Ermənistan sərhədlərin delimitasiyası komissiyasının reqlamentini təsdiqlədi

ermenistan-serhedlerin-delimitasiyasi-komissiyasinin-reqlamentini-tesdiqledi
Oxunma sayı: 1881

Ermənistan hökuməti bu gün keçirilən iclasda Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyaların iş reqlamentini təsdiqləyib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini və Ermənistan delimitasiyası komissiyasının rəhbəri Mqer Qriqoryan bildirib.

Onun sözlərinə görə, hazırkı sənəd texniki xarakter daşıyır və görüşlərin və işlərin təşkili proseduruna aiddir.

Qriqoryan Azərbaycanın da analoji qərarı verəcəyini bildirib.

“Növbəti mərhələdə biz başqa reqlament hazırlamalıyıq. O, prosesin metodologiyasını təqdim edəcək, “xəritə” və “hüquqi sənəd” anlayışlarını müəyyənləşdirəcək. Düşünürəm ki, metodologiyanı razılaşdırdıqdan sonra konkret sənədlər və topoqrafik xəritələr üzərində işləməyə davam edəcəyik. Bundan sonra tərəflər sənədləri bir-birinə təqdim etməyə, onları dəyərləndirməyə və fikir mübadiləsi aparmağa başlayacaqlar”, - deyə o əlavə edib.

Qriqoryanın sözlərinə görə, hazırkı sənəd hər iki ölkədə təsdiqləndikdən sonra tərəflər tərəfindən dərc olunacaq.

Ermənistan Baş naziri Nikol Paşinyan, öz növbəsində, sənədin dərcinin vacibliyini bəyan edərək cəmiyyət və ekspertlərin sərhədlərin delimitasiyası prosesinin necə baş verəcəyi ilə tanış olmaq imkanı əldə edəcəklərini deyib.

“Belə bir anlayış (bugünkü qərar sübutdur) var ki, (mümkün qədər) işi intensivləşdirmək və bu istiqamətdə irəliləyişə nail olmaq lazımdır. Təbii ki, elan edilmiş razılaşmalar çərçivəsində”, - Paşinyan qeyd edib.

Xatırladaq ki, cari ilin noyabrın 30-da Azərbaycanın Qazax rayonunun Ermənistanın İcevan rayonu ilə sərhədində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə iki ölkə arasında sərhədin delimitasiyası üzrə dövlət komissiyalarının beşinci iclası keçirilib.