev vəfat edən gün Eldar Mahmudov mənə söz verdi ki, qardaşımı bir-iki günə mənə qaytaracaq, amma onu hələ də qaytarmırlar” - deyə E.Abdullayev öz hekayəsini davam etdirir. Mən isə bütün bu hekayəni fransız restoranının menyusunun arxa tərəfinə səliqə ilə yazıram. Bəs bu mürəkkəb və həddən artıq dolaşıq işin arxasında nə yazılmışdı? Hakimiyyət mənim həmsöhbətimi özünün sadiq xidmətçisindən qəzəbli düşməninə çevirmək üçün nələr etmişdi?

Mənə elə gəlir ki, söhbət təkcə onun qardaşının yoxa çıxmasından getmir. E.Abdullayev “fransız qılıncı”nı həm də ona görə əlinə alıb ki, hakimiyyət onun bütün həyatının biznes-layihəsini - fantastik qazanc gətirən Beynəlxalq Universiteti əlindən alıb. O, təhqiqat aparıb, söhbətləri lentə yazıb, qardaşının oğurlanması ilə bağlı həqiqəti öyrənməyə çalışıb. Amma bunları lal-dinməz, hakimiyyətdən gizlicə edib. Onu dayandıran səbəb sayəsində milyonlar qazandığı (həmin milyonları isə sonradan aldadıb əlindən aldılar) biznesini - universiteti itirmək qorxusu olub. Axı lentə yazılan söhbətlərin çoxunun mövzusu onun Milli Məclisə seçilmək perspektivləri, universitetin taleyi ilə bağlı idi. Qardaşının yoxa çıxmasına aydınlıq gətirilməsi isə sanki xırda, sözgəlişi məsələ idi. Bu məsələ digər, daha vacib işlərin fonunda sanki bir əlavə, ikinci dərəcəli rəng çaları kimi keçir.

Onun əli artıq hər şeydən üzülmüşdü, o, artıq parçalanıb-dağılmış və batmaqda olan gəmidə idi. Küncə sıxışdırılmış, əzilib-vurulmuş və aldadılmış adamı indən belə dayandıra bilməzdi.

“Ən nəhayət, mən Ramiz Mehdiyevin qardaşının yanına getdim. Bu çox insaflı məsələyə müdaxilə etməyi, mənim pullarımı qaytarması üçün Gülərə təzyiq göstərməsini xahiş etdim” - deyə həmsöhbətim gileylənir. Amma əbəs yerə...

Mən bu adamın hərəkətlərinin motivini özüm üçün tam aydınlaşdırdım. Universitetini özünə qaytarsaydılar, bu adam ömür boyu belə bir riskli oyun masasına oturmazdı, buna cürət etməzdi. Lakin elə buradaca növbəti sual yaranır: Elşad Abdullayev qardaşının başına nə gəldiyini bilirmi?

NAMİQ ABBASOV HANSI İŞƏ YARAMADI?


Mənə indiyə qədər də aydın deyil ki, E.Abdullayev qardaşı Mahir yoxa çıxandan dərhal sonra onu yanına çağırmış o vaxtkı MTN şefi Namiq Abbasovla görüşməkdən niyə imtina edib. Mən bu suala E.Abdullayevin birbaşa özündən cavab almağa dəfələrlə səy göstərdim. Amma ondan bu sualıma dolğun, qaneedici və səmimi cavab və izahat ala bilmədim. Mahir Abdullayev yoxa çıxandan bir neçə gün sonra Namiq Abbasov öz qardaşı Rafael Abbasovdan Elşad Abdullayevə xəbər yollayaraq onu söhbət eləməyə çağırmışdı. E.Abdullayev isə bu görüşdən imtina eləmiş, əlinin altında dinləmə vasitələri və sistemləri, billinqlər, nəhəng agentura və seksotlar şəbəkəsi olan daha səlahiyyətli nazirin qəbuluna getməkdənsə R.Usubovla görüşməyə can atmışdı. Sonuncu ilə görüş isə nəticəsiz qaldı.

“Usubovla bu görüşdən sonra mən Namiq Abbasovun qardaşı Rafael Abbasovla Novxanıdakı bağ evimdə görüşdüm. Rafael isə mənə Namiq Abbasovun bu sözünü çatdırdı ki, Mahiri Bakı Şəhər Baş Polis İdarəsində axtarmaq lazımdır” - deyə E.Abdullayev söhbətinə davam edir.

- Deməli, belə çıxır ki, Namiq Abbasovda Mahirin yoxa çıxmasının detalları barədə konkret məlumat olub, elə deyilmi? - deyə mən sakitləşmək bilmədən suallar verməkdə davam edirəm.

- Bəli, Rafael belə deyirdi.

- Onda onun yanına getmək lazım imiş. Bəs siz Namiq Abbasovla görüşməkdən niyə imtina etdiniz? Axı burada məntiq yoxdur...

Elşad Abdullayev bu sualıma cavab vermir. O, mənim tikanlı suallarımdan yaxa qurtarmaq üçün çox sürətli və çevik şəkildə başqa mövzuya keçir. Mən isə əl çəkmirəm. Bunu aydınlaşdırmağa çalışıram: E.Abdullayev oğurlanan və ya yoxa çıxan qardaşının bu işin açılmasında həddən artıq maraqlı olan (çünki ortadakı məsələ təkcə E.Abdullayevin şəxsi reputasiyası deyildi, həm də və daha çox ölkənin xüsusi xidmət orqanlarının imici, nüfuzu məsələsi idi, axı Mahir Abdullayev MTN-in mayoru idi) birbaşa şefi ilə görüşmək əvəzinə niyə gedib Aqil Əliyevdən onun Ramil Usubovla görüşünü təşkil etməyi xahiş etmişdi? Təkcə elə bu suala cavab vermək bu qaranlıq əhvalatın üstünə işıq salar. Amma E.Abdullayev susur...

E.Abdullayev R.Usubovla görüşdən sonra baş nazirin I müavini Abbas Abbasovun yaxın dostu olan iş adamı Arzu Kazımovla danışıqlara başlayır. Mən bu görüşün videoyazısına baxmışam. E.Abdullayev orada bu naxçıvanlı biznesmenlə (yeri gəlmişkən, özünün də yaxın yoldaşı ilə) doğrudan da Mahirin yoxa çıxması məsələsini müzakirə edir. Elşad Abdullayev bu görüşü də lentə alır. O, bununla gələcək oyuna hazırlaşırdı...

Burada onu da qeyd etmək yerinə düşərdi ki, lap elə bu yaxınlarda mən sanki intuitiv olaraq nəyisə hiss edərək qəfildən Arzu Kazımovla söhbət eləməyə qərar verdim...


(ardı var)

“Ramil Usubov Elşad Abdullayevin subyektivində” silsiləsindən

Eynulla FƏTULLAYEV