Sosial media nəhəngi “Meta” ABŞ-nin 29 ştatının iştirakı ilə açılan məhkəmə işində razılaşmaya gedib.
“Qafqazinfo” xəbər verir ki, şirkətin 17 milyard dollara qədər təzminat ödəyəcəyi və feysbuk və instaqramda gənc istifadəçilərin təhlükəsizliyini artırmaq üçün yeni məhdudiyyətlər tətbiq edəcəyi bildirilir.
Məhkəmə sənədlərində əksini tapan razılaşmaya əsasən, “Meta” uşaqlar və yeniyetmələrin platformalardan istifadəsini məhdudlaşdıran bir sıra tədbirlər həyata keçirəcək.
Razılaşma çərçivəsində “Meta”nın yaxın aylarda gənc istifadəçilər üçün gündəlik istifadə limitləri və gecə saatlarında giriş məhdudiyyətləri tətbiq etməsi nəzərdə tutulur. Məktəb saatlarında isə onların diqqətini yayındıra biləcək bildirişlərin dayandırılması planlaşdırılır.
Bundan başqa, gənclərin bədən görünüşünə mənfi təsir göstərə biləcəyi iddia edilən kosmetik cərrahiyyə filtrlərinin qadağan olunacağı bildirilir.
İş üzrə razılaşma Kaliforniya və digər ştatların “Meta”ya qarşı irəli sürdüyü iddialardan sonra əldə olunub. Şirkət uşaqları platformalarda daha uzun müddət saxlamaq üçün asılılıq yaradan mexanizmlərdən istifadə etməkdə və 13 yaşdan kiçik uşaqların məlumatlarını valideyn razılığı olmadan toplamaqda ittiham edilirdi.
“Meta” isə razılaşma çərçivəsində şirkətə qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirib. Şirkət daha əvvəl təhlükəsizlik tədbirlərini davamlı şəkildə gücləndirdiyini və ştatların tələb etdiyi kompensasiyanın həddindən artıq olduğunu müdafiə edib.
Son xəbərlər
Son Xəbərlər