Paytaxtın Xəzər rayonunda Sevinc Məhərrəmovanın həyat yoldaşı tərəfindən qətlə yetirilməsindən sonra sosial şəbəkələrdə müxtəlif iddialar paylaşılır. Tanışları qeyd edir ki, şiddətə məruz qalan zaman qadına sığınacaq təklif olunması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. Hələ mart ayında mərhumun döyülməsi ilə bağlı fotoları ictimaiyyətə çatdıran fəalların iddiasına görə, S. Məhərrəmova əslində sığınacağa yerləşdirilib, lakin 3 gün sonra sığınacaq onun ərinə zəng edərək arvadını aparmasını istəyib. Növbəti dəfə sığınacaqla əlaqə saxlayanda isə Sevincə “yer yoxdur” cavabı verilib.
“Qafqazinfo” xəbər verir ki, Daxili İşlər Nazirliyi sözügedən qətl ətrafında gedən müzakirələrlə bağlı növbəti açıqlamanı verib. DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyevin sözlərinə görə, məsələ ilə bağlı polis daha çox müzakirə obyektinə çevrilib:
“Ağır hadisədir, faciədir, bu hal baş verməməli idi. Qarşısının alınması üçün qətlə yetirilən qadının “ailəmdən ayrıla bilmərəm, övladlarımdan ayrı yaşaya bilmərəm” kimi israrlı istəkləri, ona təklif olunan sığınacaqdan imtinası ilə bağlı daha təsirli tədbirlər görülə bilərdi. Etiraf edək ki, onu xilas etmək üçün bütün imkanlar tam səfərbər edilmədi, daha çox ailənin, qadının, onun yaxınlarının istəkləri nəzərə alınmaqla tədbirlər hüquq çərçivəsində həyata keçirilib.
Fotoda: Qətldə təqsirləndirilən şəxs Füzuli Qarayev
Cari ilin mart ayında zorakılığa məruz qalan qadının şikayəti əsasında başlayan cinayət işi üzrə zəruri olan bütün tədbirlər qanunvericiliyə uyğun olaraq təmin edilməsinə baxmayaraq, məhkəmə baxışı zamanı tərəflərin barışığı nəzərə alındı. İlk günlər ailədaxili münasibətlərin normallaşması müşahidə edilirdi. Təəssüf ki, sonradan baş verənlər – tərəflərin barışığı, valideynlərin bir-birinə güzəştsiz münasibəti ağır nəticələrə yol açdı. Bu o həqiqətin göstəricisidir ki, bu barışıqlar həmişə xoşbəxtliklə nəticələnmir.
Hadisənin təfərrüatları tərəfimizdən ətraflı təhlil olunaraq, ailə-məişət zəminində daxil olan bütün müraciətlərə daha diqqətli, daha məsuliyyətli yanaşılması üçün tərəflərin razılığı, yaxud barışığı olsa belə həmin şəxslər profilaktik qeydiyyata alınmaqla, nəzarət profilaktik işin effektiv təşkili və gücləndirilməsi üçün tədbirlər görülür”.
Xatırladaq ki, DİN ötən gün də hadisə ilə bağlı açıqlama yayaraq S.Məhərrəmova ilə bağlı polis tərəfindən qanunvericiliyə uyğun olaraq bütün zəruri istintaq hərəkətlərinin yerinə yetirildiyini bildirmişdi.
Qeyd edək ki, hələ mart ayında S. Məhərrəmovanın əri Füzuli Qarayev tərəfindən işgəncələrə məruz qalması ilə bağlı sosial şəbəkədə məlumat yayılmışdı. Onun illərdir əri tərəfindən döyüldüyü, evdən gedəcəyi təqdirdə uşaqlarının öldürüləcəyi ilə təhdid olunduğu bildirilirdi. Ötən gün isə o, əri Füzuli Qarayev tərəfindən öldürülüb.