“Fənərbaxça”da nə baş verir? - İsmail Kartal qalmaqalı

fenerbaxcada-ne-bas-verir
Oxunma sayı: 671

“Fənərbaxça” klubu rəsmi bəyanat yayaraq baş məşqçi İsmail Kartalın vəzifəsinin başında olduğunu açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, İstanbul təmsilçisi rəsmi sosial şəbəkə hesablarında ictimaiyyətə müraciət edərək şayiələrə son qoyub:

“Baş məşqçimiz cənab İsmail Kartal vəzifəsinin başındadır. Komandamız sabah saat 11:30-da baş məşqçimiz İsmail Kartalın rəhbərliyi altında keçiriləcək məşqlə “Gaziantep FK” matçının hazırlıqlarını davam etdirəcək. İctimaiyyətin nəzərinə çatdırırıq”.

Xatırladaq ki, UEFA Çempionlar Liqasında “Roma” ilə 1:1 hesablı heç-heçədən dərhal sonra İsmail Kartal mətbuat konfransında bir daha geri dönməmək şərtilə istefa verdiyini bəyan etmişdi. Lakin klub prezidenti Əziz Yıldırım mətbuata açıqlamasında istefanı qəbul etmədiyini və onun işinə davam edəcəyini bildirmişdi.

Gün ərzində yayılan xəbərlərdə isə futbol direktoru Oğuz Çetin və rəhbərlik nümayəndəsi Cihan Kamerin təcrübəli mütəxəssisi fikrindən daşındırmaq üçün onun evinə getdikləri, lakin gərgin keçən görüşdən nəticə çıxmadığı və Kartalın ayrılmaqda qətiyyətli olduğu iddia edilirdi.