“Ermənistan öz ərazisində separatçı və revanşist təşkilatlanmaya imkan verməməlidir. Rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını real tədbirlərlə də təsdiqləməlidir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev feysbuk səhifəsində yazıb.
“2023-cü il sentyabrın 20-də Azərbaycan bütün ölkə ərazisində dövlət suverenliyini tam təmin etdi. Həmin gün yeni hüquq yaranmadı. Mövcud hüquq tam həcmdə həyata keçirildi: Azərbaycan öz ərazisində yaradılmış silahlı separatçı xuntanı aradan qaldırdı və konstitusiya quruluşunu bərpa etdi.
Bu nəticəni sentyabrın 28-də qondarma rejimin öz strukturlarını buraxması və öz mövcudluğuna son qoyduğunu elan etməsi barədə yaydığı mətn yaratmadı. Separatizmin hərbi-siyasi dayaqları 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə ilə sarsıdıldı. 2023-cü ilin sentyabrında Ermənistanın genişlənən hərbi təxribatlarına cavab olaraq keçirilmiş antiterror əməliyyatı isə qalan qanunsuz silahlı infrastrukturu və separatçı idarəçiliyi aradan qaldırdı. Nəticə şəhidlərimizin canı, qazilərimizin fədakarlığı, xalqımızın iradəsi və Ordumuzun gücü və Müzəffər Ali Baş Komandanın dəmir yumruğu, ölçülü siyasi gedişləri hesabına əldə edildi”, - deyə o bildirib.
Əliməmməd Nuriyevin sözlərinə görə, sentyabrın 28-də yayılan sənəd separatçılığı bitirən səbəb deyildi:
“O, artıq baş vermiş məğlubiyyətin nəticəsi, məğlub edilmiş separatçı rejimin öz sonunu yazılı şəkildə etiraf etməsi idi.
Suverenlik kimdənsə alınan icazə deyil. Dövlətin öz ərazisi və orada fəaliyyət göstərən silahlı qüvvələr üzərində müstəsna hakimiyyətidir. Bu hakimiyyət bölünmür, qanunsuz silahlı qurumla paylaşılmır. Heç bir dövlət öz daxilində paralel orduya, paralel idarəçiliyə və silah gücünə qurulmuş separatçı rejimə dözməz.
Qarabağda yaradılmış qurum da mahiyyətinə görə silahlı separatçı xunta idi. Onun “dövlət” adlandırılması, ayrı-ayrı şəxslərin “prezident”, “nazir” və ya “deputat” titullarından istifadə etməsi mahiyyəti dəyişmirdi. Ortada qanundan kənar silahlı qüvvə, qanunsuz idarəçilik və Azərbaycanın suverenliyinə qarşı ərazi iddiası vardı.
Sentyabrın 28-də həmin qondarma rejimin sonuncu “rəhbəri”, özünü “Artsax Respublikasının prezidenti” adlandıran Samvel Şahramanyanın imzaladığı bildirilən sənəd yayıldı. Orada tabelikdə olan bütün “dövlət qurumlarının” 2024-cü il yanvarın 1-dək buraxılması və “Dağlıq Qarabağ Respublikası (Artsax)” adlandırılan qurumun mövcudluğuna son qoyması nəzərdə tutulurdu.
Bu, dövlətin ləğvi sənədi deyildi. Azərbaycan ərazisində ikinci dövlət heç vaxt olmayıb. Ləğv edilən silahla yaradılmış qanunsuz idarəçilik aparatı idi. Şahramanyanın “fərman” adlandırdığı mətn həmin aparatın məğlubiyyətini və özünü buraxdığını təsdiqləyən birtərəfli sənəd idi.
Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində olması münaqişənin heç bir mərhələsində hüquqi baxımdan dəyişməyib. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri region dövlətlərinin suverenliyinə və ərazi bütövlüyünə hörməti bir daha təsdiqləyib, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edib. BMT-nin heç bir üzv dövləti qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımayıb”.
O vurğulayıb ki, Ermənistan rəhbərliyinin öz bəyanatları da separatçı dairələrin istinad edə biləcəyi son siyasi bəhanəni aradan qaldırır:
“Baş nazir Nikol Paşinyan 2023-cü ilin mayında Ermənistanın Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazi bütövlüyünü tanıdığını, sonrakı açıqlamalarında isə Qarabağın da bu əraziyə daxil olduğunu bildirdi. Xarici işlər naziri Ararat Mirzoyan 8 may 2025-ci ildə parlamentdə Ermənistanın qondarma “Dağlıq Qarabağ Respublikası”nı heç vaxt tanımadığını etiraf etdi.
Qarabağı Azərbaycanın ərazisi kimi tanıyan Ermənistan özünün belə tanımadığı qondarma qurum üçün hüquqi davamlılıq iddiası irəli sürə bilməz. Bu bəyanatlardan sonra “status”, “mühacir hökuməti” və ya “dövlət təsisatlarının davamı” haqqında danışmaq hüquqi mövqe deyil, revanşizmdir.
28 sentyabr sənədinin giriş hissəsi separatçı rejimin necə çökdüyünü onun öz dili ilə göstərir. Orada “mürəkkəb hərbi-siyasi vəziyyət”dən, silahın yerə qoyulmasından, Rusiya sülhməramlı kontingenti komandanlığının vasitəçiliyindən və keçid məsələsindən danışılır.
Giriş hissəsində hüquqi-siyasi baxımdan ən mühüm etiraf silahın yerə qoyulmasıdır. İllərlə “dövlət” görüntüsü yaratmış rejim son sənədində öz silahlı dayağının sıradan çıxdığını təsdiqləyirdi. Həmin dayaq aradan qalxan kimi qondarma “dövlətçilik” də dağıldı. Çünki onun mövcudluğu hüquqa deyil, silahlı nəzarətə söykənirdi.
Azərbaycan Müdafiə Nazirliyinin 20 sentyabr 2023-cü il tarixli rəsmi məlumatında Qarabağda “Ermənistan silahlı qüvvələrinin birləşmələri” ilə “qeyri-qanuni erməni silahlı dəstələri” ayrı-ayrılıqda göstərilmişdi. İrəli sürülən şərtlər dəqiq idi: həmin silahlı strukturlar silahı yerə qoymalı, mövqelərdən çıxmalı və tam tərksilah edilməli; Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazisini tərk etməli, qeyri-qanuni dəstələr isə buraxılmalı idi.
Bu rəsmi təsnifat 28 sentyabr sənədində işlədilən “hərbi qulluqçular” ifadəsinin hüquqi əsassızlığını açır. Separatçı rejimin öz silahlı üzvlərinə “hərbi qulluqçu” deməsi onları qanuni hərbi qulluqçuya çevirmirdi. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində yerləşən birləşmələri də hər hansı yerli “ordu” sayıla bilməzdi. Hər iki halda söhbət Azərbaycan ərazisində qanunsuz hərbi mövcudluqdan gedirdi.
Sənədin girişindəki “razılaşma” sözü həmin qeyri-qanuni quruma tərəf statusu vermirdi. Söhbət Azərbaycanın irəli sürdüyü şərtlərin qəbulundan gedirdi: silah yerə qoyulmalı, Ermənistan ordusuna aid birləşmələr ərazidən çıxmalı, qanunsuz silahlı dəstələr buraxılmalı və hərbi vasitələr təhvil verilməli idi. Azərbaycan öz ərazisində suveren hakimiyyətini həyata keçirir, silahlı birləşmələr isə təslim və tərksilah şərtlərini qəbul edirdi”.
“Azərbaycanın atdığı addım onun suveren iradəsinin həyata keçirilməsi idi. Dövlət öz ərazisində konstitusiya quruluşunu təmin etməli, qanunsuz silahlı strukturları aradan qaldırmalı və hakimiyyətin paralel şəkildə mənimsənilməsinə son qoymalı idi. Sentyabrın 20-də məhz bu vəzifə yerinə yetirildi.
Prezident İlham Əliyev həmin hadisələrin hüquqi və siyasi mahiyyətini dəqiq ifadə edib: “Antiterror əməliyyatı beynəlxalq hüququn təntənəsidir, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir”. Bu qiymətləndirmə 28 sentyabr sənədinin tarixdəki yerini də müəyyənləşdirir: əvvəl Azərbaycanın Qələbəsi və suverenliyinin tam təmin olunması, sonra isə məğlub edilmiş separatçı rejimin öz sonunu etiraf etməsi.
Sənədin birinci bəndi separatçı rejimin institusional sonunu açıq şəkildə elan edirdi:
Tabelikdə olan bütün dövlət qurumları və təşkilatları 2024-cü il yanvarın 1-dək buraxılsın və “Dağlıq Qarabağ Respublikası (Artsax)” mövcudluğuna son qoysun.
Mətndə “dövlət qurumları” ifadəsinin işlədilməsi onları dövlət orqanlarına çevirmir. Söhbət separatçı idarəçiliyin yaratdığı qanunsuz strukturlardan gedirdi. Nəticə birmənalı idi: bütün idarəçilik aparatı buraxılır, qondarma qurumun mövcudluğuna son qoyulurdu.
Birinci bənd yalnız mövcud strukturların buraxılmasını deyil, separatçı layihənin bütövlükdə bağlanmasını nəzərdə tuturdu. Mətn gələcəkdə “mühacir hökuməti” yaratmaq, “parlament” saxlamaq və ya fəaliyyəti başqa ölkədə davam etdirmək üçün heç bir hüquqi əsas müəyyən etmirdi.
Sonradan Şahramanyanın əvvəlki sənədi etibarsız sayan başqa bir “fərman” imzaladığı barədə məlumat yayıldı. Azərbaycan ərazisində heç bir səlahiyyəti olmayan şəxsin İrəvanda imzaladığı növbəti kağız hüquqi vəziyyəti dəyişə bilməz. Ləğv edilmiş qanunsuz qurumun keçmiş “rəhbəri” özünə yeni səlahiyyət verə və Azərbaycan ərazisi üzərində yurisdiksiya yarada bilməz.
Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazisini tərk edib. Qeyri-qanuni silahlı dəstələr tərksilah olunub və buraxılıb. Separatçı idarəçilik fəaliyyətini dayandırıb. Azərbaycan dövlət orqanları bütün ərazidə konstitusiya səlahiyyətlərini həyata keçirir. İrəvanda imzalanmış heç bir mətn bu faktları geriyə çevirə bilməz.
İndi “qondarma respublikanın bərpası”, “mühacir hökuməti” və ya keçmiş “dövlət təsisatlarının” qorunması barədə danışmaq hüquqi mübahisə aparmaq deyil. Bu, Azərbaycanın ərazi bütövlüyünə qarşı başa çatmış separatçı layihəni başqa ad və başqa ünvanda yaşatmaq cəhdidir.
Ermənistan öz ərazisində belə revanşist təşkilatlanmaya imkan verməməlidir. Azərbaycan ərazisinə iddia edən qondarma “hökumət”, “parlament”, “nümayəndəlik” və digər paralel strukturların fəaliyyəti sülh prosesi ilə bir araya sığmır.
Bu, yalnız siyasi tələb deyil. Azərbaycan ərazisi üzərində hakimiyyət iddiası irəli sürən belə strukturlara siyasi və təşkilati himayə göstərmək, onların fəaliyyətini maliyyələşdirmək dövlətlərin suverenliyinə hörmət və daxili işlərə qarışmamaq prinsipləri ilə uzlaşmır. Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü tanımaq barədə rəsmi mövqeyi onun ərazisində görülən real tədbirlərlə də təsdiqlənməlidir.
20 sentyabr — Dövlət Suverenliyi Günü ərəfəsində bu həqiqət açıq deyilməlidir: Azərbaycan 2023-cü ildə öz ərazisində Ermənistanın hərbi iştirakı və qanunsuz silahlı dəstələr vasitəsilə yaradılmış separatçı rejimi ləğv edib, suveren iradəsini və konstitusiya hakimiyyətini bütün ölkə ərazisində təmin edib.
Bu nəticənin müəllifi Azərbaycan dövləti və Azərbaycan Ordusudur. 28 sentyabr sənədi isə yalnız Qələbədən sonra separatçı rejimin qarşısında başqa yol qalmadığını təsdiqləyir.
Həmin rejimin yenidən yaradılması üçün nə hüquqi əsas, nə siyasi imkan, nə də müzakirə predmeti var.
Bu məsələ birdəfəlik bağlanıb. Geri dönüş yoxdur.
Ermənistan Azərbaycanın səbrini sınağa çəkməyin təhlükəli məşğuliyyət olmasını unutmamalıdır”, - deyə o fikirlərini tamamlayıb.